adalet.az header logo
  • Bakı -°C
26 Fevral 2026 11:18
98
GÜNDƏM
A- A+

Xalq Tolik istəyib, yoxsa xalqa o Tolik "itələnib"? - Səxavət Məmməd yazır

Azərbaycan elə bir ölkədir ki, burada təvazökar yox, "təcavüzkar" (hücumçu) olmalısan. "Ayıbdır, adam etdiyi işi gözə soxmaz" deyəndə, adamın başından basırlar; fürsəti olan başına-başına döyür. Səsini də çıxara bilmirsən. Bir deyim var: "Yaxşılıq et, at dənizə, balıq bilməsə də, Xaliq bilər". Bu, mənə görə təvazökarlığın son nöqtəsidir. Ancaq bu cəmiyyətdə təvazökarlıq işə yaramır. Gərək "təcavüzkar" olasan, hər gün (özünü) beyninə yeridəsən, hər gün başlarına döyəcləyəsən.

Bu ölkədə Qarabağdan yazan, Qarabağdan danışan nə qədər adam olub? İndi özünə "bloger" deyən ağzını açanda deyir ki, "informasiya savaşı aparmışam". Yalançının atasına lənət! Kimi dindirirsən, ağzını açan kimi dövlətdən danışır, dövlətçilikdən dəm vurur. Dünyanın heç bir yerində dövləti bu formada urvatsız hala salıb, saqqız edib çeynəmirlər. Dövlətin mahiyyətini nə nəzəri, nə də fəlsəfi baxımdan qanmayanlar, əlinə "dövlət qamçısı" alıb ortalığa düşüb. Dövlət yaradan deyil; dövlət idarə edəndir, xidmət edəndir. Dövlət — insan cəmiyyətinin siyasi təşkilat formasıdır. Vətəndaş varsa, dövlət var.

Böyük dövlətləri qoyaq bir kənara, qonşumuzda iki kiçik dövlət var: Ermənistan və Gürcüstan. Baxaq onlara. Onlar çox siyasiləşmiş cəmiyyətdir, yoxsa sən? Əslində, cəmiyyətlərin mahiyyətini həm də onların kriminal davranışları müəyyən edir. Azərbaycanda baş verən cinayətlərin 95 faizi ailə-məişət zəminində baş verir. Yəni, sən məişət cəmiyyətisən. Bu əsrin 26 ilini kənara qoyuram; ötən əsrdə bir dəfə dövlət qurmusan, bir dəfə də bərpa etmisən. Ötən əsrin əvvəlində də ağır müharibələr keçmisən, sonunda da. Ancaq zərrə qədər siyasiləşməmisən. Ona görə də nə erməni, nə də gürcü "dövlətimə qurban olum" demir. Ancaq sənin ağzı söz, əli qələm tutanın "dövlətimə qurban olum" deyir. Çünki məişətdən çıxa bilmirsən. Siyasiləşmiş cəmiyyətlərdə bu qədər yaltaq, bu qədər ikiüzlü, bu qədər şüvən olmur, ola bilməz.

Cümhuriyyətlə bağlı çoxlu sayda kitablar, məqalələr oxumuşam. Açığı, son zamanlar bu mövzuda heç nə oxumaq istəmirəm, hətta artıq itici gəlir. Səbəb? Qardaşım, Cümhuriyyəti öydük, təriflədik, dağlara qaldırdıq, müsbət nə varsa danışdıq — çox gözəl, çox pakizə. Artıq mən o Cümhuriyyətin dağılma səbəblərini oxumaq istəyirəm. Niyə? Nə baş verdi? Azərbaycan xalqının hamısının o Cümhuriyyətdən xəbəri var idi? Dağılmasında hansı kənar təsirlər oldu? Hansı islahatlar aparılmalı idi, aparılmadı? Bir neçə tarixçi deyir ki, elə şeylər var, onları demək doğru deyil; onunla qardaşıq, bununla cici-bacıyıq. Bu gün sən onu təhlil etməsən, sabah burada eyni proseslərin baş verməyəcəyinə qarantiya verə bilərsən? Başın üçün deyil o qarantiyanı vermək! Niyə bunu yazdım? Çünki region da dəyişməyib, proseslər də.

Özünü "adam" hiss edənlərin hansına baxırsan, xalqı aşağılayır, təhqir edir, günahlandırır. Guya bu, atomu parçalayıb, Appalaç dağlarını yaradıb, amma xalq bunu başa düşmür. Xalq başqa nə etməlidir? Şou-biznes verirsən — onu yeyir, fahişəyə ailə dəyərlərindən danışdırırsan — ona qulaq asır, klaviaturanı maraqların üçün tıqqıldadırsan — onu oxuyur, müharibəyə "baş üstə" deyir, sülhə "eyvallah". Xalqlar həm də plastilindir; hansı formaya salsan, o formaya da düşəcək.

İllər öncə iki serb və iki albanın arasında dayanmışdıq, söhbət edirdik. Alban jurnalist mənə dedi ki: "Bir neçə il əvvəl sən bizim aramızda dayana bilməzdin, ancaq polis dayana bilərdi". "İndi niyə bir-birinizi didmirsiniz?" soruşanda cavabı belə oldu: "Dövlətlər artıq yaxınlaşır, xalqlar da yumşalmağa başlayıb".

Uzun illərdir deyilir ki, bu telekanallar cəmiyyəti məhv edir, olan-qalan abrını da aparır. Bu gün məlum olur ki, əslində elə imiş. Baxıram, yazırlar ki, Tolikin, Elgizin verilişi bağlanır, Xoşqədəmin və Zaurların da verilişləri bağlanmalıdır. Hamısı bağlansın — bəs düzələcək? Bununla iş bitir? Yadıma gəlir, bir jurnalist həmkarımız Tolikdən yazı yazmışdı. Bir məmur o jurnalistə zəng edib nə demişdisə, yazıq az qala sarılıq olacaqdı. Xalq Tolik istəyib, yoxsa xalqa o Tolik "itələnib"?

Deyirlər, ara müğənnilərini efirə çıxarmaq olmaz. Taksidə, marşrutda, küçədə, internetdə azərbaycanlıların ən çox qulaq asdığı mahnılara baxırsan, hamısı o "ara müğənniləri" dediklərinizdir. Bunu kim edib? Dəqiq mən etməmişəm. Nə Azərbaycan mahnılarına qulaq asıram, nə klipinə, nə də serialına baxıram. Eminem olan yerdə sənin repinə, meyxanana qulaq asacam? Hans Zimmer olan yerdə sənin musiqini dinləyəcəm? Bu ölkədə ancaq kəmiyyətə fikir verilirsə, kəmiyyətlə öyünülürsə, keyfiyyəti necə ön plana çıxaracaqsan? Keyfiyyətə önəm verən onu haradan olsa tapacaq.

Bir də baxırsan, Azərbaycan mətbuatına söyüşü, təhqiri gətirən adam çıxıb camaata ağıl öyrədir. Biri də çıxıb demir ki, "bu zibili yaradan elə sən olmusan da, nə artistlik edirsən?". Vaxt var idi, bu ölkədə alimin, şairin, jurnalistin, müəllimin hörməti, çəkisi vardı; adamlar avtoritet idi. İsa Həbibbəylidən avtoritet olar? Yoxsa bu diplomunda "alim" yazılanlardan? Onların hərəsi bir cür xərcləndi. İndi şairinə, yazıçısına, aliminə baxanda adamın gözü ağrayır. Akademiyada alimləri yığıb iclas ediblər, adamların yatılı şəkilləri sosial şəbəkələri bəzəyir. Nə gözləyirdiniz? Akademiyadakı alimə öz sahəsindən sual versən, fikrə gedəcək, amma sosiskanın piltə üstündə qaynama, "tuşonka"nın hazır olma dəqiqəsini sənə düşünmədən deyəcək. "Azərbaycanda alim yoxdur" demirəm, çox dəyərli alimlərimiz var. Ancaq onlar üçün şərait var? Təkcə elm yox, bütün sahələrdən nəticə almaq istəyirsənsə, böyük pullar yatırmalısan. Azərbaycan elmi bu vəziyyətdə sənə heç nə verə bilməz.

Azərbaycanın informasiya məkanının vəziyyəti necədir? Ermənistanın, Gürcüstanın informasiya məkanına "Lora" atırsan, 60-lıq minaatan mərmisi effekti verir. Azərbaycana kənardan 60-lıq mərmi atırlar, elə bil atom bombası partlayır. Rusiya və İranı hələ demirəm. Putinə "itin sözünü" deyirsən, Xamneiyə "aftafa" deyirsən, özün də gülürsən. Azərbaycanda bir jurnalistin, bir ekspertin yazdığına hansısa bir erməni reaksiya verəndə, həmin şəxsin özü bunu xəbər edir, a kişi! Ölüb yerə girilməli vəziyyətlə öyünən adamlar durub informasiya müharibəsindən dəm vururlar. Sənin saytların, TV-lərin müharibədən əvvəl də, sonra da erməni ekspertlərinin dediklərini xəbər edir, onu mövzuya çevirir. Səbəb bilirsiniz nədir? Səndə tənqid yoxdur. Erməni də bilir ki, sən yaranmaq, yaltaqlanmaq üçün yazırsan; rus da, iranlı da, gürcü də bunu görür. Belə olan halda sənə ciddi reaksiya verərlər?

Öz başımı da ağrıtdım, sizin də. Boş verin bunları, əsas odur ki, sulu yeməyinizə fikir verin.