adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Avqust 2022 11:49
723
GÜNDƏM

Ukrayna Qarabağ qazisini niyə həbsdə saxlayır - Azərbaycana “təşəkkürmü”...

"Qazimizin azadlığa çıxması üçün bütün hüquqi imkanlar səfərbər olunub"

Ukraynada həbsdə olan Qarabağ qazisi Misir Qasımlı öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətdən dəstək istəyir. 1 ildir ki, həbsxanada saxlanan M.Qasımlı iddia edir ki, onu erməni millətindən olan İspaniya vətəndaşı şərləyib. Onun məhkəmə prosesindən yayılan videolar sosial mediada trend olmaqda, özü isə geniş rəğbət qazanmaqdadır.

Adalet.az"Yeni Müsavat"a istinadən bildirir ki, Misir Qasımlı həbsi barədə açıqlamada bunları da deyib:  "Həmin şəxs (Qasımlıdan şikayət edən İspaniya vətəndaşı - red.) məni guya onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar.

Mən Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam elədim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir ispan vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Oradan çıxıb başqa yerə getdik. Yolda aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif elədi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum".

Misir Qasımlının Vətən müharibəsində Qarabağda döyüşməsinə dair də çoxsaylı videokadrlar mövcuddur.

Bəs belədirsə, uğrunda azərbaycanlıların da şəhid olduğu Ukrayna niyə bizim qazini haqsız yerə məhkəmədə saxlayır?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hər kəsi həmyerlimizi müdafiə etməyə çağırdı: "Bir azərbaycanlı balası az qala Ukraynada bir nömrəli cinayətkardır. O Ukraynada ki, şərqi dağılır, qərbində isə yerlərdən aldığımız məlumatlara görə, vəziyyət elə "güldür". İndi bizim qazimizin məsələsində Zelenskini tənqid edənlərə müxtəlif "artilleriya silahları və aviasiya ilə hücum edən" bəzi fəallar niyə susub? Çünki Misir Qasımlı videosunda deyir ki, biz türk müsəlmanlar həmişə qalibik. Ola bilər onu gətirdiyi tək bir "Allahu əkbər!" sözü kiməsə toxunur. Ola da bilər ki, lap Misir Qasımlı o ispan-ərəbi söyüb. Guya bu məsələni sakitcə həll etmək olmazdımı? Ona dəyən ziyanın ödənilməsi üçün məncə, bizimkilər hərəkətə keçərdi. Ancaq nə edildi? Adamı bizə "təşəkkür" əlaməti olaraq zindanda saxlamağa davam etdilər. Ümumiyyətlə, görünən odur ki, Ukrayna dövlətində minnətdarlıq belə ifadə edilir".

Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev məsələnin hüquqi tərəfini belə izah etdi: "Əlbəttə, bir vətəndaşımızın, xüsusilə Qarabağ qazisinin başqa ölkədə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması o qədər də ürəkaçan deyil. Əgər doğrudan da o şərlənərək həbs olunubsa, verilən cəzadan narazıdırsa, bunlar sözlə, videomüraciətlə həll oluna bilməz. Həmin şəxs vəkillə təmin olunmalıdır (əgər dövlət səviyyəsində həmin şəxsin şərlənməsi barədə məlumat varsa, dövlət təmənnasız olaraq vətəndaşını müdafiə etməli və ona hüquqi yardım göstərməlidir). Əgər doğrudan da vətəndaşımızın əməlində cinayət tərkibi varsa, Ukrayna ilə ölkəmiz arasındakı qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə əsasən, o, Azərbaycana ekstradisiya oluna bilər və cəzasının qalan hissəsini Azərbaycanda çəkə bilər. Məsələ burasındadır ki, biz kənardan ona hüquqi qiymət verə bilmərik. Bəlkə doğrudan da əməlində cinayət tərkibi var, bəlkə də heç yoxdur, bu bir sifarişdir. Ancaq prosesə daxil olaraq dəqiqləşmələr aparmaq olar. Həmin şəxsin məhkəməyə gəlməməsi, sübutların olmaması şübhəlidir. Bu səbəbdən də mütləq həmin şəxs hüquqi yardımla təmin olunmalıdır. Yaxşı olar ki, bu məsələ üzrə Ukraynadakı Azərbaycan səfirliyi hərəkətə keçsin. Burada Rusiya-Ukrayna savaşının başlanmasının da həmyerlimizin işinin kölgədə qalmasına səbəb olduğunu söyləyə bilərik. Hazırda Ukrayna ölüm-dirim savaşı aparır. Hətta elə ola bilər ki, vuruşmaq üçün həbsxanalarındakı məhbuslarını da azad etsin. Azərbaycandakı qazilərimiz Misirin işi ilə bağlı müvafiq təşkilatlara müraciətlər etsələr, çox yaxşı olardı. Bu istiqamətdə görülən istənilən fəaliyyətin müəyyən müsbət təsirləri mütləq olacaq".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məsələnin ciddi şəkildə araşdırılmasına böyük ehtiyac görür: "Bir il böyük vaxtdır. Bu vaxt ərzində Ukrayna hakimiyyəti, hüquq-mühafizə orqanları öz mövqeyini ortalığa qoymalı idi. Azərbaycanın səfirliyi, diasporu tərəfindən məsələyə aydınlıq gətirilməlidir. Həmin şəxsin Qarabağda vuruşması barədə kadrlar var, onun işinə xüsusi yanaşma olmalıdır. Ola bilsin ki, müharibə vaxtıdır, çox şeyə diqqət yetirə bilmirlər. Amma biz qazimizi müdafiə etməliyik. Azərbaycan və Ukrayna səfirlərinin görüşməsi məqsədəuyğun olardı. Dövlət səviyyəsində Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilməlidir ki, bu şəxs qazimizdir, işinə laqeyd yanaşmaq olmaz. Oradakı hərbi əməliyyatlarda azərbaycanlılar da iştirak edirlər. Həyatını itirənlər də var. Diaspor təşkilatlarımız əhaliyə ərzaq paylayırlar. Bütün bunun qarşılığında Ukrayna tərəfindən həmyerlimizə qarşı bu cür yanaşma yolverilməzdir".

Bu məsələyə Ukraynada yaşayan soydaşlarımızın münasibəti necədir? Onlar Misirlə maraqlanırlarmı? Onun iddialarına hansı münasibət bəsləyirlər?

Bu suallarla orada yaşayanlara müraciət etdik.

Bu məsələni ilk dəfə gündəmə gətirən, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ümidli danışdı: "Bu həbslə bağlı yazı da yazdım. Çəkilişimiz də olmuşdu. Qohumları, vəkili ilə danışdım. Özü ilə bir neçə dəfə görüşmüşəm. Azərbaycanlı qazinin haqsız yerə həbsdə olması bir azərbaycanlı kimi məni də üzür. Məsələ ictimailəşəndən sonra diqqət mərkəzinə düşdü. Soydaşlarımız da çox yaxından maraqlanırlar. Məsələ çox ciddidir. Misirə diqqət məsələ gündəmə gələndən sonra daha da artıb. Bütün məhkəmələrdə aktiv insanlar, səfirlik nümayəndələri, diaspora təmsilçiləri iştirak edirlər. Tək-tək adlar çəkmirəm, amma sağ olsunlar, məhkəməyə diqqət ayıranlar çoxdur. Məhkəməyə ciddi təzyiq var. Əsas problem yaradan prokurorluq orqanlarıdır. Ciddi şəkildə işin həll olunmasına maneələr yaradırlar. Vəkillə görüşümdə o dedi ki, mənə ciddi təzyiqlər var. Təsəvvür edin ki, dörd vəkil dəyişib. Ümid edirik ki, yaxın günlərdə dostumuz, qazimiz azadlığa çıxacaq. Deməzdim ki, Ukrayna hökumətinin burada nəsə bir marağı var. Çünki burada hər kəsin başı müharibəyə qarışıb".

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov məsələnin diqqətdə saxlanıldığını bildirdi: "Avqustun 3-də Kiyev Apelyasiya Məhkəməsində 2-ci Qarabağ müharibəsi qazisi Misir Qasımlının ötən ayın 13-də Obuxov məhkəməsinin qərarından verilən (təqsirləndirilən şəxsin həbs müddətinin iki ay artırılması) apelyasiya şikayətinə baxıldı. Həmyerlimiz soyğunçuluq və xuliqanlıqda ittiham olunur.

Məhkəmə prosesində diaspor nümayəndələri və ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları - Sabir Rzayev və Samir Allahverdiyev iştirak edib, prosesi diqqətdə saxlayıblar. Vəkili Anatoliy Volkov məhkəməyə Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi və idarə heyətinin üzvü Hikmət Cavadovun qazimizin zaminə götürülməsi ilə bağlı vəsatətlərini təqdim edib.

Kiyev Apelyasiya Məhkəməsi Obuxov məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qazimizin işi diasporumuzun diqqət mərkəzindədir və sentyabr ayında baş tutacaq növbəti məhkəmə prosesinədək qazimizin azadlığa çıxması üçün bütün hüquqi imkanlar səfərbər olunub".