adalet.az header logo
  • Bakı -°C
18 Fevral 2026 12:10
76
İDMAN
A- A+

UEFA “Benfika” - “Real Madrid” oyunundakı insidentlə bağlı araşdırmalara başladı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyanın “Benfika” və İspaniyanın “Real Madrid” komandaları arasında keçirilən ilk oyunda baş vermiş insidentlə bağlı intizam işi açıb.

Adalet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma zamanı Madrid təmsilçisinin futbolçusu Vinisius Juniorun ünvanına səsləndirildiyi iddia olunan irqçi ifadələrlə bağlı məsələnin araşdırılmasına başlanılıb.

İddiaya görə, UEFA insidentdə adı hallanan bütün tərəfləri dindirməyi planlaşdırır. O cümlədən, matç başa çatdıqdan sonra Lissabon klubunun yarımmüdafiəçisi Canluka Prestyanninin irqçi ifadələr işlətdiyini açıqlayan Kilian Mbappenin də izahatı alınacaq. Bildirilir ki, iddialar təsdiqini tapmayacağı halda hər hansı sanksiya tətbiq olunmayacaq.

Xatırladaq ki, Lissabonda keçirilən görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Vinisius Junior vurub. Qarşılaşmanın ikinci hissəsində braziliyalı futbolçunun baş hakim Fransua Leteksyeyə müraciətindən sonra oyun təxminən doqquz dəqiqə dayandırılıb. Komandalar arasında cavab görüşü fevralın 25-də Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.