24 Noyabr 2023 13:56
1082
GÜNDƏM

Türkiyənin vurduğu Su-24 təyyarəsi  və Rusiyanın 5 il sonrakı  QİSAS PLANI 

Araşdırmağa,  məğaləyə girişə  başlamamışdan əvvəl oxucularıma bildirim ki, tarix boyu heç vaxt Rusiya ilə Türkiyə arasındakı münasibətlər son 2 ildəki qədər ilıq olmayıb. Rusiya dövlət olalı hər zaman Türkiyəni özünə rəqib gördü və ən çox da savaşlara Türkiyə ilə girdi.


Tarixçilər yazır ki, 16-cı əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər Osmanlı və Rusiya imperiyaları arasındakı əlaqələr kifayət qədər gərgin olmuş və tərəflər arasında bir neçə dəfə müharibə baş vermişdir. Buna baxmayaraq, 1920-ci illərin əvvəllərində Türkiyə İstiqlaliyyət müharibəsi ərzində bolşevik rus hökumətinin türk inqilabçılarına dəstək verməsi nəticəsində rəsmi Moskva və Ankara arasındakı münasibətlər yaxşılaşmışdır, lakin İkinci dünya müharibəsinin başa çatması ilə birlikdə Sovet hökuməti Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmüşdür.

Tərəflər arasındakı münasibətlərin ən aşağı səviyyədə olduğu Soyuq müharibə dövründə Türkiyə 1952-ci ildə NATO-ya üzv olmuş və Varşava Müqaviləsi Təşkilatına qarşı mövqe nümayiş etdirmişdir.1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Türkiyə və Rusiya arasındakı münasibətlər əhəmiyyətli şəkildə inkişaf etməyə başlamış və bu iki ölkə bir-birinin ən böyük ticari tərəfdaşı halına gəlmişdir. Bir çox türk şirkətinin Rusiya ərazisində fəaliyyətə başlaması ilə birlikdə Rusiya da Türkiyənin ən böyük enerji təchizatçısına çevrilmişdir. 1990-cı illərdə Türkiyə rusiyalı turistlər üçün əsas istirahət məkanı olmuşdur.
Ta ki,  2015-ci ilə qədər....

 

Su-24 -  F-16 qarşıdurması, yaxud, Rusiyanın boynuna almadığı təcavüz



24 noyabr 2015-ci ildə Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması yaxın tarixin ən böyük böhranı kimi qiymətləndirildi. (namərdlik-red. Ə.R.) Türkiyə rəsmiləri bildirdi ki, Türkiyə Silahlı Qüvvələri Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.



Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb. (Türkə nifrətin göstərisi- Ə.R)

2015-ci ilin dekabr ayında Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov iki ölkə arasında münasibətlərin normallaşması üçün Rusiyanın iki şərti olduğunu açıqlayıb: Türkiyənin belə hadisənin təkrarlanmayacağına dair təminat verməsi və dəyən ziyana görə Rusiyaya təzminat ödəməsi. (hikkəli Rusiya - Ə.R)

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Rusiyanın bir daha belə bir böhran yaşanmayacağına dair təminat verilməsi tələbinə cavab olaraq deyib ki, bundan sonra dövlət sərhədi pozulmasa, problem yaranmayacaq: "Türkiyənin təzminat ödəməsi isə heç bir şəkildə mümkün deyil". (İlahi Ədalətə güvənən qərar- Ə.R)

 

Hadisəyə müxtəlif tərəflərdən baxış

 

Rusiya prezidenti Vladimir Putin: ""Su-24" təyyarəsinin vurulması arxadan vurulan zərbə idi. Bu zərbə Rusiyaya terrorçuların əlbirləri ilə vurulub. Baş verənləri mən başqa cür dəyərləndirə bilmərəm". (Əslində Putin bu açıqlama ilə "onsuzda bunun qisasını alacağam" mesajını verdi - Ə.R)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan:"Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq" . ( Münasibətlərin pozulmasını istəməyən "yumuşaqlıq"- Ə.R)

Rusiya Baş naziri Dmitri Medvedyev:"Rusiya təyyarəsini vuran Türkiyə iqtidarının törətdiyi cinayət 3 nəticəyə gətirib çıxardı. İlk olaraq bu hadisə sərhədlərin qorunması daxil heç bir milli maraqla izah olunmayacaq şəkildə Rusiya-NATO əlaqələrində təhlükəli bir vəziyyətə yol açdı. İkincisi, Türkiyə bu addımı ilə İŞİD terrorçularını qorumaq istədiyini göstərdi. Üçüncüsü isə Rusiya ilə Türkiyə arasındakı iqtisadi-siyasi, yaxın qonşuluq əlaqələrinə ziyan dəydi. Bu ziyanı kompensasiya etmək çətin olacaq. Bu addımın mühüm layihələrin ləğv edilməsi və Türkiyə şirkətlərinin Rusiya bazarındakı mövqelərini itirməsi kimi birbaşa nəticələri ola bilər".(Araqarışdırıcı - Ə.R)

 Türkiyə Baş naziri Əhməd Davudoğlu:" Hava məkanımıza girən qırıcı bütün xəbərdarlığa baxmayaraq, sərhədlərimizi pozmağa davam etdi. Keçirdiyimiz toplantıda nə edəcəyimizlə bağlı qərar Türkiyə Silahlı Qüvvələrinə mənim tərəfimdən verilib. Vurulan qırıcının Rusiyaya məxsus olmasını rəsmi Moskvanın açıqlamasından sonra öyrəndik. Su-24 Türkiyə sərhədlərini pozduğu üçün vurulub. Bu hadisənin baş verməsini heç arzulamırdıq. Hadisədən sonra lazım olan bütün diplomatik addımları atmışıq. Pozulan sərhədlər eyni zamanda NATO-nun hava məkanıdır. Rusiya rəsmilərinə hadisənin detalları barədə məlumat vermişik. Bizim Rusiya ilə siyasi-iqtisadi əlaqələrimiz olduqca güclüdür. Rusiya ilə vəziyyəti gərginləşdirmək istəmirik. Rusiya bizim dostumuzdur". (Barışdırıcı - Ə.R.)

Rusiyanın dostu Qazaxıstan prezidenti Nursultan Nazarbayev:"Rusiya ilə Türkiyə arasında baş verənlərdən çox məyus oldum. Hələlik baş verən hadisənin incəlikləri bizə aydın deyil. Ancaq fakt budur ki, Rusiya təyyarəsi Türkiyəyə hücum etməyib, Türkiyə sərhəddini keçməyib, terrorçularla savaşmağa gedib. Nə qədər çətin olsada, hesab edirəm ki, birgə komissiya yaradılmalı, araşdırma aparılıb tez başa çatdırılmalı, günahkarlar müəyyənləşdirilməli, səhvlər etiraf olunmalı və münasibətlər bərpa edilməlidir. Mən dostlarımızı-Rusiya və Türkiyəni buna çağırıram". ( Manqurt- Ə.R)

 

Türkiyənin  tərəfdaşı ABŞ prezidenti Barak Obama:"Biz hadisənin təfərrüatları ilə bağlı məlumatları almaqda davam edirik. Türkiyə, hər bir ölkə kimi, öz sərhədlərini və hava məkanını qorumaq hüququna malikdir. Hesab edirəm ki, yaxın vaxtda Türkiyə və Rusiya arasında dialoq olmalıdır". ( Ədalətli- Ə.R)

 

Guya tərəfsiz və neytral düşüncəli olan İran prezidenti Həsən Ruhani: "Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin, bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır".

Nəticələr

 Hadisədən tam bir keçdikdən sonra Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayın aşıqlaması Türkiyəni şok etdi:"Təyyarəni vurmaq qərarı havada verilib. Bu cür qərarı pilot, gücdən istifadə etmək qaydalarını rəhbər tutaraq, özü verir. Lakin o, hava məkanını qısa müddətlik pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilərdi".
Bununla belə o, ölkənin hava məkanının pozulmasını və bu cür halların təkrarlanmasının yolverilməz olduğunu deyib: "Bizim gücdən istifadə qaydalarımızı şübhə altına qoymamaq üçün ölkə rəhbərliyi pilotun hərəkətlərini dəstəkləyib".

Qeyd edək ki, bundan əvvəl Türkiyədə Rusiyaya məxsus "Su-24" təyyarəsini vuran pilotların saxlanıldığı bildirildi. Onların hərbi çevrilişə cəhdlə əlaqəli olduqlarıirəli sürüldü. Türkiyə Prezidentinin məqsədi  əslində bu gedişlərlə Rusiyanın qisasçılıq hissini minimuma endirmək   cəhdi idi.

 Putinin 5 illik planı və fürsəti: Qisas günü

 28 fevral 2020-ci ildə İdlibdə Rusiya qırıcıları Türkiyənin mövqelərinə zərbələr endirdi. Türkiyə Silahlı Qüvvələrinin hərbi konvoyuna edilən hava hücumu nəticəsin 34 türk əsgəri şəhid oldu. Hücumdan dərhal sonra diqqətlər Rusiyaya yönəldi. Rusiya tərəfi isə hücum haqqında ilk açıqlamasında "Türkiyə əsgərləri Əsəd rejimi qırıcıları tərəfindən vuruldu” dedi. Prezident R.T.Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər etdi. Rusiyanın dövlət telekanalı “Rossiya-1” Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yaydı.



Telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərdi. Məlum oldu ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul etdi. Ərdoğan da böyük siyasətçidir və 2022-ci ilin  20 iyulunda Rusiya Prezidentini Tehranda ikitərəfli danışıqlara başlamazdan əvvəl 3 dəqiqə göslətdi. 

 Əntiqə Rəşidə