02 May 2025 15:37
156
DÜNYA

Türkiyənin Orta Doğu Stratejisi: Suriya və İran ilə Yeni Dövr

Yaxın Şərq bəsit coğrafi ərazi deyil; sivilizasiyaların yarandığı, yazının kəşf edildiyi və səmavi dinlərin yarandığı mədəni və tarixi bir hövzədir. Tarix boyu strateji əhəmiyyətinə görə dünya siyasətində mərkəzi mövqe tutmaqdadır. Yaxın Şərq dünyanın enerji ehtiyatlarının böyük bir hissəsinə sahib olduğu üçün iqtisadi cəhətdən strateji bir bölgə kimi seçilir. Neft və təbii qaz ehtiyatlarının sıxlığı bu regionu qlobal güc mübarizəsinin mərkəzinə çevirib. Enerji resurslarına çıxış və onlara nəzarət uğrunda rəqabət regionda təhlükəsizlik problemlərinin əsas səbəblərindən biridir. Xüsusilə Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələrin böyük neft ehtiyatlarına malik olması, regiona beynəlxalq müdaxilələrin artmasına səbəb olmaqdadır.

Osmanlı İmperatorluğu dövründə sülhün və sabitliyin qorunduğu bu bölgə Birinci Dünya Müharibəsindən sonra böyük dövlətlərin müdaxilələri və müstəmləkəçilik siyasəti nəticəsində qeyri-sabitlik başlamışdır. İngiltərə və Fransanın bölgədə yaratdığı süni sərhədlər və güc balansı daimi problemlərin əsasını qoymuşdur. Osmanlı İmperatorluğunun varisi olan Türkiyə həm tarixi bağları, həm də Qərblə Şərq arasında körpü rolunu oynadığı üçün bölgədəki proseslərdə fəal iştirak etməktədir. 

Suriya: Dəyişkən münasibətlərin mərkəzi

2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi Türkiyənin regional siyasətində dönüş nöqtəsi oldu. Əvvəllər Əsəd rejimi ilə münasibətlər quran Türkiyə, sonradan müxalifəti dəstəkləməyə başladı. Bu mövqe Türkiyəni həm ABŞ, həm də Qərb ilə müəyyən ortaq mövqeyə gətirsə də, zamanla Suriyanın şimalında PKK/YPG təhlükəsinin artması, Türkiyə üçün yeni bir prioritet formalaşdırdı: sərhəd təhlükəsizliyi. Bu səbəbdən Türkiyə, Suriyada bir neçə hərbi əməliyyat həyata keçirdi və bölgədə "təhlükəsizlik zolağı" yaratmağa çalışdı. Lakin bu yanaşma həm Rusiya, həm də İranla koordinasiyanı zəruri etdi. 

Suriya müharibəsi, bölgə ölkələrinin siyasi mübarizələrini, təhlükəsizlik stratejilərini və xarici siyasətini dərindən dəyişdirdi. Türkiyə üçün Suriya, yalnız bir qonşu deyil, həm də bir təhlükəsizlik məsələsidir. Suriya ilə olan sərhədin uzunluğu, milyonlarla suriyalı qaçqının Türkiyəyə sığınması kimi səbəblər Türk hökumətini bu ölkədə baş verən müharibəyə daha yaxından müdaxilə etməyə məcbur etdi. Bununla yanaşı, Türkiyə, Suriya məsələsində həm öz təhlükəsizlik maraqlarını, həm də insan haqları məsələlərini ön plana çıxararaq, beynəlxalq aləmdə balanslı bir siyasət yürütməyə çalışır. Suriya münaqişəsi, həm də humanitar məsələlərdən qaynaqlanan bir məsuliyyət məsələsidir. Türkiyə, bu məsuliyyəti dərk edərək Suriya xalqının azadlığı və daha yaxşı bir gələcək qurmaqları üçün səy göstərməktədir.

İranla incə balans: Rəqabət və əməkdaşlığın kəsişdiyi nöqtə

İran, Türkiyənin Orta Doğudakı ən böyük strateji tərəfdaşlarından biridir. Hər iki ölkə, həm təhlükəsizlik məsələlərində, həm də iqtisadi sahələrdə sıx əlaqələr qurmaqdadır. Lakin, İranla münasibətlərdə zaman-zaman gərginliklər də yaşanır. Suriya müharibəsindeki mövqeyi və regiondakı digər geosiyasi təsirləri, Türkiyə ilə İran arasındakı münasibətləri kompleks bir xarakterə bürüyür. Bu çətinliklərə baxmayaraq, Türkiyə və İran arasında bir çox sahədə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. İki ölkə, enerji sahəsindəki mübadilə və ticarət əlaqələrini daha da inkişaf etdirmək niyyətindədirlər. İranla olan əlaqələrdə hər iki ölkə, qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək üçün müxtəlif diplomatik və iqtisadi mexanizmlər tətbiq edirlər.

Suriya və İran ilə olan əlaqələrdəki dəyişikliklər, Türkiyənin Orta Doğu siyasətində yeni bir dövrün başlanğıcını göstərir. Bu yeni dövr, yalnız hərbi və iqtisadi sahələrdə deyil, həm də diplomatik müstəvidəki yenilikləri əhatə edir. Türkiyənin Orta Doğu strategiyası  eyni zamanda yumşaq güc elementləri ilə də formalaşır. Humanitar yardım, infrastruktura dəstək yeni yanaşmanın əsas komponentləridir. Bu çərçivədə TİKA, AFAD kimi qurumların Suriyada fəaliyyəti nəzərə çarpacaq dərəcədə artmışdır. Türkiyə, həm regional güc olmaq, həm də beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün çoxşaxəli bir siyasət yürütməyə davam edir. Orta Doğuda təhlükəsizlik və sabitlik yaratmaq, yalnız Türkiyə üçün deyil, bütün region üçün həyati önəm daşıyır. Bu baxımdan, Türkiyənin Suriya və İranla olan münasibətləri, yalnız öz dövlətinin deyil, bütün Orta Doğu xalqının gələcəyini müəyyən edəcək. Türkiyə Yaxın Şərqdə qarşılaşdığı hər bir çağırışa qarşı yeni bir diplomatik və təhlükəsizlik strategiyası inkişaf etdirərək, regional sabitlik və sülhün qorunmasına önəmli töhfələr verə biləcəyini göstərir. 
Nəticə olaraq, Türkiyənin Orta Doğu siyasəti, "balanslaşdırma" prinsipinə əsaslanır. Ankara, bir tərəfdən NATO üzvü kimi Qərblə əlaqələrini qoruyur, digər tərəfdən isə Rusiya və İranla regional əməkdaşlıqları davam etdirir. Bu balansın ən mürəkkəb nöqtəsi isə məhz Suriya məsələsində ortaya çıxır. Bundan əlavə, bölgədəki yeni dinamika – İsrail-Ərəb yaxınlaşması, Qəzza böhranı və ABŞ-ın regional strategiyası – Türkiyənin seçimlərini daha da çətinləşdirir.


Fikrət Əkbərli