26 Avqust 2025 17:03
100
DÜNYA

Təmizləyici Türkiyənin məxfi sənədlərini tapdı

İsveçin NATO-ya üzvlüyü prosesində ciddi təhlükəsizlik pozuntusu baş verib. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Baş nazir Ulf Kristerssonun Ankara səfərindən (2022 noyabr) sonra hazırlanan gizli sənədlər Stokholm Arlanda hava limanındakı tualetə unudulub. Sənədlərdə NATO-nun Türkiyə ilə apardığı danışıqlara dair həssas məlumatlar yer alıb. Bununla da sənədlər bir müddət icazəsiz şəxslər üçün əlçatan olub.

Kristerssonun prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra hazırlanan dosyenin bir nüsxəsi hava limanının təmizləyicisi tərəfindən tapılıb. 

Sənədlərdə NATO müzakirələri ilə bağlı həssas məlumatların olduğu bildirilir. 

Baş Nazirlik dəftərxanası məlumatı təsdiqləyib. Təhlükəsizlik Departamentinin direktoru Fredrik Agemark isə araşdırma zamanı faylda “təhlükəsizlik baxımından məxfi məlumatların” olmadığını bildirib. Lakin İsveç mediası bəzi sənədlərin məxfi sənədlərə aid edildiyini və həssas hesab edildiyini bildirib. Məlumata görə, fayl baş nazir üçün hazırlanmış bir sıra məlumat qovluqlarından biri olub.

Qalmaqaldan sonra məlum olub ki, Kristerssonun səfərindən sonra milli təhlükəsizlik üzrə müşavir təyin edilmiş Henrik Landerholm işdə olduğu ilk altı ayda üç ayrı təhlükəsizlik pozuntusu edib. Məlumata görə, Landerholm cib telefonunu, notbukunu və sənədlərini də unudub və bu yaxınlarda məxfi sənədlərə etinasızlıq göstərdiyi üçün məhkəmə qarşısına çıxıb.