adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Aprel 2024 10:55
2035
ELM VƏ TƏHSİL

Təhsil eksperti:"Dövlət xaricdə təhsil alan hər tələbənin xərcini ödəməlidirmi?"

Bu gün ölkəmizdən kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 45 min nəfərdən çoxdur. Onların 25 minə qədəri təkcə qardaş Türkiyədə təhsil alır.

Adalet.az  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, xarici ölkələrdə təhsil almağa gedənlər əsasən 3 kateqoriya üzrədir:

1. Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplaya bilməyib attestat ilə xarici ölkələrdə alanların. 

2. SAT, İELTS, TOEFL, İBM kimi müxtəlif beynəlxalq imtahan nəticəsi ilə gedənlər. 

3. Dövlət proqramı və ya dövlətlərarası proqramlar, ölkələrin özlərinin elan etdiyi təqaüd proqramıları (Scholarship) gedənlər. 

K.Əsədov deyib ki, dövlət özünün ehtiyacı kadrların hazırlanması üçün proqram elan edir:

"Misal üçün: 2007-2015-ci illər dövlət proqramı (3500 Azərbaycanlı gənc təhsil alıb və 95 milyon manat pul xərcləyib dövlət), 2019-2022-ci illəri əhatə edən beynəlxalq rəqabətlilik proqramı və 2022-2026-cı illəri əhatə edən proqram ( 2 min gəncin təhsili nəzərdə tutulur və 80 milyon manat pul ayırılıb).

Bu gün dünyanın ən nüfuzlu, reytinqli universitetinə qəbul olmaq çox asandır. İnanın ki, Kooperasiya Universitetinə bal toplayıb qəbul olmaq daha çətindir, nəinki SAT, İELTS  TOEFL, DUOLİNGO kimi adi dil imtahanlarında iştirak edib qəbul olmaq. Hazırda bütün universitetlər beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün xarici ölkələrdən tələbə qəbuluna üstünlük verir və bunun üçün şərtləri asanlaşdırıblar. 

Bəli, Konstitusiyamıza, Təhsil Haqqında qanuna görə dövlət istedadlı gənclərin təhsilinə qayğı göstərir. Amma bu o demək deyil ki, hərə əlində bir qəbul kağızı gətirib deyəcək ki, mənim xərcimi dövlət ödəsin". 

Ekspert qeyd edib ki, dövlət proqramı çərçivəsində dövlətin ehtiyacı olduğu kadrlara görə sifariş verib.

"Universitetlərin siyahısını açıqlayıb. Dövlət deyir ki, bax mənə bu universitetlərdə bu ixtisaslarda təhsil alan azərbaycanlı tələbələr lazımdır və onların böyük məmnuniyyətlə təhsil xərclərini ödəmək istəyirəm. 

Niyə kimsə gedib ABŞ-də kompüter mühəndisliyi ixtisasında oxumalıdır və ona 60 min dollar hər il ödəniş edilməlidir?
Ondan da reytinqli, keyfiyyətli təhsil verən, kadr hazırlayan universitetlər İngiltərədədir. 
Böyük Britaniyanın universitetləri bu istiqamətdə daha reytinqli və yaxşıdır. 

Bəli, gənclərin təhsilinə dəstək olunmalıdır. Amma bu ədalətli olmalıdır. 
Azərbaycanda təhsil alan tələbələrin 50 faizi pulsuz təhsil alır. 1-ci qrupda təhsil alan tələbələrin 80 faizi pulsuz oxuyur. 

Bəli, bizə nüfuzlu universitetlərin məzunları lazımdır. Lakin dövlətin də ehtiyacını nəzərə almalıyıq", - deyə K.Əsədov bildirib.

 Əntiqə Rəşid