adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Aprel 2024 04:26
1836
ELM VƏ TƏHSİL

TƏHSİLİMİZİN BÖYÜK QAYĞIKEŞİ

Prezident İlham Əliyevin seçki platformasının təhsillə bağlı müddəaları sahənin inkişafı üçün böyük ümidlər vəd edir

Ümummilli lider Heydər Əliyev demişdir: "Cəmiyyət haradan olur-olsun, nədən olur-olsun, kəsib məktəbə, təhsilə xərcləməlidir". Zaman-zaman peyğəmbərlərin, alimlərin, müdriklərin, dahilərin hamısı elmə, savada yiyələnmənin əhəmiyyətini təsdiqləmiş, məktəbə müqəddəs ocaq kimi baxmışlar.

Ölkənin də gücü təhsildədir. Özü də təhsilin bütün səviyyələrində üstün inkişafa nail olmaq vacib şərtdir. Təkcə ali deyil, həm də orta, peşə, orta ixtisas təhsili pillələrində ciddi irəliləyiş əldə olunmalıdır. Kürəsəlləşmə şəraitində əmək bazarının geniş spektrində bütün peşə və ixtisas tələblərinə cavab verən mütəxəssislərə malik olan ölkənin tərəqqiyə qovuşması mütləqdir. Cəmiyyətin hər üzvü özünün, övladının təhsilinə olduqca əhəmiyyətli bir vəzifə kimi yanaşmalıdır.

Son illərin statistikası göstərir ki, Azərbaycanda təhsilin səviyyəsi artan xətt boyunca inkişaf edir. Dövlətimizin rəhbərliyinin təhsilə qayğılı münasibəti, hökumətin bu sahəyə ayırdığı investisiyalar, Elm və Təhsil Nazirliyinə etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondunun yardımı və digər xeyriyyəçi təşkilatların dəstəyi, həyata keçirilən mütərəqqi islahatlar, təhsilin keşiyində dayanan ziyalıların apardıqları maarifləndirmə işi öz sözünü deyir.

Ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham Əliyev son illər Azərbaycanda həm elmin, həm də təhsilin inkişafına xidmət edən fərman və sərəncamlar vermişdir. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılmasını, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatların, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqinin genişləndirilməsini, təhsildə idarəetmənin təkmilləşdirilməsinin davam etdirilməsini, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük verilməsini, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsini, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərin gerçəkləşdirilməsini, təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdirilməsini, onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlərin yaradılmasını hədəfləyən həmin fərman və sərəncamlarda ehtiva olunan inkişaf konsepsiyaları, tədbirlər əsasən uğurla gerçəkləşdirilmişdir.

Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 ildə dövlətimizin güclənən büdcəsindən bütün sahələrə olduğu kimi, hətta bir çox sahələrdən daha çox məhz təhsil sahəsinə investisiyalar qoyulub. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırılmış, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırılmışdır. Ölkədə məktəbəqədər təhsilin əhatə dairəsi davamlı olaraq genişləndirilmiş, bütün məktəb fondunun 80 faizi tam müasirləşdirilərək təhsilin maddi-texniki bazası gücləndirilmiş və 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmış, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə gənclərin dünyanın ən qabaqcıl ali məktəblərində təhsil almasına dəstək göstərilmişdir. Dövlətimizin və hökumətə etibarlı tərəf müqabili olan Heydər Əliyev Fondunun hesabına əyalətlərdə yüzlərlə məktəb binaları inşa olunub, təhsil müəssisələri tədris avadanlıqları və lazımi inventarlarla, kompüter texnologiyaları ilə təmin olunub. Mütəmadi olaraq təhsil işçilərinin maaşları artırılıb, əməyi stimullaşdırılıb.

Bu proses indi də davam etdirilir və cənab İlham Əliyevin seçki platformasından göründüyü kimi, gələcəkdə də davam etdiriləcək. Platformaya görə, 2024-2031-ci illərdə təhsil və səhiyyə sahələrində aşağıdakı hədəflərə nail olunması qarşıya məqsəd qoyulmuşdur: - Hər bir vətəndaşın innovativ, müasir təhsilə və elmə çıxışı üçün dövlət dəstəyinin artırılması; - Ölkədə bütün növ təhsil infrastrukturunun və kadr bazasının gücləndirilməsi, bu əsasda təhsil xidmətləri ixracının dəstəklənməsi; - Bütün təhsil ocaqlarında tədqiqat mühitinin gücləndirilməsi, tədqiqat sahəsində nəşrlərin nüfuzunun artırılması; - Elmi kəşflərin sənayeləşdirilməsinin təşviqi, məhsul və xidmətlər ixracında texnologiyanın tam milliləşdirilməsinə nail olunması; - Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklərin aşılanması, təhsil müəssisələrində İKT əsaslı infrastrukturun inkişaf etdirilməsi.

Gəlin, təhsilimizin, həm də məhz milli təhsilimizin işıqlı gələcəyinə inanaq və onun inkişafına yönələk tədbirlərə hamılıqla dəstək verək!

Elnurə İsgəndərova,
Abşeron Xızı Regional Təhsi idarə, Xırdalan. şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini, "İlin Müəllim",  "Qızıl-Qələm" media mükafatı laureatı