adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Mart 2023 14:12
540
HADİSƏ

“Həyat yoldaşım gecələr o qadının evində qalırdı...”- Onu sevən şəxsi bəyənməyən qadın...

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat heyakəsini təqdim edir. Bu dəfə sizə Gülçəmənin (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. Gülçəmən deyir ki, qohumlarından bir nəfər onu uzun illər çox sevsə də, o, bu nigaha razılıq verməyib və başqa şəxslə ailə qurub. Aradan ötən beş il sonra ərə getdiyi şəxs ona dönük çıxıb:

“Əslində buna elə bir səbəb yox idi...”

“Universitetin birinci kursunda oxuyanda anamın yaxın qohumu, daim evimizə gəlib-gedən adam mənə ürəyini açdı. Amma buna nə mən, nə də valideynlərim razılıq vermədi. Əslində buna elə bir səbəb yox idi, sadəcə elə düşündük ki, biz başqa-başqa dünyanın insanlarıyıq. Buna baxmayaraq həmin adam məni ərə gedən günümə qədər sevdi. Daim dedi ki, başqasına getmə, səni illərdir mən istəyirəm, gəl ailə quraq, hər şey yaxşı olacaq. Amma mən istəmədim, nəsə ona qarşı ürəyim olmadı”. 

“Anamın yaxın qohumuna isə valideynlərim xəbər yollayıb dedilər ki...”

“Ali məktəbi bitirib artıq işə başlamışdım. Bu dəfə isə valideynlərim məni sevən şəxsin ciddiliyini nəzərə alıb onunla ailə qurmağıma razılıq verdilər. Mən yenə də tərəddüd edirdim. Elə oldu ki, iş yerimdə mənimlə birlikdə işləyən qadın məni öz bacısı oğluna almağı təklif etdi. Nəsə başıma girdi, razılaşdım, oğlanla danışdıq. Sonra qəfildən evdə dedim ki, mən ailə qururam. Anamın yaxın qohumuna isə valideynlərim xəbər yollayıb dedilər ki, bu sevdanı başından çıxarsın”.


“Gecələri gedib o qadınla qalırdı...”

“Ailə qurdum və artıq iki övladım var. Bir vaxt məni sevən şəxs də sonradan ailə qurdu. Onun da iki övladı var. Həyat yoldaşım bir şirkətdə çalışır. Zaman ötdükcə, onun həyatında biri olduğunu anladım. Davamız düşdü və etiraf etdi ki, həyatında qadın var və onunla yaşamaq istəyir. Açıq-aşkar mənə dedi ki, “çıx get, səni istəmirəm”. Gecələri gedib o qadınla qalırdı. Durub o qadının iş yerinə gedib evli bir adamın ailəsini niyə dağıtdığını soruşdum, hətta davamız da düşdü. Qadın dedi ki, “get ərinə de, mən neyləyim?. 

Həyat yoldaşımı heç cür yolundan döndərə bilmədik. Onda anladım ki, bu insan məni sevməyib, sadəcə qohumunun sözüylə mənlə ailə qurub. Mən sevən şəxs anamın qohumu idi və bəlkə də elə bilirəm  bu gün də məni sevir. Tez-tez yuxularıma girir. Övladlarımı da götürüb ata evimə qayıtdım, məhkəməyə müraciət edib, boşandıq. Elə bilirəm ki, məni sevən şəxsin qəlbini qırdığım üçün bu gün onun cəzasını çəkirəm”.  

“İndi onunla üz-üzə gəlsəm...”

“Məni sevən şəxsi bir vaxt bəyənmədim, amma indi o tanınmış adamdı. İctimai sektordadı, tez-tez efirdə, mətbuatda çıxışları, yazıları olur. İndi onunla üz-üzə gəlsəm, nə deyəcəyimi bilmirəm. Amma çox yaxşı adam idi, sonuncu dəfə anam mənə çox dedi ki, qohumuma get, ailəsini, özünü tanıyırıq, nədənsə elə bil Allah gözümü bağladı. Bir də bəxti yazan Allahdı, qismətim beləymiş, nə edə bilərəm. Mən də xoşbəxt olmaq üçün ailə qurmuşdum”.

Vasif Əlihüseyn