adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 May 2021 15:32
18295
MƏMLƏKƏT

Süd məhsullarını istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən Məmmədov Seymur Fikrət oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı məlum olub.

Müəssisədə istehsal olunan qatıq, dovğa və kəsmik məhsullarından nümunələr götürülərək laborator analizlərin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılmış müayinələr nəticəsində, “Ağ süd” əmtəə nişanlı pəhriz kəsmiyinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, qatıq məhsulunda isə bağırsaq çöpü qrupundan olan bakteriyalar (BÇQB) aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə süd məhsullarının istehsalı məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.