SU TƏCHİZATI ENERJİ TƏHLÜKƏSİZLİYİ QƏDƏR STRATEJİ SAHƏDİR
Müasir dünyada su problemi, xüsusilə əhalinin içməli suya tələbatının təmin olunması enerji təhlükəsizliyi qədər strateji əhəmiyyət kəsb edir. Nüfuzlu beyin mərkəzlərinin proqnozlarına görə, yaxın gələcəkdə içməli su qıtlığının aradan qaldırılması əksər ölkələr üçün bir nömrəli vəzifəyə çevriləcək. Dünya əhalisinin kəskin artımı, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi problemin qlobal səbəblərindən hesab olunsa da, subyektiv amillərin mövcudluğu da danılmazdlr.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində məsələnin ölkəmiz üçün də kifayət qədər aktual olduğunu və bu səbəbdən əlavə tədbirlərin görülməsinə ehtiyac duyulduğunu xüsusi qeyd etdi: “Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq”.
Cənab Prezidentin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirə göstərdi ki, bu sahədə nəzərdə tutulan tədbirlərin əhatə dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Dövlət Proqramının qəbulu həm də onu göstərir ki, bütün maneə və təzyiqlərə baxmayaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan artıq yeni çağırışların həllinə fokuslanıb, bunun üçün vaxt və imkan qazanıb. Uzun illər, xüsusilə müstəqilliyimizin ilk dövründə əhalinin elektrik enerjisinə və təbii qaza olan tələbatının təmin olunmasında hansı çətinliklərin yaşandığını, yəqin ki, çoxlarımız xatırlayır. Neft-qaz ölkəsi sayılan Azərbaycan o zaman əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatını heç orta səviyyədə də təmin edə bilmirdi. Yol infrastrukturu isə nəzarətsizlik və imkansızlıq səbəbindən bərbad vəziyyətə düşmüşdü.
Bu gün isə əhalinin 96 faizi təbii qazla təchiz olunur, Azərbaycan nəinki özünü təmin edir, hətta bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Son 20 il ərzində görülən tədbirlər sayəsində ölkəmizin generasiya gücü 10 min meqavata çatdırılıb. Müasir Azərbaycan artıq elektrik enerjisinin ixracı ilə bağlı planlar qurur, xarici tərəfdaşlarla danışıqlar aparır. Bu illər ərzində təkcə Bakıda 2500 kilometr yeni yol infrastrukturu salınıb, 50 tunel və bir o qədər körpü inşa olunub. Nəqliyyat sıxlığının azaldılması üçün paytaxtda əlavə 10 metro stansiyasının tikintisi də nəzərdə tutulur. Bir vaxtlar beynəlxalq maliyyə institutlarının kreditləşdirmək istəmədiyi Azərbaycanın valyuta ehtiyatı bu gün 84 milyard ABŞ dollarına çatıb, xarici borcu isə ÜDM-in cəmi 6,3-6,4 faizini təşkil edir.
30 il ərzində hərbi təcavüzlə yanaşı, siyasi və iqtisadi təzyiqlərə məruz qalan Azərbaycan bu gün daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda bənzəri olmayan bərpa-quruculuq işlərini aparır, eyni zamanda, regionların inkişaf proqramlarını da uğurla həyata keçirir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi, təəssüf ki, bəzilərini hələ də qıcıqlandırır, bir başqalarını isə açıq-aşkar narahat edir. Ölkəmizə qarşı zaman-zaman aparılan çirkin qarayaxma kampaniyasının əsas səbəblərindən biri də elə bununla bağlıdır. Belələri Azərbaycana təsir etmək, onu hədəflərindən yayındırmaq üçün öz ənənələrinə uyğun olaraq ən iyrənc üsullara əl atır, ölkəmizin siyasi nüfuzunu zədələməyə çalışırlar. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində konkret faktlar əsasında onlara bu mesajı göndərdi: ”ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın. Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir. Bu, sanksiyalardan yayınma mexanizmidir-onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil,-biz bunu etmirik,- o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır”.
Prezidentin faktoloji ismarıcı bir daha sübut edir ki, ölkəmizin işğal dövründə üzləşdiyi ayrı-seçkilik siyasəti və qərəzli yanaşma tarixi Qələbəmizdən beş il sonra da səngimir. Geosiyasi qarşıdurmanın doğurduğu yeni çağırışlar həm də onu göstərir ki, bu proses böyük dövlətlər tərəfindən öz maraqlarına uyğun şəkildə, selektiv qaydada bundan sonra da davam etdiriləcək, yeni çağırışlardan təzyiq aləti kimi istifadə siyasətindən imtina olunmayacaq.
Yeni geoiqtisadi şəraitdə əhalinin su problemi də enerji təhlükəsizliyi qədər strateji sahəyə çevriləcək. Bu, əksər ölkələrə aiddir və söhbət yalnız içməli su qıtlığının aradan qaldırılmasından getmir. Digər vacib məsələ istifadə olunan suyun hansı mənbələr hesabına formalaşması və bu mənbələrin suveren yurisdiksiyaya aid olub-olmaması ilə bağlıdır. Prezident İlham Əliyevin yanvarın 12-də keçirilən müşavirədə səsləndirdiyi növbəti açıqlama bu baxımdan xüsusi diqqət çəkir: “Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır -Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”.
İşğalçı Ermənistanın vaxtilə ölkəmizə qarşı terror aləti kimi istifadə etdiyi “Sərsəng” və “Suqovuşan” su anbarlarının ölkəmizin yurisdiksiyasına qaytarılmasının əhəmiyyəti həm də ondadır ki, işğalçının su terroru imkanına son qoyuldu. Son 20 il ərzində inşa olunan dörd böyük su anbarı, ilk növbədə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları Bakı şəhəri ilə yanaşı, qərb zonasının su təchizatında mühüm rol oynayır. Füzuli, Ağdam və Laçın rayonlarında yenidən qurulan “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları əhalinin tələbatı üçün yeni imkanlar yaradır. “Həkəriçay” və “Bərgüşadçay” kimi iki böyük su anbarının tikintisi isə bu imkanların daha da genişlənməsinə xidmət edəcək. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sayəsində Bakı və Sumqayıtla yanaşı, Abşeron rayonunun və daha 64 yaşayış məntəqəsinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanalın və paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması imkan verəcək ki, bu gün 40-45 faiz səviyyəsində olan itkilərin həcmi kəskin şəkildə azalsın. Dövlət Proqramının icrası nəticəsində tullantı sularının idarə olunması və kanalizasiya xidmətinin yaxşılaşdırılması da təmin ediləcək. Xəzərin suyunun xarici investisiya hesabına duzsuzlaşdırılması layihəsi isə tələbatın təmin olunması üçün böyük imkanlar yaradacaq və eyni zamanda, Oğuz-Qəbələ-Bakı su kəmərinin daha az itki ilə istismarına imkan verəcək.
Prezident İlham Əliyevin müşavirədəki çıxışından göründüyü kimi, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sosial sifarişi nəzərə almaqla yanaşı, ölkəmizin strateji təhlükəsizliyi ilə bağlı daha etibarlı infrastrukturun yaradılmasına xidmət edir. Cənab Prezidentin növbəti açıqlaması həm də bu gerçəkliyi əks etdirir: “Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”.
Ülvi Quliyev
Milli Məclisin deputatı
Digər Xəbərlər
13 Yanvar 2026 18:43
Prezident: Əminəm ki, bundan sonra müharibə olmayacaq
13 Yanvar 2026 18:40
Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb
13 Yanvar 2026 18:15
Prezident Ağdərə şəhərinin Baş planı ilə tanış oldu
13 Yanvar 2026 17:18
Ceyhun Bayramov İtaliya xarici işlər nazirinin müavini ilə görüşüb
13 Yanvar 2026 15:53
Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda...
13 Yanvar 2026 15:13
Prezident “Qozlukörpü” SES-in açılışında - YENİLƏNİB + FOTOLAR
13 Yanvar 2026 15:09
EKSPERT: Zamanı çatanda Pezeşkian hərəkatın başına keçəcək -"Yeltsin də sistemin adamı idi"
13 Yanvar 2026 14:33


Bakı -°C

