03 Iyul 2025 10:08
18
ANALİZ

Strateji Tərəfdaşlığın Yeni Mərhələsi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdi. Bu səfər həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlığın dərinləşdiyini göstərən əlamətdar bir hadisə kimi qiymətləndirilir.

Azərbaycan və Özbəkistan arasında əlaqələrin əsası hələ qədim dövrlərə dayanır. İki xalq ortaq tarixi, dini, mədəni dəyərlərə malikdir. Müstəqilliklərini bərpa etdikdən sonra isə bu əlaqələr yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlər formalaşmışdır. Prezident Şavkat Mirziyoyevin bu səfəri isə məhz bu tarixi qardaşlıq bağlarını daha da möhkəmləndirməyə yönəlib.

Prezident Şavkat Mirziyoyevin bu səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regionda geosiyasi əməkdaşlığın dərinləşməsi kontekstində mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan həm Türk Dövlətləri Təşkilatında, həm də digər beynəlxalq platformalarda fəal əməkdaşlıq edir. Bu səfər, Türk dünyasının birliyi və inteqrasiyası yolunda daha bir mühüm addım kimi qiymətləndirilə bilər.

Səfər çərçivəsində Prezident Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdi. Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olundu. Tərəflər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının vacibliyi vurğulandı.

Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik. Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatları dinlənildi. Biz bu gün həm əmtəə dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik;

Prezidentlərin rəhbərliyi ilə keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edildi. Bu forum çərçivəsində bir sıra kommersiya razılaşmaları və investisiya layihələri barədə razılıq əldə olundu. Xüsusilə energetika və sənaye sahəsində ortaq müəssisələrin yaradılması planlaşdırılır.

Nəqliyyat sahəsində də əməkdaşlıq ön plana çıxır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Özbəkistanın tranzit imkanlarının genişlənməsi müzakirə edildi. Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.

Səfər çərçivəsində mədəni-humanitar əməkdaşlıq da xüsusi diqqət mərkəzində oldu. Tərəflər təhsil və elm sahəsində mübadilələrin artırılması, tələbə və müəllimlərin qarşılıqlı səfərlərinin təşkili, birgə mədəni tədbirlərin keçirilməsi barədə razılığa gəldilər. Bakı şəhərində Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Prezident Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Səfər nəticəsində əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə inam yaradır. Qardaşlıq və qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər regionun sabitliyi və inkişafı üçün də mühüm zəmin yaradır.

Əminə Ağazadə

Milli Məclisin deputatı