20 May 2024 16:58
1347
MƏMLƏKƏT

Sosioloqla jurnalistin qarabağlılara nifrəti:"Ev almaq üçün boşanan köçkünlər..."

Şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu bu gün mediaya elə bir açıqlama verib ki, nə sosiologiyaya, nə iqtisad elməri doktoruna, nə də elmi –fəlsəfi konsepsiyaya qətiyyən dəxli yoxdu.

Belə mövzunu ancaq, qanundan, daha dəqiq məcburi köçkünlər və qaçqınlar haqqında qanunlardan bixəbər, təndir başında mövzu,-söhbət qıtlığından əziyyət çəkən analar, nənələr ağzına alıb danışar.


Nə deyir , axı, bu şair, publisist, sosioloq?
Deyir ki, ənənəvi qəbul etdiyimiz qaydada boşanmalarla yanaşı müəyyən bir məqsədə xidmət edən boşanmalar var, işğaldan azad olunmuş bölgələrdə boşanmaların sayının çox olmasına bu da təsir edir:

" Belə bir fikir yayılmışdı ki, boşanma onlara yeni əmlak əldə eləməyə imkan verir.Onunla bağlı süni boşanmalar var, yəni ər-arvad bir yerdə qalır, sənəd üzərində boşanırlar. Belə boşanmalar bir çox bölgələrdə, həmçinin işğaldan azad olunmuş bölgələrdə müşahidə olunub.
Belə məlumat vardı ki, ər-arvad boşananda iki təsərrüfat olur, torpaq almaqda, ev almaqda bu rol oynayır. Məcburi köçkünlərin arasında elələri var ki, Bakıda onlara mənzil verilib. Ona görə boşanırlar ki, ev birinin adında qalsın, digəri işğaldan azad olunan rayonlardan yeni bir ev alsın. Belə məlumatlar var.
Yəni bunlar bizim fərziyyələrimiz deyil, belə faktlar müşahidə olunub. Bu faktlar da müəyyən bir faizdir, çox deyil, amma hər halda statistikaya təsir edir. Yəni deyilmir ki, həmin bölgələrdə hamı ona görə boşanıb".
Əhməd müəllim ümumilikdə, boşanmaya təsir edən fərqli amillərin olduğunu bildirib:
"Boşanmaya təsir edən ümumi amillər var. Azərbaycanda 2012-2014-cü ildən başlayaraq boşanma sayı sürətlə artıb. Burada təkcə iqtisadi, sosial faktorlar yox, digər, ayrı-ayrı faktorlar da rol oynayır".


Yəni, köçkünlərin “yalançı “boşanmaları …?


Əvvəlcə sosioloqa bildirmək lazımdır ki, 33 il əvvəl Bakıda köçkünə qarşı necə qıcıq münasibət vardı , elə indi də onu müşahidə edirik. Demək olar ki, yerli soydaşlarımızın böyük bir hissəsinin “evinizi qoyub qaçdınız Bakıya, qorumadınız” dediyi sözlər bu 33 ildə erməninin atdığı güllədən yüngül olmayıb. Hətta deyirdilər ki, "niyə gedib yerinizi-yurdunuzu ermənidən geri almırsınız, Bakıda qalmaq xatirinə gedib döyüşmürsünüz..” kimi düşük ittihamlarla bizi qınayırdılar. İş burasındadır ki, dövlətimizin xətti ilə köçkünlərə evlər tikiləndə də, qəsəbələr salınanda da bəzi soydaşlarımız hiddətlə- nifrətlə bizə baxıb: bunlar hara gedirlər, bunlara Qarabağ lazımdır ki? Qalıb Bakılı olacaqlar, belə rahatlığı qoyub gedərlər heççç?!” deyib bəzən bizi təhqir etməkdən də çəkimirdilər.


Düzünü deyim, mənim ömrümə baltanı erməni tək çalmadı, həm də belə nadan soydaşlarım çaldı, qəlbimizi qırdılar, ağlatdılar, incitdilər bizi. Nəhayət Azərbaycan ordusu səfərbər olub torpaqlarımızı işğaldan azad etdilər. Yəqin ki,  nadanlar o boş başları ilə anladılar ki, gedib yurd almaq adı vətəndaşın, sadə qarabağlı köçkünün işi deyil, buna dövlər qol qoymalıdır. Şükür ki, nadanlar 2020-ci ildə bu gerçəyi də qandılar. 2022-ci ildən etibarən isə köçkünlər asta-asta evlərinə köçürülməyə başlandı. İlk karvanlar yüksək beynəlxalq standartlara uyğun tikilmiş Qobu köçkün qəsəbəsindən başladı. Köçkünlərin yaşadığı evdən əşyalar çıxarılıb Qarabağa gedən yük  maşınlarına yükləndikdən sonra ev DövlətQaçqınkom və digər strukturların nümayəndələri tərəfindən akt tərtib edilib blomlandı və yaxud satışa çıxarıldı. Yəni indiyə qədər 20 mindən çox köçkün yurduna dönüb və onlara müvəqqəti yaşamaq üçün verilmiş evin hamısı əllərindən alınıb. Bu işin başında dövlət durur və o da çörəyi qulağına yemir. Bilir ki, 1992-ci ildən etibarən köçkünlük siyahısında olan qarabağlılar yurdlarına dönəcək və bu evlər müvəqqəti yaşamaq üçün idi. Bunu köçkünlər də bilir. Əgər o müvəqqəti evlərin bir “kubik”ini özləri ilə apara bilməyəcəklərsə, bu absurd səbəbə görə niyə boşansınlar ki? Yurduna dönənlərdən kimsə   Bakıda tikilən evdə qaldımi? Qalmadısa sosioloq Əhməd müəllim belə mənasız açıqlamanı niyə verir?

Sosioloqu keçdik. Daha bir nüas isə jurnalistin məsələyə girişidir. Qarabağlılara həsdiz nifrət  bəsləyən kimliyi ilə maraqlanmasamda düzüb -qoşduğu cümlələrdən nifəti bəllidir. Jurnalist sanki nifrətini xirtdəyində zorla yığaraq yazır:” Həmin ildə hər 1000 nəfərə düşən boşanmanın sayının 1,5-dən yüksək, hətta 2 olduğu bölgələr var. Onlar arasında işğaldan azad edilən rayonlar da yer tutub. Məsələn, Ağdam 2, Füzuli 2,1, Zəngilan 2,6, Kəlbəcər 1,9 və s.
Xatırladaq ki, 2020-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov yerli mediaya açıqlamasında məcburi köçkünlər arasında yeni mənzilə sahib olmaq üçün həddindən artıq süni boşanmanın olduğunu demişdi.2022-ci ildən sonra rayonlar üzrə boşanma sayı açıqlanmasa da, ölkə üzrə ümumi boşanma sayı artıb”.

Yeri gəlmişkən, həmin jurnalistlə sosioloqa bildiririk ki, psixoloqlar siz dediyinizi demirlər. Onlar fikirləşir ki, boşanların başında gələn əsas səbəb sosial-iqtisadi vəziyyət( işsizlik, ev problem, kasıbçılıq ailənin və, uşaqların tələbatının ödənilməməsindən yaranan problemlər, gərginlik, üstəgəl məmur özbaşnalığının verdiyi fəsadlar),
İkinci səbəb isə birinci səbəbdən yaranan çoxsaylı və dərin mənəvi-psixoloji amillər,reproduktiv sağlamlıqdakı problemlər,zərərli vərdişlərə aludəçilik, məişətdaxili zorakılıq, xəyanət və s.

Bəli, sosioloqla açıqlama alan jurnalist birləşərək köçkünlərə. kin püskürürlər. Bunun başqa adı yoxdur.

P.S. Nə əcəb hazırda bu jurnalist və sosioloqdan tələbə yataqxanalarında, düşərgə, uşaq bağçası və sair heç bir yaşamaq şəriti olmayan  inzibati binalarda 33 ilini məhv edən, yaşamaq məcburiyyətində qalıb xəstə düşən köçkünlərin siyahısına bir açıqlama olmayıb?. Görəsən, "evim-yurdum" deyə-deyə bu dünyadan əli uzalı gedək köçkünlərin ölüm səbəbi indiyə qədər nə jurnalistin, nə də sosioloq Əhməd Qəşəmoğlunun ağlına gəlməyib? Köçkünə qarşı nifrətdən gözləri açılıb ki?

 Əntiqə Rəşid