27 Noyabr 2023 09:48
1106
ƏDƏBİYYAT

“Son görüşümüzdə dustaqlardan təkcə Cavid nəzarət altındaydı...”- Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Hansı məktəbdə oxuyurdunuz?

- İndiki muzeyin həyətində 48 nömrəli 7 illik məktəb vardı, mən orda təhsil alırdım. 7-ci sinifə qədər burda oxudum. Sonra isə qızılı kilsənin yerindəki məktəbə getdim. 

- Qızılı kilsə? 

- Hə. Belə bir kilsə olub. İndi onun yerində 189, 190 saylı orta məktəblər və Bülbül adına musiqi məktəbi yerləşir. Ərtoğrol isə 1 nömrəli məktəbdə oxuyub. 

- Mişkinaz xanım Cavid əfəndiylə 1925-ci ildə çəkilmiş şəklində uzun saçlıdı. 

- Sonra xəstələnib və 1926-ci ildə saçlarını kəsdirib. Ana kəsilmiş saçlarını uzun illər saxladı. Saçlarından balaca bir balış düzəltmişdi. Bir dəfə “mən öləndə saçlarımı başımın altına qoyarsan”,-dedi və bu sözdən sonra mən onları atdım. Xurmayı, qəşəng saçları vardı, arxa hissədən bir tərəfi qızılı, o biri tərəfi tünd idi.

- İstintaq zamanı Cavid əfəndini incidiblərmi?

- Orda, ümumiyyətlə, dəhşətli işgəncə metodları vardı. Bağırovun məhkəməsində hər şey açıqlandı: həbs edilənlərin qırnaqlarını çıxarırmışlar, dırnağın altına iynə batırırmışlar, məhbusları böyük kisənin, torbanın içinə salıb rezinlə döyürmüşlər... Müxtəlif işgəncələr... Amma bizim içəridən aldığımız paltarlarda heç bir işgəncə izi görünmürdü. Amma başqalarının köynəkləri qanlı olurdu. Hətta dəyişəcək üçün içəridən alınan köynəklərin üstündə məhbusun dərisinin bir parçası yapışmış halda olurdu. Yeganə təsəllimiz o oldu ki, həbs olunduğu gündən ta ki, sürgünə getdiyi günə qədər bizdən dəyişəcək paltarları götürdülər. Hər dəfə paltarların üstünə nə verdiyimizi yazıb qoyurduq. O da alırdı və növbəti dəfə nə aparmalı olduğumuzu yazırdı. 

- Nə yazırdı, nə istəyirdi?

- Ən əsas yemək istəyirdi. Özü də ki, müəyyən yeməkləri, ümumiyyətlə, içəri buraxmırdılar, yarpaq dolmasını, kələm dolmasını isə xüsusən. 

- Niyə?

- Bir-bir açıb içərisinə baxmayacaqdılar ki... Adətən küftə, qovurma, göndərirdik. 

- Kağız, qələm istəyirdi? 

- Yox, istəmirdi və heç kəs də belə bir şeyi bizdən qəbul etməzdi. 

- Cavid əfəndiylə son görüşünüz harda oldu?

- 1939-cu ilin 2 iyulunda Keşlə həbsxanasında. 

- Bu vaxta qədər görüşməmişdiniz?

- Yox, həbsindən iki il bir ay sonra görüşdük. Dəyişilmişdi. Rəngi solğun, kədərli, bir qədər arıqlamış. Çox həsrətlə baxırdı bizə. Elə bil ki, bir daha görüşməyəcəyimizi bilir və buna görə də doyunca baxmaq istəyirdi. Məni möhkəm-möhkəm qucaqlayıb özünə sıxmışdı. Çox əsəbiydi. Qəribədir, son görüşümüzdə dustaqlardan təkcə Cavid nəzarət altındaydı, ailələriylə görüşən başqa dustaqlara sərbəstlik vermişdilər. Bizi isə izləyirdilər. Skamiyamızın yanında qaratikan kimi bir gözətçi dayanmışdı”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn