adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2022 14:08
2200
MÜSAHİBƏ

Sevinc FƏDAİ:Belə bir cəmiyyətdə inanılan bir “ fiqur” olmaq çox çətindir” - MÜSAHİBƏ

Bu dünyanın hər sınağından keçə bilməyi bacaran insan demək olar ki, çox azdır. Həyatın nəbzini tutmaq da asan məsələ deyil desəm, yanılmaram. Ancaq həmsöhbətim AY Partiya Başqanının Humanitar , ailə və uşaq məsələləri üzrə müavini, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Bitliyinin sədri Sevinc Fədai öz düşüncələri ilə “Yol adamı” olmağı bacaran insandır. İctimai fəal Sevinc Fədai ilə günümüzdə cəmiyyəti narahat edən problemlərdən və onların həllindən danışdıq.
 

-Cəmiyyətdə mövqeyinizi bilirik. Bir jurnalist kimi cəmiyyətə daha çox fayda verə bilirsiniz, yoxsa ictimai fəal kimi?

- Bildiyiniz kimi jurnalistikadan bu sahəyə yön almışam. Əvvəllər bizi və cəmiyyəti düşündürən problemləri araşdırırdıq. Jurnalist kimi də aktiv fəaliyyətim var idi. Ancaq elə bir məqam gəldi ki, anladım ki, təkcə yazmaqla missiyamı başa vurmuş saya bilmərəm. Etmək istədiyim təkcə bu deyil. Jurnalistika, bir hadisəni müşahidə edib, problemləri yazmaqdır. Yəni, həmin problemin həlli üçün birbaşa özün heç nə edə bilmirsən. Əslində sözün gücünə inanan insanam. Sözün nələri dəyişdiyinin şahidi olmuşam. Bəzən elə məqam olur ki, sən bu dəqiqə düşündüyünü yazmalısan. Yəni, yazdığını yüzlərlə- minlərlə insan görsə də , məhz sən yazdığın bir adama lazımdır. Sanki, kimsə bu yazını gözləyirmiş…. Bəzən elə sözlər, elə fikirlər olur ki, insanın həyatında yaxşı mənada dönüş nöqtəsi olur. Bu mənada jurnalist fəaliyyətimə yenə davam edirəm. Bu isə yalnız sosial şəbəkə hesablarımda olur. Yəni peşəkar şəkildə jurnalistika ilə məşğul deyiləm. Mən bu gün “ictimai fiqur” kimi varamsa, bu, yazmağın sayəsində olub.

Düşünürəm ki, yazıdan çox ictimai fəal kimi faydalı oluram. Çünki birbaşa problemli insanların özü ilə ünsiyyətdə oluram. Elə layihələr var ki, insanlarla söhbət edəndə müşahidə edirəm ki, həmin insanda müəyyən problemlər var. Biz bu problemi xırda bilib üstündən keçirik. Ancaq sonra həmin xırda problemlər böyük təhlükələrə yol açır. Həmin an o adamla bu problem üzərində işləməyi düşünürəm.

Təsəvvür edin ki, bir layihə yazırsan, nə qədər insanı ora cəlb edirsən. Onlarla işləyirsən və konkret olaraq həqiqətən bir dəyişikliyə nail olursan.

“Bizim cəmiyyətdə səmimiyyət çatışmazlığı var”

-İctimai fəal olmaqda əqidə məsələsi də mühim amildir…

- Ümumiyyətlə, əqidə ictimaiyyət arasında olsan da, olmasan da insanın şəxsiyyət kimi formalaşmasında mühüm faktordu. Mənim ictimai fəal kimi öz təsdiqimi tapmağım, yazılarımda əqidəmin görünməsidir. Biri var, uzun illər ictimai fəaliyyət göstərib inam qazanırsan, biri də var ki, mən artıq inanılmış şəxs kimi gəlib o yerdə dayandım. Biz ictimai birliyi yaradanda dövlət qeydiyyatına alınmamış, heç bir qrant qazanmayan bir təşkilat idik. Bu şəkildə illlərlə fəaliyyət göstərirdik. Bunu bir sübut üçün eləmirdik. Bu, əqidəyə söykənən fəaliyyət idi ki, biz bunun faydalı olduğunu düşünürdük. Bu işin nə qədər çətinliyi olsa da, insan və bir “ictimai fiqur” kimi bu fəaliyyət məni xoşbəxt edirdi. İllər keçdi, bu fəaliyyətimiz bizi cəmiyyətdə təsdiq olunmuş insan kimi hər kəsə təqdim etdi. Bir zamanlar yazdıqlarımıza susan insanlar, indi həmin fəaliyyətə söykənərək bizə yol aça bilirlər. Cəmiyyətdə o qədər inamsızlıq yaranıb ki, hətta ailədə belə insanlar bir-birinə güvənmir. Güvən sarsılıb. Belə bir cəmiyyətdə inanılan bir “ fiqur” olmaq çox çətindir. Çox sevinirəm ki, bu inamı qazana bilmişəm.. Bu inam mənim bu yolda rahat addımlamağıma çox kömək edir.
Bizim cəmiyyətdə səmimiyyət çatışmazlığı var. Bir insan öz yazılarında oxucu ilə səmimi ola bilirsə, oxucu ona inanır. Bu baxımdan insanın keçmişi onun bu gününə kömək edir.
 

-Bir qadını cəmiyyətə faydalı insan kimi yetişdirmək üçün nələrdən başlamalıyıq?

- Hər bir şəxs fərdidir deyə, bunun konkret bir düsturu yoxdur. Məsələn, uşaqlıqdan mənə xüsusi bir yanaşma olmayıb ki, həmin cəhət məni şəxsiyyət kimi yetişdirsin və bu mərhələyə gətirsin. Düşünürəm ki, ümumən insanın yaşadıqları, təhsili, oxuduğu kitablar ünsiyyət qurduğu insanar, dinlədiyi mahnılar- bunlar hamısı bir yerdə toplanıb insanı formalaşdırır. İnsana azadlıq lazımdır. Zamanında onun seçimlərini boğmamaq lazımdır.

Məsələn, mən heç vaxt baş vermiş hadisə, qadağalarla ilə barışan olmamışam. Daha çox mübarizə aparmağı seçmişəm. Bu gün nələrisə müqayisə edəndə mən öz uşaqlığıma dönürəm. Həmişə mənə deyirdilər ki, sən digər uşaqlar kimi deyilsən. Evdə heç vaxt mənə böyük qadağalar qoyulmayıb. Buna baxmayaraq, həmişə müxalif olmuşam. Mənə yaradılan şəaraitlə barışmamışam. Həmişə axtarışda olmuşam. Yenilik etməyi sevmişəm.

Mənim üçün ən böyük uğur özümü tapmağım olub. Məni mən edən də məhz bu hissdir. Mən davamlı yazmasaydım öz “mən”imi tapmazdım.
Bütün bunlar mənə hər şeyin fərqində olmağı öyrədib. Biri mənə pislik edəndə, buna o qədər də qıcıq olmuram. Başa düşürəm ki, bu insanın problem özüylədir.

Düşünürəm ki, bu məqamda mənim payıma səbrli olmaq düşür.

“Bizim cəmiyyətdə övladla valideyn arasında, ər-arvad arasında böyük bir “divar” var”
 

-Azərbaycanda ailə institutu nə dərəcədə inkişaf edib?

- Ümumiyyətlə, bizim cəmiyyətdə ailə institutu terminini düşünməyərək deyirlər. Elə insanlar ailə dəyərlərindən danışır ki, həmin insanların heç o dəyərlədən anlayışı yoxdur. Belə olan halda həmin insanların ailə institutundan danışmağa heç bir haqqı yoxdur. Biri var məişətdən danışırsan, biri də var ailə dəyərlərindən. Bunlar fərqli mövzulardır. Ailə institutu uzun- uzun araşdırma və müşahidə tələb edir. Düşünmürəm ki, bizdə ailə institutu var. Varsa da mən onu görə bilmirəm. Bu günki ailələrin durumu məni çox narahat edir. Ailələrin çox hissəsi dəyərlər üzərində qurulmur. Biz insanları restoranlarda, istirahət mərkəzlərində və digər ictimai yerlərdə müşahidə edirik. Onları ailə olaraq görə bilmirik. Sanki virtual öhdəlikləri yerinə yetirmək üçün şəkillərdə gülən, qucaqlaşan iki insan görürük. İnsanlar sanki ailə məfhumuna yiyələnmək üçün ailə qururlar. Əsl ailə üçün nə laızmdırsa, o anlayışlar ailələrdə yoxdur.

Ailədə insanlar bir-birlərini dinləmək istəmirlər. Onların bir- birlərinin daxili dünyalarından xəbərləri yoxdur.

Hətta ailə quranda belə cütlüklər bir- birlərinə maraqlarından, arzularından suallar vermirlər. Əsas odur ki, qərar verilib. Və sən bu insanla ailə qurmalısan.
Günümüzdə müəyyən yaş dönəmində( 38- 45 yaş arası) olan qadın və kişilər var ki, onlar məcbur evləndirilirlər. Mental dəyərlər adı altında cılız və yersiz hərəkətlər dayanır. Baxırsan ki, adam özü “ictimai fiqur”du, cəmiyyətdə özünü təsdiq etmiş biridir, uğurlu bir karyerası var, ancaq xoşbəxt deyil. Onunla söhbət edəndə görürsən ki, sırf ailə münasibətləri normal olmadığı üçün xoşbəxtliyi yoxdur. Arzuladıqlarını yaşaya bilmədiyi üçün adam xoşbxət ola bilmir. Hətta bu haqda sual verəndə isə cavabı belə olur: “Ailəm illər əvvəl filankəsi mənə aldı”. Adam təəccüb edir. Belə yetkin bir insan həyatının ən mühim addımına necə biganə yanaşa bilər? Bu hallarla barışmamalıyıq. Belə vəziyyət iki insanın məhvidir. Onların dünyaya gətirdiyi övladların məhvidir. Valideynlər belə bu vəziyyətin acı nəticələrini görürlər, ancaq yenə də qəbullanmaq istəmirlər.

Məcbur qurulan ailələrdə intiharlar qaçılmaz olur. Biz bunun dəfələrlə şahidi olduq. Ailə münaqişəsi bu ailələrdə daha çox rast gəlinir. Bütün bunlara rəğmən, heç kəs bu faicələrdən nəticə çıxarmaq istəmir.

Bizim cəmiyyətdə övladla valideyn arasında, ər-arvad arasında böyük bir “divar” var. Biz o “divar”ları aşmasaq, mövcud problemlər həll olunmayacaq. Heç o dediyimiz böyük ailə institutu olmasın, amma insanlar xoşbəxt olsun.

-Azyaşlı qızları məcbur evləndirmək cəmiyyətdə tez- tez rastlaşdığımız haldır. Biz bununla ya mübarizə aparmırq, ya da mübarizəmiz bir fayda vermir…

- Bu da valideyn eqosuna söykənir. Bizdə belə bir təfəkkür formalaşıb: sanki insan evlənəndə xoşbəxt olur. Ona görə də məcbur insanları evləndirirlər ki, xoşbəxt olsun. Heç kəs bu məqamda həmin qızın fikrini soruşmur. Ancaq “sənin yaxşılığın üçün edirik”, “ sənin xoşbəxtliyin bizə lazımdır” sözləri ilə qızın gözünə pərdə çəkirlər. Valideynlər qızların öz xoşbəxtliyini tapmağa imkan vermirlər. Bir qız xoşbəxtliyin məhz ailədə tapsa da özü könüllü bu addımı atsın. Və ya ailəsi uğursuz da olsa, bu, onun öz addımı olsun. İstər doğru, istərsə də səhv seçim etmək üçün insana azadlıq lazımdır. Həyatda səhv etməyən insan təcrübə qazana bilməz, özünü tapa bilməz. Azadlığı olmayan insan heç vaxt xoşbəxt ola bilməz.

Düşünürəm ki, insanın dəyərlərinin, sağlam düşüncəsinin formalaşmasına şərait yaratmaq lazımdır. Əgər bunun qarşısı alınmasa, insan yolunu daha rahat və əmin şəkildə gedir, çətinliklərinin öhdəsindən gələ bilir. Ən əsası, öz tale yükünü ləyaqətlə daşıya, sınaqlardan üzüağ çıxa bilir. Düşünürəm ki, mənə də həayata yardımçı olan sığındığım dəyərlərim, fərqindəliyimdir. Övladıma da, auditoriyama da, layihələrimin iştirakçılarına da belə yanaşıram: istənilən fəaliyyət bu dəyər və fikirlərin formalaşmasına xidmət və kömək etməldir
 

-Şəhid və qazi xanımları ilə birlikdə çox görüşlər keçirirsiniz. Onlar üçün layihələr hazırlayırsınız. Bütün bu addımlar onların sosiallaşmasına kömək edir?

-Mən xanımlar üçün istənilən layihəni həyata keçirəndə ən birinci düşündüyüm bu olur ki, o qadınları evdən cəmiyyətə çıxarım. Bunu özlərinə də deyirəm. Ev, məişət qayğılarından, mətbəxdən kənarda baş verənləri də görə bilsinlər. Hər gün gördüyü işin arasından çıxsın. Fərqli məkan görsün, yeni insanlarla tanış olsunlar. Yeni ünsiyyətlər bizim həyatımızda inanılmaz dəyişikliklərə yol açır. Layihəmizdə iştirak edən xanımlara da deyirəm ki, mən sizdən çox şey öyrənirəm. Elə məqamlar olur ki, hər hansı bir söz və ya hərəkət beynimdə yeni bir “ işıq” yandırır. Mənim birinci məqsədim bu idi və mən bu məqsədimə çatmış oldum. Bəziləri qaynana buxovundan çıxıb gəlmiş, həyatının qaraldığını düşünən qadınlar olur.

İnsanlar bu bədbinliyin içindən çıxmasa sakit yaşaya bilməzlər. Seminarlarda o qadınlara qaranlıqdan kənarda işıqlı bir həyat olduğunu çatdırırdım. Onlara bu işıqlı həyatda öz yollarını tapmağı tövsiyyə edirdim. Onların sosial həyatı olması üçün mübarizə aparırdım. İnsan bir fəaliyyətdə olmalıdır. Fəaliyyətdə olduqca faydalı olmalıdır.
Seminara qoşulanlar arasında elə xanımlar var idi ki, onlar komputeri söndürüb- yandırmağı belə bilmirdilər. Biz onlara komputer kursları təşkil etdik.
Və beləliklə həmin xanımlar elementar biliklərə yiyələndilər. Hər hansı bir sahədə işləyəndə də biliklərini təkminləşdirəcəklər. Onlar evin bir küncündə oturub yas saxlamaqla deyil, hər hansı bir işlə məşğul olacaqlar.

Psixoloji dəstək oldu, bu mütləq idi. Xanımları mənəvi buxova salan fikirlərdən qoparmaq üçün müəyyən psixoloq seansları keçirildi.

Bəzən deyirik ki, psixoloqa ehtiyacımız yoxdur. Ancaq psixoloqla söhbət edəndə elə məqamlara toxunur ki, hiss edirik ki, psixoloji dəstəyə ehiyacımız varmış. Sadəcə biz bunun fərqində olmamışıq.

Bizim oktyabr ayında təlimlərimiz başlayacaq. Həssas qrup qadınlar üçün “ Öz işini qur” adlı təlim olacaq. Şəhid- qazi xanımları, şəhid- qazi anaları və bütövlükdə həssas qrupa aid olan büün xanımlar iştirak edəcəklər. Hər hansı bir bacarığı və əl qabliyyəti olan xanımlar var ki, hazırladıqları məhsulları şatışa çıxara bilmirlər. Bu prosesdə hardan başlayacağını bilməyən xanımlara bir “yol xəritəsi” cızacıyıq.

Təlimin mövzularnı artıq planlaşdırıb tərtib etmişik. Düşünürəm ki, bu seminar o qadınların sahibkar kimi formalaşmağına yardımçı olacaq.

Əntiqə Kərimzadə