adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Mart 2023 15:39
745
ƏDƏBİYYAT

ŞAİR ÖNCƏGÖRMƏSİ - "ZƏNCİNİN ARZULARI" -  Nəriman Qasımoğlu yazır

Çağdaş Amerika tarixinin ən parlaq simalarından biri, qaradərililərin siyasi azadlıqlarına qovuşmasında müstəsna xidmətləri olmuş Dr. Martin Lüter Kinq 1963-cü ilin avqust ayının 28-də Vaşinqtona yürüş tədbirində uca kürsüdən 250 minlik kütlə qarşısında nitqlə çıxış etdi.  

Dr. Kinq ehtiraslı və təsirli çıxışında Afrika mənşəli Amerikalıların gələcəyinə yönəlik bərabərlik arzularını dilə gətirdi. 

Nitqin bu hissəsini bəziləri caz musiqisi qəbilindən “improvizə edilmiş bərabərlik təranələri” kimi təqdim edir. Qaradərili lider təkrar-təkrar “I have a dream” (“Mənim bir arzum var”) deyir. Və hər təkrarında bu arzunun nədən ibarət olmasını vurğulayır. 

Dr. Kinqin həmin nitqi “I Have A Dream” başlığı ilə tarixdə ən məşhur nitqlərindən biri kimi qeydə alınmışdır.

Məşhur nitqdən 15 il öncə, 1948-ci ildə Səməd Vurğun “Zəncinin arzuları” poeması yazmışdır. 

Bu poemada da qaradərili fəal uca kürsüdən nitq edir, arzularını birər-birər dilə gətirir. Əsərdə sovet ideologiyasına təzim jestləri (“Lenin”, “Qızıl  meydan”, “26-lar“, “kommunizm” və s.) ilə müşayiət olunan sətirlər müasir oxucuların bir çoxunda rəğbət oyatmaya bilər. Vurğulamaq istədiyim mətləb odur ki, zəncinin arzularının ifadə edildiyi nitq müstəvisində şairin qələmə aldığı bu bədii-poetik nümunə ilə Dr. Kinqin nitqi arasında forma və məzmun uyarlığı üzdədir. 

Bunu şairlərə xas öncəgörmə kimi də dəyərləndirərdim. 

Ədəbiyyatda bədii planda verilmiş hansısa ayrıntıların sonralar həyatda təkrarlanmasına dair nümunələr var. Belə nümunələrin əksəriyyətini bir qayda olaraq elmi-bədiiyyat janrında yazılmış əsərlərdə görmək olur.  

“Zəncinin arzuları” isə vurğuladığım mənada fərqli kontekstdə olduğu üçün diqqətimi çəkdi.