SADƏCƏ,TOĞRUL NƏRİMANBƏYOV
Hörmətli redaksiya.
Mən bu yazını Xalq rəssamı Togrul Nərimanbəyovun vəfat etmə xəbərini eşitdiyim günün səhərisi yazmışdım. Amma o vaxt çap etdirməmişdim.İndi o acı xəbəri eşitdiyim vaxtdan 9 ildən də artıq vaxt keçəndən sonra,unudulmaz Toğrul Nərimanbəyovun şəxsiyyətinə və sənətinə böyük sayğımın ifadəsi olan bu yazını doğma “Ədalət” qəzetinə göndərmək qərarına gəldim.
SADƏCƏ,TOĞRUL NƏRİMANBƏYOV.
Toğrul Nərimanbəyov Parisdə dünyasını dəyişdi.Biz böyük bir Azərbaycanlını itirdik.Bu böyük bir itkidir. Axı bir də ikinci Toğrulumuz olmayacaq.Necə ki,ikinci Nizamimiz,ikinci Fizulimiz,Üzeyir bəyimiz, Səttarımız, Qaramız, Rəşidimiz... yoxdur. O,anasının doğulduğu Fransada haqq dünyasına qovuşdu.Və biz bu ağır xəbəri çox gec- altı gündən sonra bildik.Çox qəribədir,xalqımızın ən məşhur,ən görkəmli sənətkarının ölümü bizə bu qədər gec gəlib çatdı.Bu da dünyanın qəribəliklərindən biridir.
O,ətrafına işıq paylayan adam idi.Bir yerdə görünəndə,küçədə gedəndə,istər- istəməz ətrafdakı adamlar dayanıb,bütün varlığı ilə qeyri-adi olan,bizlərdən biri olmadığı ilk baxışdaca aydın sezilən,kübarlığı ilə tanımayanları belə heyrətdə qoyan bu maraqlı insana tamaşa edirdilər.Onda bir sehr var idi və bu sehrlə o bizim hamımızı sehrləyə bilirdi...
O böyük bir insan idi.Dünyada heç kəsə bənzəməyən rəssamlardan sayılırdı.O bütöv günəşi tablolarına gətirə bilirdi,onun tablolarındakı günəş,göylərdəki günəş qədər parlaq idi,tablolardakı günəş ətrafa işıq saçır,insanların qəlbinə bir hərarət,istilik gətirirdi.Dünyada yeddi rəng var deyirlər,qalan bütün rənglər həmin yeddi rəngdən alınır.Toğrulun tablolarındakı rənglərin sayını güman edirəm ki,kimsə bilmir.O bir rəng sehrkarı idi,onun rəngləri- göy, qırmızı, sarı, narıncı,ağ,cəhrayı,mavi,yaşıl...insanın qəlbinə rahatlıq gətirir.Hər rəngin neçə çaları var?- bilmirəm.Toğrulun tablolarına baxın,göy rəngin,qırmızı rəngin, sarı rəngin...müxtəlif çalarlarını seyr edin- insan bu rənglərə valeh olur.Bu rəngləri sevməmək,bu rənglərə valeh olmamaq,bu rənglərin sehrinə düşməmək sadəcə olaraq mümkün deyil.Toğrulun müxtəlif tablolarındakı narlara tamaşa edin.İstər qış ayları olsun,istər payız,istər yaz,istərsə də yay,istər nar mövsümü olsun,ya olmasın,dəxli yoxdur,Toğrulun tablolarındakı narlara baxanda insan gülöyşə,mələs,şirin,turş,sulu narların dadını damağında hiss edir.Onun “Muğam” tablosundakı “Segah”ın zərif,kövrək melodiyalarını, “Rast”ın müdrik ahəngini,”Cəngi”nin üsyankar ruhunu, “Mənsuriyyə”nin qələbəyə səsləyən səslərini eşidirsən,o tabloya baxarkən xalq mahnılarımızın ecazkar sehrinə düşürsən.Doğma Bakımıza həsr etdiyi tablolarda əzəmətli şəhərimizlə bağlı qürur hissi yaşayırsan.Toğrulun çəkdiyi əzəmətli Qız Qalası rəsmləri- gerçək Qız Qalası qədər möhtəşəmdir.Şirvanşahlar sarayı da,Abşeron,Naxçıvan mənzərələri,dağlarımız,çəmənlərimiz də... həmçinin...Çəkdiyi natnümortlarda meyvələrin dadını,çiçəklərin ətrini hiss edirsən.Onun çəkdiyi ağacların gözəlliyi göz oxşayır.Həmin ağacların sərinliyi bütün ruhuna hakim kəsilir.O bir rəng ixtiraçsıdır.Bu vaxta qədər görmədiyimiz,təsəvvür etmədiyimiz rəngləri onun tablolarında görmək mümkündür.
Onun misilsiz istedadı,ilhamı,dünya görüşü,mövzu-maraq dairəsi,tablolarında istifadə etdiyi rəng çalarları qədər sonsuzdur.O,Dədə Qorqudu da,Kral Liri də tamam fərqli anlamda,yalnız ona- Toğrula xas olan bir üslubda çəkir (Kral Lir- başına müsibətlər gəlmiş bu keçmiş Kral həm ingilisə,həm almana,həm hindliyə...həm də azərbaycanlıya oxşayır (əslində bu tabloda Toğrul özünü-öz avtoportretini çəkib).Yəni insan hissləri hər yerdə eynidir.Dərd hər yerdə dərddir,sevinc hər yerdə sevincdir.Yəni dərdin də,sevincin də vətəni yoxdur.Kral Lir kimi adamlar dünyanın hər tərəfində var,ona görə də onun təsvir etdiyi Lir həm də azərbaycanlıya oxşayır,ingilislər onu ingilisə,fransızlar fransıza,hindlilər də hindliyə oxşada bilər).O bir tabloya bütöv bir nağılı,bütöv dastanı sığışdıra bilirdi.Əslində sığışdırmaq sözü burada yerinə düşmür- onun tablolarında heç bir artıq detala rast gələ bilməzsən,eyni zamanda onun tablolarında iynə ucu boyda da olsa nəyinsə çatışmadığını təsəvvür belə etmək olmaz.Onun əsərlərində mükəmməl bir tamlıq,bütövlük var.O.bir tabloda bütöv bir tarixi,bütöv bir epoxanı canlandıra bilir.Təsəvvür edin- bir tabloda bir millətin bütöv bir tarixi! Adət -ənənəsi,mədəniyyəti,düşünçə tərzi, məişəti,məşguliyyəti,əxlaqı,şəhərləri,abidələri,dağları,kəndləri,bulaqları,şəlalələri,insanları...Bir küll halında möcüzəli,sehrli heyrətamiz bir aləm.
O özü də bir nağıl,dastan qəhrəmamına bənzəyirdi,əfsanəvi bir adam idi,elə bil öz nağıl pannolarından birinin qəhrəmanıdır,ona görə də,özü də sağlığında,öz zahiri görkəmi ilə belə bir əfsanəvi təsir bağışlayırdı.O bir məktəb yaratmışdı,Sezann kimi,Van Qoq kimi,Pikasso kimi rəssamlıqda inqilab edən bir rəng və fırça dahisi idi.
Toğrul Nərimanbəyovun tablolarında gerçəkliklə əfsanələr vəhdətdədir.Onun sənəti Şərqin zəngin qaynaqlarından- “Min bir gecə” nağıllarından,bayatılardan,xalçalardan,əsatirlərdən,qədim şərq memarlığından,muğamlardan,minatürlərdən,Yapon xaykularından...qaynaqlanırdı,eyni zamanda Qərb mədəniyyətini də (intibah dövrü rəssamlıgı, impressizmi, modernizmi, Klassik və müasir Avropa ədəbiyyatı və s.) gözəl bilirdi.Onun elə əsərləri var ki, bu tablolarda Şərq mədəniyyəti ilə Qərb mədəniyyəti bir harmoniya təşkil edir.Eyni zamanda nağıl,əfsanə,əsatir və gerçəklik onun fırçasında rənglər ilə birləşir- əsrarəngiz bir tablonu hasilə gətirirdi.
O çox maraqlı bir insan idi.Xarici görkəmindən tutmuş sənətinə qədər maraqlı bir insan.Bu yazını yazarkən,Toğrul Nərimanbəyova xitab edərkən “maraqlı”,”qeyri-adi” sözləri elə qeyri-ixtiyari olaraq qələmimin ucuna gəlir.Mən həyatımda çox maraqlı insanlar gördüm,amma Toğrul Nərimanbəyov kimi qeyri-adi,maraqlı bir insan görmədim.O özü bir incəsənət əsəri,nadir təbiət hadisəsi idi.Allah ona həm cismən,həm də ruhən bütün gözəllikləri vermişdi.O sənətlə nəfəs alırdi.Buna rəğmən deyərdim ki,O,həm də böyük bir müğənni idi-klassik Avropa bəstəkarlarından oxuduğu ariyalardan aldığım zövqü heç bir ifaçıdan,hətta Luçano Povarratti kima azman bir ifaçının ifasından da ala bilmədim.Xalq mahnılarımızı onun qədər həzin,şirin oxuyan barmaqla sayılası xanəndələrimiz var.Ölməz Üzeyir bəyin əsərlərinin Bülbüldən və Rəşid Behbudovdan sonra ən böyük ifaçısı da mənim üçün Toğrul Nərimanbəyov idi.
***
Tale bizə bəzən böyük xöşbəxtliklər nəsib edir.Müasirimiz olan dahilərlə görüşmək,ünsiyyətdə olmaq,ya da sadəcə olaraq onları görmək xöşbəxliyi.Axı,ömür insana yalnız bir dəfə verilir,ömrüm möhlətini isə Allahdan başqa kimsə bilmir.Rəşid Behbudovu,Müslüm Moqamayevi,Toğrul Nərimanbəyovu...görən,onlala bir iki kəlməlik də olsa söhbət edən- müasirim olan insanları mən xöşbəxt insanlar adlandırardım.Və nə yaxşı ki,tale məni Toğrul Nərimanbəyovla görüşməyi nəsib edib.Bu görüşlərin birincisi ötərgi olub.Keçən əsrin 70-ci illərinin axırları idi.Bakıya qar yağmışdı.Azneft adlanan meydandan- Bulvara tərəf gedən yolda onu tələsik addımlarla harasa gedən gördüm.İndiki kimi yadımdadır; əyninə qəhvəyi rəngli,uzun dəri plaş geyinmişdi.Başında dama-dama kepka.Sol əlini ona xüsusi görkəm verən saqqallı çənəsində düyünləmişdi.Tələsik addımlarla,fikirli halda harasa tələsirdi.O qədər fikirli idi ki,ətrafda dayanıb maraqla onu izləyən insanları belə sanki görmürdü.O cümlədən üç addımlığında olan məni də...
İkinci dəfə onu 1986-cı ilin payızında,böyük şairimiz Bəxtiyar Vahabzadənin- Azərbaycan Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyində görmüşəm,həmin yubiley gecəsində mən də iştirak edirdim.Toğrul Nərimanbəyov birinci cərgədə,Rəşid Behbudovla yanaşı əyləşmişdi.Sonralar,Lüksemburqda yaşayarkən dostlaşdığı mütəfəkkir yazıçı Çingiz Aytmatov da həmin təntənəli gecədə iştirak edirdi...Təəssüf ki,həmin unudulmaz gündə də Toğrul Nərimanbıyovla görüşmək,sadəcə olaraq bu böyük rəssamın heç olmzsa əlini sıxmaq imkanim olmadı...
Üçüncü dəfə isə...1987-ci ilin iyun ayı idi.İşimlə əlaqədar olaraq məni Bakıya,10 günlük seminara çağırmışdılar.Bakıya gəldiyimin 3-cü,ya da 4-cü günü idi.Həmin gün atam da Bakıya gəlmişdi.Atamla birlikdə Xaqani küçəsində yerləşən Yazıçılar İttifaqına gəldik.Atam Yazıçılar İttifaqına getdi.Mən isə o vaxtki 26-lar bağında dayanıb atamı gözləyirdim.Bu zaman “Azərbaycan” mehmanxanası tərəfdən Toğrul Nərimanbəyovun gəldiyini gördüm.O zaman da,indi də Toğrul Nərimanbəyovu mən təkcə Azərbaycanın yox,dünyanın ən maraqlı şəxslərindən biri hesab etmişəm...Mən onunla hökmən görüşməli,söhbət etməli idim.Həm də ondan avtoqraf almaq istəyirdim.Amma üstümdə nə qələm var idi,nə albom.Toğrul Nərimanbəyov da məni görmüşdü,iti fəhmi ilə,deyəsən keçirdiyim hissləri də başa düşmüşdü...Tələsik yaxınlıqdakı köşkə tərəf qaçdım; köşk yolun əks tərəfində yerləşirdi,maşınlar belədən belə şütüyürdü və onların hərəkətinə mane olduğum üçün məni siqnal atəşinə tutmuşdular.Hətta sürücülərdən deyinənlər də vardı.Köşkün qarşısında bir neçə adam var idi.Tələsik onlardan üzr istəyib bir diyircəkli qara qələm və qəhvəyi meşin cildli bir blaknot aldım.Bütün bu müddətdə bir gözüm Toğrul Nərimanbəyovda da idi.O da mənim qəribə hərəkətlərimə baxa-baxa yoluna davam edirdi və azca geciksəydim o,əks istiqamətdəki yolu keçib o vaxtki 26-lar metrosunun qarşısındakı qələbəlikdə gözümdən itə bilərdi...Aldıqlarımın pulunu verib tələsik geri döndüm.Yenə də maşın siqnallarının səsi,mənim təhlükəli hərəkətimdən deyinən sürücülər...Yolun əks tərəfinə adladım...Və artıq Togrul Nərimanbəyovla üz-üzə idim:
-Salam Toğrul müəllim- dedim.
Toğrul Nərimanbəyov gülümsəyərək:
-Salam- dedi.
-Toğrul müəllim,mən Sizin sənətinizin pərəstişkarıyam.
Toğrul Nərimanbıyovun üzündə həmin ifadə:
-Gördüm-dedi.
-Lap uşaqlıqdan haqqınızda yazılan bütün kitabları,məqalələri oxumuşam,evimizdə Sizin albomlarınız var.Tez-tez Sizin albomlara baxıram- Həyəcanlı idim.Sözləri tələsik,birnəfəsə deyirdim.
-Çox sağ olun,təşəkkür edirəm.
Bu vaxt bir nəfər bizə yaxınlaşdı.Toğrul Nərimanbəyovla,sonra da mənimlə görüşdü.Bu məşhur jurnalist Nurəddin Babayev idi.Nurəddin müəllim Toğrul Nərimanbəyova bir neçə xoş,isti sözlər dedi.Nurəddin müəllim çox səmimi insan idi.Bu səmimiyyət onun şirin danışığında xüsusi ilə nəzərə çarpırdı.Nurəddin müəllimin dediyi bütün sözlərin ürəkdən gəldiyi şübhəsiz idi.
-Xalq Sizi çox sevir Toğrul müəllim- Nurəddin müəllim sanki bütün dediklərinə yekun vururmuş kimi dilləndi.
-Təşəkkür edirəm- Toğrul Nərimanbəyov Nurəddin Babayevə təşəkkür edib yenidən mənə döndü:
-Harada yaşayırsınız?- deyə məndən soruşdu.
-Neftçalada.
-Adınız nədir?
Adımı dedim.Yenədə də Toğrul Nərimanbəyov haqqında bir neçə xoş söz deyib bayaq köşkdən aldığım blaknotu,qələmlə birlikdə ona uzatdım.
-Xahiş edirəm bura yadigar nəsə çəkin- dedim.
Togrul Nərimanbəyov qəribə bir şəkildə -Oy- deyib gülümsədi və blaknotla qələmi məndən aldı.
Elə bil Nurəddin Babayev mənim şəxsimdə bir az əvvəl dediklərinin təsdiqini tapmışdı:
-Görürsünüzmü Toğrul müəllim,bir az əvvəl –Sizi xalq sevir- deyəndə belə insanları nəzərdə tuturdum- dedi.
-Narla aran necədir? –deyə Toğrul Nərimanbəyov məndən soruşdu.
Mən o dəqiqə başa düşdüm.Nar onun tablolarında bir simvolik məna daşıyırdi.
-Əla –dedim.
Qələmi vərəqin aşağı tərəfinə gətirdi və vərəqin aşağı tərəfindən çəkməyə başladı.Elə maraqla çəkirdi ki...Mən heyranlıqla onun qələm tutan əlinin “rəqsinə” baxırdım.Heyrətamiz idi.Nar rəsmini çəkib bitirəndən sonra:
-Bəs dağla aran necədir?- deyə soruşdu və cavab gözləmədən dağ şəkli çəkdi..
-Buludsuz dağ olar?..
Bu dəfə öz sualına özü cavab verərək:
-Əlbəttə yox- dedi. Və buludları da çəkəndən sonra:
-Demək adın Etibardır – deyib vərəqin uc tərəfinə “Эхтибара” sözünü yazdı (Qəribədir,Vaxilə Rəşid Behbudov da mənə avtoqraf verəndə adımı Etibar yox,Эхтибар yazmışdı).Toğrul Nərimanbəyov sonra da öz imzasını yazdı.
Şəkil (avtoqraf) hazır idi.
-Bilirsən,bu narla buludlu dağlar (çəkdiyi şəklə işarə etdi) mənim vizit kartımdır.Elə hesab elə ki,mən Sənə həm də öz vizit kartımı verirəm- dedi.
-Çox sağ olun- dedim- Amma Toğrul müəllim,mən elə bilirdim Sizin vizit kartınız təkcə nardır.
Yenə də bayaqki kimi –Oy- deyib bu dəfə qəhqəhə çəkib güldü:
-Elə isə qoy sənin üçün ayrıca bir nar şəkli də çəkim- deyərək vərəqi qatladı,növbəti səhifəyə bütün vərəq boyunca bir nar şəkli çəkdi,tarixi yazdı və imza qoydu.
Mən blaknotu alıb bir daha:
-Təşəkkür edirəm,sağ olun- dedim.
O,əlini mənə uzatdı:
-Əgər istərsən emalatxanama gəl- dedi.
Sonra Nurəddin müəllimlə görüşüb yoluna davam etdi.
Mən ondan sonra Toğrul Nərimanbəyovu görmədim.Xaricə köçdü.Hər Bakıya gələndə və mən bundan xəbər tutanda onunla görüşmək istədim.Amma qismət olmadı.
...Dünən isə,yəni 2013-cü ilin 8 iyununda,televiziyada onun ölüm xəbərini eşitdim.
Heyf...Çox heyf...
ETİBAR ƏBİLOV,
NEFTÇALA.
9 iyun 2013.
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24


Bakı -°C

