adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2023 19:10
1561
MƏMLƏKƏT

Rey Kərimoğlu:"Qazinin  ölümü onu şərləyən "jurnalistin" vicdanına yazılı qalacaq"

"Azərbaycanın qeyrətli oğullarından biri, məşhur Qarabağ qazisi Oruc Məmmədalıyevin vəfatından 17 il keçir".

Adalet.az xəbər verir ki, bu sözləri  tanınmış jurnalist, Qarabağ qazisi  Rey Kərimoğlu öz sosial şəbəkə hesabında yazıb . Kərimoğlu döyüş yoldaşını anaraq paylaşımına bu sözləri əlavə edib: " Oruc, ANS kanalı tərəfindən açıq-aydın şərlənərək həbs edildi. O həbs Qazinin onsuz da ağır olan sağlamlıq durumunu daha da pisləşdirdi. Onun ölümü dünya durduqca bir başa ANS kanalının rəhbərlərinin və məhkəmədə yalandan şahidlik edən, Orucu şərləyən "jurnalistin" vicdanına yazılı qalacaq. Bir də bu işi sifariş edğn Ramiz Mehtiyevin boynundadır!

O.Məmmədalıyev 1969-cu ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində doğulub. 1991-1993-cü illərdə Qarabağda erməni işğalçılarına qarşı vuruşub. 1993-cü ildə Tuğ kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. İkinci qrup Qarabağ əlili, Qarabağ Əlillər Cəmiyyətinin Cəbrayıl rayon şöbəsinin sədri idi. Ruhun şad olsun, qardaş!"

Qeyd edək ki, İkinci qrup Qarabağ əlili olan  Oruc, Qarabağ Əlillər Cəmiyyətinin Cəbrayıl rayon şöbəsinin sədri idi. O 2005-ci ildə Müsavat Partiyasının sıralarına qoşulmuşdu.

Cəsur döyüşçü Qarabağ Əlillər Cəmiyyətinin 2001-ci ilin yanvar-fevral aylarında təşkil etdiyi ümumrespublika aclıq aksiyasının ən fəal iştirakçılardan olub. Həmin aksiyaya görə 2001-ci ilin fevralında digər döyüşçü qardaşları ilə birgə həbs edilib və siyasi sifariş əsasında məhkəmə hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Bir müddət sonra o vaxtkı dövlət başçısı Heydər Əliyevin fərmanı ilə əfv edilib.

O.Məmmədalıyev həbsdən çıxandan sonra da demokratik mübarizənin ön cərgələrində dayanırdı. 2003-cü ilin prezident seçkilərindən sonra öyrədilmiş şəxslərin AXCP qərargahı qarşısında keçirmək istədiyi “aksiya” zamanı ANS-in kamerasının sındırmaqda ittiham edilərək həbs olundu və 4 ay Bayıl təcridxanasında saxlanıldı. Halbuki məhkəmədə Orucun bu işi törətdiyi sübut olunmadı. Amma buna baxmayaraq, məhkəmə qərarı ilə o, etmədiyi cinayətə görə 14 milyon manat vəsait ödədi. Məhz bu saxta ittihama görə vətən uğrunda sağlamlığını itirmiş döyüşçü 4 ay həbsdə yatarkən yüksək qan təzyiqi xəstəliyinə düçar olmuşdu.

Ailəli idi. Bu vətən üçün iki yadigarı qalıb - bir oğlu, bir qızı.

Əntiqə Rəşid