adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 May 2022 18:19
1104
ƏDƏBİYYAT

REGİON POEZİYASI  - Nizaməddin Şəmsizadə yazır

Mətləb Milli - 1965-ci ildə Qərbi Azərbaycanın Vedi mahalında, türk obası olan Bayburdda anadan olub. 1993-cü ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Hazırda Göy-göl rayonunun Kərəmli kənd tam orta məktəbinin direktoru işləyir. İlk görüşümüzdə Mətləb müəllim mənə əsl maarif təşkilatçışı, nəcib milli ziyalı, istedadlı SÖZ adamı təsiri bağışladı. O, 1988-ci ildə doğma ata-baba yurdundan didərgin düşmüş El dərdini unuda bilmir və bu acı onun şeirlərinin leytmotivini təşkil edir.            

 

Deyirlər ürəyin sümüyü yoxdu

Bəs nədi qırılan, sınan ürəkdə 

Qırılan bilinmir, sınan bilinmir 

Param-parçam olub güman ürəkdə.

 

Bu bəndi Mətləb bəyin dilindən eşitdim, "Ağrı dağdan gələn nəfəs" (2020) kitabındakı əksər şeirlər bu ruhda, nəfəsi kəsilən Ağrı dağının ağrı yaddaşından süzülüb gəlir.

 

Həsrətindən yandı canım

Məni dərdə salan nəfəs 

Neçə ildi ayrı düşüb 

Ağrı dağdan gələn nəfəs.

 

Ağrı dağdan gələn nəfəs

Mən Mətləbin ruh nəfəsi

Gecə-gündüz haray çəkən

Yurd sevgisi, yurd nəfəsi.        

                           

"Gözəldən gözəldi dil vədəsində" leytmotivli şeiri bir qədər xalq şairi Cabir Novruzun məşhur "Sağlığında qiymət verin insanlara" şeirini xatırlatsa da, əslində aşıq şeiri-qoşma tərzində yazılmış ibrətli poeziya faktıdır:

 

Dünyaya bir dəfə gələn, ay insan,

Dünyanın qədrini bil vədəsində.

Ağlayıb, sızlayıb tökmə göz yaşı

Sevin vədəsində, gül vədəsində.

 

Milli insanda əzəldən bəri

Gözəldən gözəldi dil vədəsində!

 

Mətləb Milli insanı tərənnüm edir, dahi Nizaminin "Təbiətin tacı", "Yaranmışlarm əşrəfı" adlandırdığı bu ülvi varlığın yaşamaq haqqını təsdiq edir. "Həyat yaşamağı bacaranındır" - şairin şeirlərinin əsas leytmotivi budur! Bütün çətinliklərə, fərdlərə, problemlərə baxmayaraq - yaşayan, dünyanın qədrini - ömrün aliliyini dərk edən insan Allahın iradəsini yerinə yetirir: "İnsan üçün nə gözəldi qəlbdə din" Mətləb bəyin  tapdığı həqiqət belədir:

 

Siyrilsin qılınc tək qınından qeyrət,

Çəkilsin qaranlıq, çəkilsin zülmət

Var olsun dünyada türk kimi millət 

Türkün türküləri, qoy şənim olsun.

 

Milli təəssübkeşlik, türkəsllik ilə fəxarət, tarixi keçmişə ehtiram Mətləbin şeirlərinin əsas bədii-fəlsəfı qayəsidir. Mən həmişə deyirəm: dünya ona görə gözəldir ki, orada türklər yaşayır. Şahə qalxan türk atının kişnərtisi dünyanın ilk azadlıq himnidir. Belə bir ruh Mətləb Millinin də şeirlərinin pafosunu təşkil edir.

İldırım Əlişoğlu - 1950-ci ildə qəhrəman Ağdamın Quzanlı kəndində anadan olub, Şuşada Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib.

Yevlax rayonunun Aran qəsəbəsində müəllim işləyib. Doğma Vətən, əsir Qarabağ dərdi onu şair edib.

 

Qartalın dağlardan aşağı gəlir

Yuxuma şəhidin uşağı gəlir

Ağdamdan erməni işığı gəlir

Allah, bu illəri ömrümə yazma!

 

Şairin öz dilindən eşitdiyim bu bəndi yazıb, İldırım Əlişoğlu vətəndaş şairidir - deyərək sözümü tamamlamaq istərdim! Dənizin şorluğunu bilmək üçün bütün dənizi içmək lazım deyil, bir damla kifayət edər. Şair təkcə Qarabağa deyil, bütöv Azərbaycan idealı ilə yaşayır:

 

Ayağım Bakıda küçələr ölçür

Gözlərim Təbrizə hələ yol çəkir.

 

Dilimizdə həsrət ifadə edən "Gözüm yol çəkir" deyimini şair özü istədiyi mənada uğurla şeirə gətirib. "Hər əsər həyatda alınan ətir // Düşür damcı-damcı vərəqlər üstə" - belə bir uğurlu poetik tapıntıda "ətir" sözü yeni məzmunda işlənilir. Mənim yazılarımın biri "Torpaq ətri" adlanır. Bu beytdə də "ətir" sənətdə gerçəkliyin cövhəri-realizm mənasında işlədilir. Daha bir novayor bənd:

 

Sevgilimin üstünə yasaq düşübdü,

Həsrətdən içimə sazaq düşübdü,

Qollarım o qədər uzaq düşübdü

Səsini qoymuşam başımın altda.

 

Düşmək Günəşə xas xüsusiyyətdir, dahi Füzuli ilahi Eşq dastanı olan "Leyli və Məcnun" əsərində "Məcnun səhraya düşdü" deyərək, Məcnunu günəşə bənzədir. İldırım Əlişoğlu sözdən elə həssaslıqla istifadə edir ki, "yasaq" sözünün gizli, fəhm olunan mənalarını yaddaşa göndərir. "Həsrət sazağı" deyimi də yenidir, həsrətin insanı içdən üşütdüyünə işarə edir. Lirik qəhrəman "qollarım o qədər uzaq düşüb" deyimi ilə sevgilisindən ayrı düşdüyünü rəmzləşdirir. Bir dəfə ərli bir xanım mənə dedi ki, sevdiyim adamın şəklini balışımın içinə qoyub, hər gecə onunla yatıram. Bu bənddə şair daha poetik deyir: "səsini qoymuşam başımın altda" - yəni lirik qəhrəman - sevən aşiq sevgilisinin səsini dinləyərək bu səsin aurasında yatır. Beləliklə, söhbət əsl poeziyadan gedir.

Otuz il əsirlikdə qalan Azərbaycanın zümrüd tacı Şuşaya çox şeirlər yazılıb. Onlardan birini də İldırım yazıb:

 

Neçə ruh asılıb başının üstdən 

Getməyib qanımız daşının üstdən

Kədərim boylanır qaşımın üstdən

Gözündə quruyan silinməz yaşam

Şuşam, ay Şuşam.

 

Burada Şuşa adi, məlum sözlərlə vəsf olunmur, "başının üstə ruh asılan", daşının üstə şəhid qanı quruyan", "qaşının üstə kədər boylanan, "gözündə vətən oğullarının yaşı quruyan" şəhəri kimi tərənnüm olunur.

 

Dikəlib zamanın üzünə baxdıq

Azadlıq vəd edən gözünə baxdıq

Qırdıq köləliyin zəncirlərini,

Atdıq, qaldırdığı tozuna baxdıq –

İyirmi yanvarı kim unudar ki?

 

Tərənnüm etdiyi olayın ən müvafıq obrazını tapmaq, şablon, bəsit, deklorativlikdən uzaq simvolik yozum İldırımın yaxşı şeirlərinin əsas xüsusiyyətləridir. İyirmi yanvar xalqımızın azadlıq mübarizəsinin şərəf, qürur və şəhidlik tarixidir. Bu həm də bizi əsarətdə saxlayan SSRİ adlı qorxunc imperiyanın ölümü, yeni, müstəqillik erasının qanlar bahasına doğum tarixidir. "Ayrılıqdan ləpə dilində nağıl danışan cahili, "axıb durulan xatirələr", "beli qırılan yaşamlı illər", " içində qoluna vurulan zəncir", "cığıra dolan hönkürtü", "təklikdən saçını yolan meşə", "qəlbdə nifrətdən qalanmış ocaq", "dağların belinə qol tək dolanan ümid yolu" - bu qədər

obraz beş bəndlik bir şeirdə çox deyilmi?!Bu frazeologiya sistemi İldırım Əlişoğlunun "Göyçənin əsir Şişqaya kəndinin şəklini gördüm" şeirinin poetik strukturunu müəyyənləşdirir.

 

İldırım Əlişoğlunun üç kitabı ilə tanış oldum: "İçimdən boylanan adam" (2013), "Gözlərində görüş yerim gizlənib" (2020) və "Dağlar məni danışdırdı" (2020). Göründüyü kimi kitabların adları da elə şeirdi - poetikdi. Bu onu göstərir ki, təkcə ayrı-ayrı şeirləri yox, ümumiyyətlə İldırım Əlişoğlunun bədii təfəkkürü, düşüncə tərzi poetikdi və bu bir şair olaraq özlüyündə çox şey vəd edir.

 

Ələsgər Talıboğlu - ixtisasca  filoloqdur. 1959-cu ildə ulu Naxçıvanın Şərur

rayonunda - Kərimbəyli kəndində anadan olub. 80-ci illərdən şair kimi dərc olunub:

"'Qəm karvanı", "Vətən nəğmələri", "Bir kəhər kişnəyir yuxularımda", " O yurd

mənim yurdum idi", "Şeir- göyərçin dənidir", "Göylər mənim deyil ki" maraqiı şeir

kitabları çap edilib. Lakin o bir müddət susub, enerji toplayıb, öz poeziya təsərrüfatını nəzərdən keçirib. İstedad bulaq kimidir, bir yerdə batıb bir yerdə-zamanda daha gur şəkildə ortaya çıxır. Xeyli müddətdən sonra Ələsgər müəllim dalbadal üç sanballı şeir toplusu çap etdirib: "Salam, ata ocağı" (2020), "O vətəndir satılmaz" (2020), "Dərdə səpilən toxumam" (2021) kitablarının təkcə həcmi deyil (1008 səh), poetik siqləti də sanballıdır.

Vətən, onun dağı-dərəsi, çayı-şəlaləsi, yarpağı titrək vələsi, kol dibində üşüyən bənövşəsi, həsrəti, kədəri, param-parça olmuş qürbətdə qalan qara torpağı Ələsgərin bədii-fəlsəfı obrazlarıdır. Vətən doğma yurddan - ana qucağından, ata ocağından başlanır:                                         

 

Salam, zamanında cavanlıq edib  

Sahib çıxmadığım, ay ata yurdum.

Mən sənin qoynunda qaldığım anlar 

Necə də bəxtiyar, necə də hürrdüm.

 

Bu duyğular kənddən şəhərə oxumağa gəlib şəhərdə ömrü boyu doğma yurd həsrəti ilə yaşayanlar üçün çox əzizdir.

Köksündə nəğmə əvəzinə dərd dinən şair özünü "qəmlə yüklü bir yolçu" adlandırır, "dodağımda qərib nəğmələr donub" - deyir. Və belə deyimlər göstərir ki, Ələsgər Talıboğlu kökündən şairdir, sözün qayğısına qalan, ona milli sərvət kimi yanaşan, sözü urvatdan düşməyə qoymayan şair-vətəndaşdır. Rus ədəbyyatının klassiki (XIX) Nekrasov "Sən şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan" - demişdi. Ələsgər Talıboğlunun yaradıcılığı elə genş və zəngindir ki, onun haqqında fundamental bir monoqrafıya yazmaq olar. Eşq, sevgi, məhəbbət min illərdir ki, poeziyanın ən mərhəm, səmimi mövzusudur. Bəs Ələsgər onu necə vəsf edir:                                      

 

Hansı gün sən məni düşünmüş olsan

Gələrəm o gecə yuxuna sənin

Burnumun ucunda çiçək tək bitən             

Gələrəm ətrinə, qoxuna sənin.   

 

Bir dəli sevdamın düşüb izinə 

Sürünə-sürünə, dizin-dizinə 

O vüsal anını təpib gözümə

Gələrəm ətrinə, qoxuna sənin.          

 

Çiçəyin, gülün qoxusundan hamı yazıb, amma adamı içdən tanıdan, əbədiyyətinə təminat verən insan ətridir. Mənim dostum, dünya şöhrətli aftolomoloq, fılosof şair, yazıçı və esseist Paşa Qəlbinurun "Qara su" romanında belə bir epizod var: qonşunun qızı öz qonşuları olan yaşlı qadına bir ətir bağışlayır. Arvad ətiri açıb qoxlayır və diksinir. Ətirdən birinci Qarabağ müharibəsində itkin düşmüş oğlunun iyini alır. Və sonra məlum olur ki, erməni faşistləri onun oğlunu xaricdəki ətir şirkətinə satıblar, bu bahalı ətir onun oğlunun ətindən düzəldilib...

 

Beləliklə, hər çiçəyin ətri olduğu kimi hər adamın da öz ətri var. Ələsgər Talıboğlu həssas bir şair olaraq sevgilisinin ətrinə can atır. Körpə uşaqdan ana südünün ətri gələn kimi, gözəl qızdan da məhəbbət ətri gəlir, onu duymaq xoşbəxtlikdir.

Ələsgər Talıboğlu "Mən insanam, pak əməllər // xeyirxahlıq yolçusuyam" deyir, "Günəş olmaq istəyirəm" söyləyərək, "ömürlərə calanmaq" istəyir. O həm də inam, inad və iman şairidir:

 

Arada nə qədər olsa da dağ-daş 

Yağışlar o yerdə qursa da bardaş

Yediyim çörəyə and olsun qardaş 

Bürünüb imana sinə gedərsən.

 

Bəndin ümumi məzmunu bir yana, "Yağışlar o yerdə qursa da bardaş" misrası belə deməyə əsas verir ki, yağışın bardaş qurmasını görmək və göstərmək üçün ancaq tizfəhm şair olmaq lazımdır.

Ələsgərin Vətən şeirləri ənənəvi, deklorativ nəzm deyil, onun Şuşaya, Qarabağa, İlisuya və s. həsr olunmuş kədər və ümid dolu tutumlu misraları var:

 

Dərdə səpilən toxumam 

Elə dərd-dərd də cücərdim. 

Bağban oldum dərd bağında 

Necə "gözəl" bar becərdim.

 

Ələsgər Talıboğlu təkcə dərdə səpilən toxum deyil, o ən yaxşı şeirləri ilə qan əkib can cücərdir -

 Azərbaycan cücərdir!

"Ömrün 60 yarpağı" (2019) kitabı Ələsgər Talıboğlunun müasirlərinə yazdığı ithaf şeirlərindən və müasirlərinin onun yaradıcılığından bəhs edən məqalələrdən ibarətdir. Bu kitabda bir şair kimi onun psixoloji aləmi, xarakteri, dünyabaxışları aydınlaşdırılır. Ələsgər Talıboğlu Azərbaycanı bütöv sevir, o "Bütöv Azərbaycan"ın şairi, ləyaqətli türk yazarıdır.

 

(Ardı var)