adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2015 12:02
110685
ƏDƏBİYYAT
A- A+

Ramiz Rövşən: "Kişilər bir olmur atam balası..."

Bu gün Azərbaycanın sevilən şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi Ramiz Rövşənin doğum günüdür.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. 1981-ci ildən Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Ramiz Rövşəni biz - "Ədalət"çilər də təbrik edirik və şairin ən məşhur şeirlərindən birini bir daha oxucuların ədəbi zövqünü oxşamaq üçün təqdim edirik.


Qara paltarlı qadın


Kişilər bir olmur atam balası 
Qorxağı var, igidi var, 
Amma hər kişinin öləndən sonra 
Qəbri üstdə ağlamağa 
Bir qara paltarlı gözəl bir qadına ümidi var 

Sən öləndə kim olacaq gözlərini bağlayan? 
Qardaşmı olacaq, yadmı olacaq? 
Bu dunyada bəlkə sənə ən çox ağlayan, 
Ən çox ağlatdığın qadın olacaq?! 

Göz yaşları yuduqca baş daşını 
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi 
İllər boyu ağlatdığım bu qadın 
Görən necə saxlayıbdır bu qədər göz yaşını?! 

Bircə kərə nə saçını oxşamışam, 
Nə gözünü silmişəm. 
Gözlərimə batır indi saçlarının hər dəni, 
İllər boyu bu qadına mən axı dərd vermişəm 
İndi görən niyə çəkir dərdimi? 

Bu qadın baş daşımı öpüb sığallamaqdansa, 
Yumruğuyla döysə-döysə yaxşıdı. 
Qəbrimin üstündə ağlamaqdansa, 
Məni söysə yaxşıdı. 

Yeri-yeri,qara paltarlı qadın, 
Kiri-kiri,qara paltarlı qadın. 
Bu qəbir də min qəbirdən biridir. 
Baş daşımı bəsdir basdın bağrına, 
Bütün mənə ağlayanlar kiridi, 
Sən də kiri, qəbrim damır, ağlama...