“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır”
“Əslində yol-nəqliyyat hadisələrinin sayı Azərbaycanda o qədər də azalmayıb. Düzdü, ilbəil müəyyən tədbirlər həyata keçirilir ki, qəzaların sayı azalsın, qanunvericilikdə dəyişikliklər edilir, amma bunun faydası çox az olur. Çünki biz hamımız bilirik ki, sürücülük məktəblərinin bir qismi formal fəaliyyət göstərir. Bakı, Sumqayıt və Gəncədə sürücülük məktəbləri deyə bilərik ki, normal fəaliyyət göstərirlər. Amma digər şəhərlərdə sürücülük bacarığı qabiliyyəti heç bəlli qaydada aşılanmır”.
Bunu Adalet.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda sükan arxasına keçən elə insanlar var ki, əslində onlara avtomobil idarə etmək qadağandır:
“Ağır xəstəliyi, müəyyən məhdudiyyəti, əsəb sistemi pozulmuş, magistral yollarda avtomobil idarə etməyi bacarmayan insanlar var. Avtomobili alırlar və ondan sonra sürməyi öyrənirlər. Onda da şəhərlərarası səfərlərə çıxırlar. Bakı, Gəncə, Sumqayıt içində sürmək başqa, şəhərlərarası, 300-400 kilometr yol qətt etmək başqadır. Bunu hər adam bacarmır. Buna müəyyən vaxt lazımdır. 2-3 ildən sonra təcrübə toplayandan sonra belə sürücülər magistral yollara çıxa bilərlər”.
E.Cəfərov təəssüflə qeyd edib ki, bizim ölkədə bu praktika baş cürdür:
“Vətəndaş avtomobili alır, ondan sonra yollarda maşın sürməyi öyrənməyə başlayır və nəticədə də belə qəzalar olur. Sürücülük məktəblərində bacarıqlar yaxşı aşılanmalıdır. Bu məktəblərin proqramlarına bir daha baxılmalıdır. Ümumiyyətlə, onların fəaliyyəti şəffaf olmalıdır. Maddi-texniki bazalarının hansı səviyyədə olması ilə bağlı ictimaiyyətə hesabatlar verilməlidir. Mən illərdir ki, bununla bağlı heç bir məlumat görməmişəm. Sürücülük məktəblərindən hazırlanan reportjlara da rast gəlməmişəm”.
O, deyib ki, baş verən qəzaların 3 səbəbi var:
“Birincisi, yol-hərəkəti iştirakçılarının bilərəkdən qayda pozmasıdır. Ara məsafəsi saxlamırlar, dönmə işıqlarından düzgün istifadə etmirlər. Sürət həddini həddindən artıq aşırlar. İkinci səbəb magistral yolların bərbad olmasıdır. Üçüncü isə nasaz avtomobillərdir ki, onlar da qəzalara səbəb olur”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

