adalet.az header logo
  • Bakı -°C
02 Mart 2026 10:45
71
SİYASƏT
A- A+

“Əgər İran hakimiyyəti ABŞ ilə danışıqlardan imtina edərsə...”

“ABŞ İranla danışıqlarda məhz Əli Xamenei sonrası mərhələni nəzərə alaraq maraqlı görünür. Öz şəxsi təhlükəsizliyini təmin edə bilməyən qüvvələrin dövlətin və xalqın təhlükəsizliyini təmin etməsi də ciddi suallar doğurur. İranın ali dini rəhbərinin və yüksək rütbəli komandanların bir hücumla aradan götürülməsi ölkənin təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu göstərir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, yeni liderin seçilməsi və komandan heyətinin yenilənməsi belə, onların gələcəkdə yenidən hədəf olmayacağına təminat vermir:

“Bu qədər zəif təhlükəsizlik şəraitində İsrail və ABŞ bazalarına raket zərbələri endirməklə uzunmüddətli hərbi davamlılıq təmin etmək mümkün deyil. Əgər İran hakimiyyəti ABŞ ilə danışıqlardan imtina edərsə, bu, ölkənin daha dərin siyasi və iqtisadi böhranına səbəb ola bilər. ABŞ prezidenti Donald Tramp Əli Xameneidən sonrakı mərhələdə Tehranla danışıqlara və mümkün razılaşmalara hazır olduğunu bəyan edir. İranda mühafizəkar dairələrin prezident Məsud Pezeşkian üzərində qərarvermə səlahiyyətlərini genişləndirməsi ölkənin böhrandan çıxması üçün siyasi imkan yarada bilər”.

Politoloqun sözlərinə görə, İranın körfəz regionundakı ABŞ bazalarına raket zərbələri endirməsi müharibənin strateji balansını Tehranın xeyrinə dəyişmək üçün kifayət etmir:

“Münaqişə uzanacağı təqdirdə, Türkiyə vasitəçi rolunda çıxış edərək Məsud Pezeşkianla Vaşinqton arasında dialoqun bərpasına çalışa bilər. Hazırda İslam İnqilabı Keşikçiləri Korpusu mövqelərindən geri çəkilmədiyini nümayiş etdirir. Lakin proseslərin ümumi gedişatı göstərir ki, ABŞ İranda mövcud dövlət sistemini tam dağıtmaqdan daha çox, onu müəyyən dərəcədə qoruyaraq nəzarət olunan razılaşmaya nail olmaqda maraqlıdır. Vaşinqton üçün Pəhləvi sülaləsi tipli hakimiyyət dəyişikliyi və ya ölkədə genişmiqyaslı separatizmin alovlanması arzuolunan ssenari deyil”.

Vasif ƏLİHÜSEYN