adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 10:58
111
SİYASƏT
A- A+

“Vaşinqtonun məqsədi danışıqlar masasında Rusiyanı güzəştə məcbur etməkdir...”

“Rusiyanın Ukraynaya hərbi işğalından dörd il keçir.ABŞ vasitəçiliyi ilə növbəti dəfə Cenevrədə Rusiya–Ukrayna danışıqları keçiriləcək. Bu görüşlər Ukraynanın cəbhə xəttində müəyyən irəliləyişlər əldə etdiyi bir mərhələyə təsadüf edir. İndiyə qədər baş tutan danışıqların demək olar ki, hamısı əsasən Vladimir Putinin qeyri-konstruktiv və maksimalist mövqeyi səbəbindən nəticəsiz qalıb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, hazırda ABŞ-nin təklif etdiyi variant İyun ayına qədər tərəflər arasında müharibəyə son qoyacaq sənədin imzalanmasını nəzərdə tutur:

“Vaşinqton hesab edir ki, Rusiya danışıqlar prosesində manipulyasiya edir və vaxt udmağa çalışır. Artıq bu səbəbdən ABŞ Ukraynanın mövqeyini gücləndirmək üçün ona ATACMS raketləri və digər hücum xarakterli silah sistemləri göndərib. Ukrayna ATACMS raketləridən Donetskdə uğurlu zərbələr endirir. Müharibənin dörd ili ərzində Rusiya qarşıya qoyduğu əsas siyasi və hərbi məqsədlərə nail ola bilməyib. Bundan sonra da Ukraynada geniş ərazilərin işğalı real görünmür. Əksinə, Ukraynanın müqaviməti və Qərbin hərbi dəstəyi Rusiyanın mövqelərini zəiflədib.Qeyd edim ki, Donald Trampın Ukraynaya dəstəyindən ABŞ-də daxili siyasi amillər də mühüm rol oynayır. Xüsusilə Donald Trumpın Konqresə aralıq seçkilər ərəfəsində mövqeyini gücləndirmək üçün Ukraynaya hərbi yardımı artırması istisna deyil. Çünki, Ukrayna Böyük Britaniya və Avropa İttifaqının dəstəyi ilə ərazi güzəştinə getmir”. 

O, bildirib ki, məhz bundan sonra Vaşinqtonun məqsədi danışıqlar masasında Rusiyanı güzəştə məcbur etməkdir:

“Buna görə də Ukraynanın cəbhə xəttində uğurları daha qabarıq görünür. Maksim Starlinki Rusiya üçün söndürməsi proseslərin tərkib hissəsidir. Qeyd edim ki, Rusiya əvvəlki mərhələlərdə bir sıra sərt tələblər irəli sürürdü: 

Birinci, Volodimir Zelenskini legitim prezident kimi qəbul etmirdi;

İkinci, Ukraynanın beş regionunun ilhaqının tanınmasını tələb edirdi; 

Üçüncü, Ukrayna ordusuna məhdudiyyətlər qoyulmasını istəyirdi;

Dördüncü, Kiyevdə hakimiyyət dəyişikliyi tələbi irəli sürürdü”.

M.Əsədullazadə deyib ki, hazırda isə əsas şərt kimi Donbasın verilməsi məsələsini önə çəkir:

“Ukrayna buna da razılaşmır. Göründüyü kimi, Ukraynanın davamlı müqaviməti Rusiyanı əvvəlki maksimalist şərtlərindən geri çəkilməyə məcbur edib və onun danışıqlardakı mövqeyi xeyli zəifləyib. Eyni zamanda, Qara dənizdə Rusiya donanması ciddi zərbələr alıb, Ukraynanın hava məkanında isə Rusiya qırıcılarının sərbəst fəaliyyəti məhdudlaşıb. Mövcud reallıqlar fonunda növbəti Cenevrə danışıqlarının da asan nəticə verəcəyi inandırıcı görünmür. Rusiya müəyyən mərhələdə təmas xətti boyunca atəşkəsə razılaşmağa məcbur qala bilər”.

Vasif ƏLİHÜSEYN