adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 11:28
138
MƏMLƏKƏT
A- A+

“İslamda şər, böhtan, yalan, iftira, orucu kökündən batil edir...” - İlahiyyatçı

“Qeybət etmək Quranda ölmüş qardaşının ətini yemək kimi qeyd olunur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir." Hucurat surəsi, 12 - ci ayə”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

“Oman ölkəsində rəsmi məzhəb olan İbadiyyə fiqhinin ən fərqli cəhətlərindən biri budur ki, yalan danışmaq, qeybət etmək və söyüş söymək kimi böyük günahlar da orucu batil edən amillər hesab olunur. Onların fikrincə, oruc yalnız mədənı deyil, həm də dili və əxlaqı qorumaqdır. Yuxarıda qeyd edilən ayəyə görə qeybət edən şəxs ölmüş qardaşının ətini yemiş sayılır. Ölü əti yeyənin orucu qalarmı? Təəssüf ki, oruc tutanlar arasında dilini qoruyan adam çox az görürük.İmam Əli ona görə buyurur: çox namaz qılanlar var ki, onlara yalnız əziyyətləri, çox oruc tutanlar da var ki, onlara yalnız aclıqları qalar. Odur ki, çalışmaq lazımdır, mədə ilə yanaşı dili, qəlbi, gözü, ruhu da qoruyasan.Əvvəlki peyğəmbərlərin dövründə oruc tutarkən yemək - içməklə yanaşı danışmaq da orucu pozan əməllərdən sayılırdı. Quranda Həzrət Zəkəriyyənin orucundan bəhs olunarkən bu fakt zikr edilir. İslamda isə danışmaq orucu pozmasa da şər, böhtan, yalan, iftira danışmaq, qiybət etmək, söyüş söymək heç şübhəsiz ki, orucu kökündən batil edir. Amma təəssüf ki, indiyəcən orucu pozan əməllərdən bəhs edərkən yalnız maddi məsələlər qeyd olunub, mənəvi, əxlaqi tərəfləri gizlədilib”, - deyə o bildirib. 

Vasif ƏLİHÜSEYN