adalet.az header logo
  • Bakı -°C
04 Fevral 2026 10:56
85
DÜNYA
A- A+

İran danışıqlara deyil, eskalasiyaya üstünlük verir - Politoloq

“Türkiyədə ABŞ–İran arasında keçirilməsi planlaşdırılan görüş Tehran tərəfindən faktiki olaraq pozulub. Halbuki ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof regiona səfər etmiş, İran prezidenti Məsud Pezeşkian isə Vaşinqtonla danışıqlar aparılması üçün sərəncam imzalamışdı. Buna baxmayaraq, proses SEPAH tərəfindən sabotaj edilir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, SEPAH-a məxsus hərbi katerin ABŞ-a aid tankeri sıxışdıraraq ələ keçirməyə cəhd etməsi, eləcə də İran PUA-sının ABŞ-ın təyyarədaşıyan gəmisinə yaxınlaşarkən vurulması açıq eskalasiya əlamətləridir: 

“Bu addımlar göstərir ki, İranda ABŞ ilə diplomatik dialoq məsələsində vahid siyasi mövqe mövcud deyil və təhlükəsizlik strukturları mülki hakimiyyətin qərarlarını faktiki olaraq bloklayır. Əgər Tehran danışıqlar prosesini pozmaqda və hərbi təxribatları davam etdirməkdə israrlı olarsa, ABŞ-nin hərbi zərbə endirməsi qaçılmaz ola bilər. İranın mühafizəkar dairələri hesab edir ki, Donald Tramp müharibədən yayınacaq. Lakin İran ətrafında kifayət qədər hərbi qüvvə cəmləşdirən Vaşinqtonun geri çəkilməsi real görünmür. Belə bir geri addım Trampın siyasi imicinə ciddi zərbə vura, eyni zamanda ABŞ-ın beynəlxalq nüfuzunu zəiflədə bilər”.

Vasif ƏLİHÜSEYN