“Dara düşən kimi siyasətçi dönüb olur şair...”

“Azərbaycanda iki növ böyük adam var: özülüyündə böyük adam və ictimai maraqların böyük etdiyi adam. Cəmiyyət ikinciləri tanıyır və qiymətləndirə bilir; ona böyükmüş kimi təqdim olunan adamları. Özlüyündə böyük olan adamlar yalnız öləndən sonra məşhurlaşırlar. Çünki ölüm onlardan heç bir şey apara bilmir”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, ictimai maraqlar, adətən, hobbilər üzərində qurulur:
“Çünki hobbidə dirəniş yoxdur, güzəştlərə açıqdır. Azərbaycanda yüzlərlə tanınmış şair, siyasətçi, alim, biznesmen var ki, məşğul olduqları sahə onların hobbiləridir. Dara düşən kimi siyasətçi dönüb olur şair, biznesmen olur Quran hafizi, əli aşağı olanda şair siyasətçi qalstuku taxır və s. Çünki hobbi şəxsiyyətlə bütünləşmir. Hobbi həmişə vasitədir. Şəxsiyyətlə bütünləşən istedaddır”.
A.Yenisey deyib ki, valideynlərin böyük çoxluğu öz savadsızlığı ucbatından hobbi ilə istedadı qarışdırırlar:
“Uşağın hobbisini onun gizli istedadının işartısı kimi anlayır və uşağı bu hobbinin arxasınca qaçmağa məcbur edirlər. Sınaqla üzləşməməş heç bir bacarıq istedad deyildir. İstedad sınaqdan sağ çıxandır. Bəzən deyirlər ki, istedada yol açmaq lazımdır. Yolu başqaları tərəfindən açılan hobbidir, istedad deyil. İstedad özü-özünə yol açan bacarıqdır. İstedada yol açmaq mümkün deyil, çünki onun hansı yolla gedəcəyi qabaqcadan bilinmir. İstedadın yolunu isə istəsək belə kəsə bilmərik, onu öz zalımlığımızla, sadəcə, məqsədinə yubada bilərik”.
O, bizim cəmiyyətin yolunun başqaları tərəfində açılan hobbilərin cəmiyyəti olduğunu bildirib:
“Hobbinin məqsədi həzzdir. Məqsədi həzz olan heç bir vərdiş şəxsiyyətlə bütünləşə bilmir, əksinə, həzz həmişə şəxsiyyətdən yeyir. Hobbi şəxsiyyəti özünə xərcləyir. İstedad üçün yaşamağın özü hobbidir. İstedadın məqsədi yaşamaq yox, yaratmaqdır. Bunu ona ilk sınaq öyrədir. İlk sınaqdan sağ çıxan istedad anasının doğduğu adam deyil, özünün dünyaya gətirdiyi adamdır. İstedad varoluşun, yaradılışın mikromodelidir. Əzab dediyimiz şey onun özünü yaratmaq zəhmətidir. İstedad prosesin adıdır. Və o prosesin heç harasında həzz deyə bir şey yoxdur. İstedad həzz almaq üçün cəmiyyətə, başqalarına üz tutur və bunu bacarmadığı üçün çox keçmədən əyyaş, əxlaqsız, tüfeyli kimi ittiham olunub qovulur. Amma istedad heç vaxt şikayət etmir. Şikayət edənlər hobbilərini istedad kimi dəyərləndirənlərdir. Belələrinin də bizim cəmiyyətdə maşallahı var”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Azərbaycan Universitetinin əməkdaşının yeni dərs vəsaiti çap olunub

Tanınmış şair Məmməd Aslanın anım günüdür

Şəmistan Nəzirli və Fərman Eyvazlı- iki görkəmli sənətkar və eyni sonluqlu tale
