22 Sentyabr 2025 12:16
96
SİYASƏT

“Əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar...” –Zərdüşt Əlizadə 

“İsrailin taleyi Cənubi Afrika Respublikasının taleyinə bənzəyəcək. Yəni indiki Cənubi Afrika Respublikası yox, aparteid üsulu ilə hökm sürən respublikaya. O zaman Cənubi Afrika Respublikasında rəsmən ağlığın hökmranlığını qoruyan bir üsul idarə var idi. Qaradərililərin hüquqları çox məhdud idi, onları əzib istismar edirdilər. Qərb də bu aparteid rejiminin tərəfində idi”.

Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq bildirib ki, beynəlxalq təzyiq artıqca aparteid rejimi təcrid oldu, onunla siyasi-iqtiasadi əlaqələr kəsildi və onlar hakimiyyəti qaradərililərə təhvil verlməli oldular:

“Düzdü, indi ağların hüquqları məhdudlaşıb, amma əvvəl-axır qaradərililər həqiqəti anlayıb yanlış siyasətlərindən əl çəkəcəklər. Bu yaxınlarda Cənubi Afrika Respublikasının prezidenti ABŞ prezidenti Donald Trampla görüşəndə Tramp ona açıq şəkildə dedi ki, siz indi ağdərililəri ayrıseçkiliyə məruz qoyursunuz”.

Z.Əlizadə deyib ki,  indi İsraildə də eyni hadisə baş verir: 

“İsrail Fələstin ərəblərinin hüquqlarını tapdalayır, beynəlxalq hüququ tanımır. Çünki arxasında Qərb durur. İndi isə tədricən Fələstin dövləti tanındıqca, indi 193 dövlətdən 157-si tanıyır, vaxt gələcək bu rəqəm 190-na gəlib çıxacaq və onda İsraili yalnız və yalnız Amerika qoruyub müdafiə edəcək. Onda da bütün dünya ölkələri deyəcək ki, necə olur ki, bütün dünya dövlətlərinin ziddinə olaraq bir dənə balaca dövlət olan İsrail Amerikanın köməyinə arxalanaraq Fələstin ərəblərinin hüquqlarını pozur. Ona qarşı məcbur olacaqlar ki, iqtisadi sanksiyalar tətbiq etsinlər. 

Məsələn, bu yaxınlarda bir neçə dövlətlər tələb etdilər ki, İsrail avroviziya mahnı müsabiqəsinə buraxılmasın. Amma avroviziya mahnı müsabiqəsinin təşkilatçıları bildirdi ki, İsraili müsabiqədən çıxara bilmərik. Onda bir neçə Avropa dövləti bildirdilər ki, onlar avroviziya mahnı müsabiqəsində iştirak etməyəcəklər. İdman sahəsində də artıq bildirilir ki, biz İsrail komandaları ilə görüşmək istəmirik. Deməli, varlı ərəb dövlətlərinin rəhbərlərinin sayəsində deyil, bütün dünya ictimaiyyətinin təzyiqi nəticəsində əvvəl-axır İsrail məcbur olacaq ki, Fələstin ərəblərinin hüquqlarını tanısın. Bu isə çox mürəkkəb məsələdir. Çünki bir çox əraziləri onlar işğal edib və orda məskunlaşıblar. Amma əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar. Və ya başqa bir çıxış yolu kimi yəhudiləri və ərəbləri vahid dövlətdə birləşdirən böyük bir fələstin dövləti yaradacaqlar. Təbbi ki, o mütləq demokratik olmalıdır, orda bütün əqidə sahiblərinin hüquqlarına təminat verən demokratik bir quruluş yaradılmalıdır. Netanyahu hakimiyyəti hazırda soyqırım törədir. Adını terrorla mübarizə qoyub dinc əhalini qırırlar”. 

Vasif ƏLİHÜSEYN