Qönçələr solmayacaq - Xuraman Hüseynin şeirləri
Qönçələr solmayacaq
Didərgin düşdünüz yurdunuzdan,
Məcburi köçkün oldunuz vətəndə.
Birləşib bir olduq,
“İtiqovan”la qovduq
sizi didərgin edənləri.
Qönçələr solmayacaq,
göz oxşayacaq güllər, çiçəklər.
Vətəndə didərgin olmayacaq,
hamı öz yurduna, evinə köçəcək.
Gözlər sevincdən ağlayacaq,
Yanaqlarda izi qalmayacaq
dərddən axan göz yaşlarının.
Yollar
Yollar, darıxmışdıq
sizin üçün.
Bu həsrət sona çatdı.
Sinənizə axan
şəhid, qazi qanları
torpaq sevgimizi
bir daha göstərdi
xain düşmənə.
Tanıdınız
bir zaman yurdundan
didərgin düşən
ayaq izlərimizi?
O izlərin
alın yazımıza dönməsinə
imkan vermədi
igidlərimiz...
Şəhid oldular,
yaralandılar,
amma düşmən tapdağından
xilas etdilər sizi.
Yollar, darıxmışdıq
sizin tozunuzdan,
göz yaşımızla yoğurduğumuz
palçığınızdan ötrü.
Qovuşanda unudulur
darıxmaq da.
Qovuşduq sizə,
həsrət yoluna sipər oldu
ümidimiz, arzularımız.
Bundan sonra
yol çəkməyəcək gözümüz,
yolumuzdan çəkiləcək
düşmənin gözü...
Köç karvanı
Həsrət yoluyla insanın
Arzusu, gümanı gedir.
O yolla keçən günlərin
Yaxşısı, yamanı gedir.
Bu da gözlədiyimiz gün,
Avazı gəldi bülbülün.
Bir xoş anı görmək üçün
İnsanın zamanı gedir.
Gözümüz yaş içən yerdən,
Günlərimiz keçən yerdən,
Nisgilimiz köçən yerdən
İndi köç karvanı gedir.
Həyat səninlə gözəldi
Düşmən işğal etdi səni,
uçdu, dağıldı
şəhərlərin, kəndlərin.
Nə qədər ömür yarıda qaldı,
sındı həyatların pəncərələri.
Bizim də ürəyimiz sındı
İllər öncə xəyanətini
bağışladığımız qonşunun
yenə xəyanət etdiyini
görüncə.
Qırıldı sülh göyərçininin
qanadları da.
Gec tanıdıq düşməni.
Saf ürəyimiz
daş qəlbli düşmənin
qarşısında
sınmayacaq bir də.
O ürəyi qoruyan
igid oğullar var.
Onlar əyilməyə, sınmağa
qoymayacaqlar səni.
Həyat səninlə gözəldir
Vətənimizin
gözünün qarası-Qarabağ!
Yorulmayan göylər
Qar yağdı, yağdı, yoruldu,
yorğun qardan bezən göylər
günəşi gətirdi
və
qarı uzaqlara ötürdü.
Sonra
yağışları yağdırdı.
Beləcə yaz gəldi,
heç vaxt yorulmayan göylər
çiçəkləri bitirdi...
Çiçəklər bürüdü
əsirlikdən azad olunmuş torpaqları
və
şəhid məzarlarını...
Qönçə ümidimiz
Yaman zülm çəkdik o illərdə biz,
Çadır şəhər oldu, vaqon ev oldu.
Yenə düşmən çıxdı dost bildiyimiz,
Qönçə ümidimiz saraldı, soldu.
Yanan çıraq idik, yanmadıq, söndük.
Darıxdı hər çəmən, hər dağ, hər dərə.
Vətəndə qaçqına, köçkünə döndük,
Şükür, gəlib çıxdıq bu xoş günlərə.
Qalmadı heç yerdə düşməndən bir iz,
Bəlkə bundan sonra ağ günlər görək.
Gülsün gözlərimiz, bitsin dərdimiz,
Qönçələr həmişə gül açsın gərək!
Qarabağa gəldi bahar
Səmada günəş göründü,
Dağlarında əridi qar.
Hər yer yaşıla büründü,
Qarabağa gəldi bahar.
Gəldi, bəzədi hər yeri,
Güllərdən xalı toxudu.
Gəldi, unutduq dərdləri,
Bülbüllər nəğmə oxudu.
Sevindirdi yeri, göyü,
Belə təbiət harda var?
Görmədik bu gözəlliyi,
Qarabağa gəldi bahar.
Bu yaz günü
Qarabağda çiçək açan ağaclar,
Bu yaz günü necə gözəl görünür?!
Çiçəkləri ətir saçan ağaclar
Gəlin kimi ağ libasa bürünür.
Sizin üçün bağlarımız darıxıb,
Meyvənizi neçə illər dərmədik.
Sizsiz keçən çağlarımız darıxıb,
Barınızı, bəhrənizi görmədik.
Dəyməyəcək sizə düşmən əlləri,
Başımıza gəlməyənlər qalmadı.
Yaşamışıq sizsiz neçə illəri,
Qarı düşmən yenə də dost olmadı.
Yenə gül açdı
Şükür bu gününə, Allah,
Yenə ocağımız yandı.
Doğdu günəş, gəldi sabah,
Şuşada tonqal qalandı.
Şükürlər olsun bu günə,
Yurdumuza Novruz gəldi.
Bayram gördü Şuşa yenə,
Yenə gül açdı, yaz gəldi.
Gördü baharı, Novruzu,
Xarı bülbül açdı çiçək.
Çox sevindi Cıdır düzü,
Həmişə bahar gələcək...
Qartallar sevinən gün
Şuşada
bayram bayrama qarışdı
həmin gün
müqəddəs Ramazan bayramı
və
“Xarıbülbül” festivalı
Cıdır düzünü silkələdi,
yenidən oyatdı,
“Oyan, ey gözəl diyar,
Sənin sahiblərin gəlib”-dedi.
Özünə qayıtdı həmin gün Şuşa,
yenə muğamlar, mahnılar oxundu,
gözəl sözlər deyildi,
hamı sevindi...
Bundan gözəl gün olardımı
düşmən əsarətindən azad olan
yurd üçün-
Şuşamız üçün?
Qartallar da qanad çaldı
Şuşanın bu sevincinə,
Cıdır düzündəki bayramlara
onlar da sevindi...
Gözəl Şuşa,
başımızın tacı,
xarı bülbülün vətəni Şuşa,
mədəniyyət paytaxtımızsan artıq...
Hamı məftun olacaq sənə,
bütün dünya
danışacaq
gözəlliyindən.
Şükür bu günə, İlahi,
çox şükür!
Özümüzə qayıtdı Şuşamız...
Cıdır düzü
Cıdır düzü, yenə gəlrik
səninlə görüşə!
İndi şəhid məzarlarındakı
qərənfillərin nisgilini
xarı bülbül sevgisi əvəz edir,
görürsənmi?
Hər görüşümüzün sevinci
bayrağımızla qol-boyun olub
düşmənin bağrına sancılır.
Sənin qoynunda
çəkdirdiyimiz şəkillərdə
sevgimiz, sevincimiz
alın yazımız kimi
oxunur gözlərimizdən.
Cıdır düzü,
ayrılıq əbədi olmadı,
sən qayıtdın!
Biz qovuşduq sənə.
Belimiz bükülmür,
üzümüz qırışmır artıq.
Kədərin üzümüzə çəkdiyi
sərhəd xətlərini
igid oğullar uçurdu!
Cıdır düzü,
indi abad şəhərlərin, kəndlərin
gözəllikləri ilə sevinir
gözlərimiz, ürəyimiz.
Sən də həmişə sevinəcəksən
gördükcə bizim sevincimizi
düşmən qəfəsindən xilas olan
ürəyin açılacaq
zülmətdən sonra açılan səhərlər kimi.
Cıdır düzü,
yenə gəlirik səninlə görüşə.
Məğlub düşmən baxıb sevincimizə
dərdli gözlərinin
leysana dönən yaşını siləcək həmişə.
Digər Xəbərlər
31 Mart 2026 21:35
Tanınmış şair dünyasını dəyişdi
31 Mart 2026 17:51
31 Mart soyqırımı mühacir yazarların qələmində
31 Mart 2026 13:01
Əbülfət Mədətoğlu: Bu talehlə oynamağa dəyməz heç...
31 Mart 2026 11:14
BIR ƏSR SOYQIRIMLA ÜZ- ÜZƏ
31 Mart 2026 08:12
Səməndər Məmmədov haqqın dərgahına qovuşdu
30 Mart 2026 13:53
Rasim Balayev bütöv bir sənətkar və şəxsiyyət idi - Ramiz Rövşən
30 Mart 2026 10:31
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
28 Mart 2026 20:42


Bakı -°C

