adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Iyun 2023 12:55
452
ƏDƏBİYYAT

Qızlarımız niyə evdən qaçır? - Vasif Əlihüseyn yazır...

Əvvəla onu deyə bilərəm ki, son illər valideynlər tərəfindən bölgələrdə qızların təhsil almasına, sənət, peşə sahibləri olmalarına böyük önəm verilir. Yəni bu istiqamətdə əvvəlki illərə baxanda irəliləyiş var. Onu da bildirib ki, uşaqlarına ali təhsil verən valideynlər də onu cehiz kimi verirlər. Yəni sabah qızı ailə quranda deyəcək ki, qızımın diplomu var. Problem yoxdu, təki təhsil versinlər.

Amma qızlarımızı ailə qurmağa tələsdirən valideynlər də az deyil. Düşünürəm ki, qızlarımızın ailə qurmasına səbəb bəzən bilərəkdən, bəzən də bilməyərəkdən valideynlər tərəfindən bu cür informasiyaların onlara ötürülməsidir. Məsələn, sinif yoldaşına elçi gəliblər, onu toyda görüb bəyəniblər, kənddə filankləsin qızı filankəsin oğluna qoşulub qaçıb. Özüm də bölgədən olduğum üçün tanıdığım ailələr var ki, axşama kimi bu cür informasiyaların içindədirlər. Hətta buna görə qadınlar bir-birinə şok xəbər deyəcəklərini bildirib hədiyyə də istəyirlər.

Amma bu gün qızına təhsil verməyə maddi imkanı olmadığını deyən valideyn onu ərə verəndə 10 min manatlıq cehiz alır, kredit götürür. Əslində oğlanlardan çox qızların təhsil alması daha vacibdir. Çünki kişi gedib daş da daşıyacaq övladlarına baxacaq. Lakin qadın əlində sənəti olmadığına görə çox çətinliklər çəkir.

Bizdə belə bir tendenasiya var. Valideyn deyir ki, övladımı yerbəyer edim və sonra başımı qoyub rahat ölərəm. Yoxsa sabah ölərəm toyunu görmərəm. Baxırsan ki, adamın ölmək üçün elə bir ölümcül xəstəliyi belə yoxdur, amma harasa tələsir. Bir müddət öncə Sabunçu rayonunda 14 yaşlı qızın 37 yaşlı dul kişiyə nişanlanması ortaya çıxdı. Mətbuat bu haqda yazdı. Qız müsahibəsi zamanı dedi ki, “təhsil almaq istəyirəm”. Anası isə görün nə deyir: “Özün bil, səni ərə verirdim ki, sabah mən başımı qoyub öləndə ortalıqda qalmayasan. İndi ki, istəmirsən, özün bilərsən”.

Ardınca Tovuzda 13 yaşlı qız sosial şəbəkədə tanış olduğu üç uşaqlı 44 yaşlı kişiyə qoşulub qaçdı. Qızın atası deyir ki, “qızım baldızımla danışıb, deyib ki, xoşbəxtəm, məndən polisə şikayət versəniz, intihar edəcəm”. O yanda da 44 yaşlı kişinin həyat yoldaşı üç uşaqla ortalıqda qaldığını deyir. Bir sözlə, aləm dəyib bir-birinə.

Yəni cəmiyyətdə əksər adamlar pul qazanmaq, varlanmaq istəyir, amma heç kim maariflənmək, mədəni olmaq niyyətində deyil. Bu gün cəmiyyəti narahat edən problemlərdən biri də valideynlərin qız uşaqları istəməməsidir.

Hesab edirəm ki, ailəsində qız uşağı istəməyən valideyn bu travmanı bacısında, yaxınında, cəmiyyətdə yaşamış adamdır. O, düşünür ki, qızım olsa, kiminsə evinə düşəcək, onu yol verməyəcəklər, mən də kimdənsə asılı vəziyyətə düşəcəm. İnsanlar bir az da tabeçilikdən qaçmaq üçün ailədə qız uşaqları istəmir. Necə ki, bir məsəldə deyildiyi kimi “oğlan evi alana kimi, qız evi isə ölənə kimi yıxılır”. Yəni heç kim yıxılmaq istəmir.

İşimlə bağlı hər ay bölgədə oluram. Müğənni Afət Fərmanqızının ifasında İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnmiş mahnı bir müddər öncə geniş yayılmışdı. Kənd yerində bu mahnıya elə oynayırdılar ki, bəlkə də Nəsiminin dərisini soyanda o, canında bu cür şiddətli ağrı hiss etməmişdi. Bunu oynayan kim idi? Qızını ərə verməyəm hazırlaşan qadınlar və onların qızları”.