24 Oktyabr 2022 09:04
241
GÜNDƏM

Qızılı payızın bərəkət rəngi - Payızdan və Ağdamdan REPORTAJ

Deyirlər, hər fəslin öz rəngi var, qışın rəngi ağ, yazın-yayın rəngi yamyaşıl, payızın rəngi isə qızıl kimi sapsarıdır.
Yox, sonuncu fikirlə qətiyyən razılaşmıram. Məncə, payız yeganə fəsildir ki, təbiətin bütün rənglərini onda görmək mümkündür. Yayın nəfəsi qalmış yaşıllıq, qışın nəfəsinin saraltdığı xəzan..., bir də barın- bərəkətin bəzədiyi çöllər, tarlalar, bağ-bağatlar... İndi siz seçin payıza təkcə “qızıl payız” adı bəs edirmi?


Ağdam torpağının altı da sərvət olub, üstü də. Münbit torpağa malik olması kənd təsərrüfatının inkişafına böyük töhfələr verib. İşğaldan əvvəl pambıqçılıq, üzümçülük, heyvandarlıq burada elə inkişaf həddinə çatmışdı ki, rayonda nəinki kasıb kəndliyə rast gəlinmirdi, hətta başqa rayonlardan da gələn soydaşlarımız burda işləyir, qazanır, özünə gün-güzəran da qururdular. Yeri gəlmişkən, sizə  pambıqçılığın mahiyyətini anlatmaq üçün  kiçik bir məlumatı çatdırım: Rayonun ən böyük təsərrüfatlarından biri olan Lenin adına kolxoz rayonun pambıq planının 60 faizini yerinə yetirirdi.Tanışlıq üçün deyim ki, bizim Qərvənd kəndini əhatə edən bu kolxozun tarlalarında qol çırmayıb, zəhmət çəkməyən pambıq yığmayan qalmazdı. Sentyabrın 1-dən noyabrın son gününə qədər 6-7-8-9-10 –cu siniflər dərsdən ayrılaraq pambıq yığmaq məcburiyyətində qalardılar, eləcə də həkimlər, tibb bacıları, müəllimlər, İaişə işçiləri... Axşam tərəzi başında adı siyahıya düşməyənlər haqqında sabahısı dərhal ölçü götürülürdü...


 

 Camaat da pul qazanırdı, qazandığı pulla 2 mərtəbəli ev tikdirir, maşın alır, uşağını ali məktəbə qoyurdu. Kolxozumuzun o zamankı 20 illik sədri Xuraman Abbasova da mükafatsız, qazancsız qalmırdı.  Xanım sədrin pambıqçılıq sahəsindəki zəhmətlərinə görə o zaman Azərbaycan Kommunist Partiyası MK rəhbəri Heydər Əliyev onun sinəsinə düz beş dəfə orden taxıb; üç Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenləri, Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə də təltif edib. Uzun sözün qısası,pambıqçılıq uğurlu seçim idi.

İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib


Hazırda 30 ildən sonra rayonda pambıqçılığın yenidən inkişaf etdirilməsinə başlanılıb.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindən sonra vaxtı ilə pambıqçılıqla məşğul olmuş rayonlarda o cümlədən Ağdamda bu sahəyə diqqət artırıldı. Məsələn, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkildi, 7100 ton məhsul istehsal edildi, orta məhsuldarlıq 33,49 sentner oldu.

 


Bu il ötən ildəkinə nisbətdə pambıq tarlaları artıb, yəni, 2421 hektar sahədə pambıq becərilib. Oktyabrın 23 –ü olmasına baxmayaraq hələki, Çəmənli, Çıraxlı, Əhmədağalı, Mirəşelli kəndlərində sahələr böyük əksətiyyəti yığılıb başa çatdırılmayıb, məhsul boldu. Necə deyərlər saçaq-saçaq...


22 oktyabrda Kolqışlaq kəndinin üst tərəfində “Kövər” deyilən ərazidə pambıq yığımı kombaynla yığılır. Deyəsən , keçmişdəki kimi, insan əməyindən istifadəyə ehtiyac qalmayıb. Pambıq yığanlar bilir, bu məhsulun yığımı çox əziyyətli bir prosesdir.10 kloqramlıq önlükləri mütləq pambıq vərlərinin arası ilə asta-asta gedərək yığıb doldurmalıydın, sonra bir də o 10 kq-lıq önlüyü çiyninə alıb sahədən kənara daşımalıydın, orada isə iri kisələrə (bardan meşoxu) boşaltmalıydın, sonra yenidən sahəyə dönüb işinə davam etməliydin. Proses səhər saatlarından başlayıb, - təxminən 15 saat - qaranlıq düşənə qədər davam edərdi.  Alatoranda isə elə pambıqçılar tərəfindən dolu kisələr yük maşınlarına yığılardı. Bir başa "naves" deyilən yerdə tərəziyə çıxarılardı. O vaxtı böyüklər deyərdi ki, guya Karl Marks hansısa əsərində yazıb ki, pambıqçılıq qul əməyidir. Əslində heç bir fərqi də yox idi... İndi məni çox sevindirən pambıq yığımına fərdi şəxslərin cəlb edilməməsi oldu. Texnika əsridir axı...

 

   Həmsöhbətim Yasən Süleymanovun da bu sahədə qazancı olan təsərrüfatçılardan hesab etmək olar. Özünün dediyi kimi, ötən il qazandığı xeyir –bərəkət necə deyərlər , cibini sevindirib. Bu səbəbdən də bu il də işinə davam edib, pambıq becərib...Deyir ki, bir neçə gündən sonra məhsul sahədən yığılacaq. Yenə məhsulumuz üzümüzü güldürəcək.
Azərbaycan folklorunda deyilir ki, ağ rəng işığın rəngidir, ululuğun, yüksəkliyin rəngidir:”Xaqanların Tanrıya məxsusluğunu bildirmək üçün alaçıqlarına ağ bayraq sancılır. Ağ rəng yüksək soyun fərqlənmə əlamətidir. Yaşayış yerlərinin müqəddəsliyini bildirmək üçün adları "ağ"la başlayır : Ağdam, Ağbaba, Ağbaşlı.. Ağa sözü də "ağ"dan yaranıb. Şəkidə birinin işinin uğurlu getdiyini bildirmək üçün "o, ağanın ağ yoluna çıxıbdır" deyirlər. Ona görə Qarabağ xanının qızlarına Ağabəyim ağa, Gövhər ağa deyə müraciət edilir. Ona görə kiməsə alqış edəndə deyirik ki, ağ günlü olasan, üzün ağ olsun. Çox maraqlıdır ki, hunlarda "bay" sözünün mənası həm də "ağ" imiş”.
Bəli, ağ rəng Ağdamın da, payızın da, lap elə ağ günə çıxan, ağ əppəkli kəndlinin də ən bərəkətli, göz oxşayan, könül sevindirən çalarıdır, rəngidir.
Kövər, Sadıq bulağı
1980-ci ilər idi. O vaxtkı Ağdam icra hakimiyyətinin başçısı (raykom katibi) Sadıq Murtuzayev rayonda quruculuq işlərinə önəm verirdi. Məlumatlara görə, Sadıq müəllim rayonda kəhrizlərin bərpası, Ergi düzündə evlərin tikintisi, Abdal Gülablı, Şelli, Çənlibel, Əhmədağalı sağlamlıq mərkəzlərinin, çobanlar üçün Dəlidağ mədəni mərkəzinin tikintisi və digər tikinti-quruculuq işləri məhz onun rəhbərliyi altında aparılmış, Ağdam respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilmişdi. Həmin vaxtı Əhədağlı ilə Mirəşelli kəndləri arasındakı kəhrizin qarşısını kəsərək, orada kiçik həcmli bir sünü göl, bir də bulaq tikdirdi. Bulağın adı, “Sadıq bulağı” kimi yaddaşlarda qaldı. 10-cu sinfi bitirəndə sinif yoldaşlarımızla yığışıb ora gəzintiyə getdik. Gölün hündür təpəliyin dibində, meşəyə bənzər ağaçlıqda yerləşməsi, külək olanda dalğalanması qarşımızda göz oxşayan mənzərəsi yaradırdı. Sanki bir sənət əsəri, bir rəsm tablosuydu.
Göl xeyli dərin idi, suyu da bol və şəffaf idi, hətta orda ikinəfərlik avarlı qayıqda vardı. Növbə ilə qayıqla gəzməyin ləzzətini isə anlatmaq olmur, gərək hiss edəsən.
Torpaqlarımız işğal olunandan sonra bura yerlilərin istirahət mərkəzinə çevrildi. Kafe –çayxana da istifadəyə verildi. Sonuncu dəfə burda 2020-ci ilin noyabrın 22-də olmuşdum. “Sadıq bulağı”nın mənzərəsi tamam dəyişmişdi. Suyu azalmışdı. Ağacların çoxu qurumuşdu. Baxımsızlıq və s.
Yəqin ki, günlərin bir günü 30 ildir Ağdamın yeganə və ən sərin guşəsi olan “Sadıq bulağı” yenə əvvəl ki, mənzərəsinə dönəcək, yenə yerlilər bura “bir stəkan pürrəngi çay” içməyə gələcək. Lap, orta məktəb məzunları da “ son zəng”lərini də təmtəraqla burda keçirəcəklər.
Bu məlumatın imkanlı şəxslərə, səlahiyyətli orqanlara çatması vacibdi. Deməli, 1978-80-ci illərdə Ağdamın Mirəşelli kəndinin “ayağında” bir vaxtlar neft axtarırmışlar. O səbəbdən də dərin quyular qazılırmış. Həmin qazılan quyulardan birindən yüksək temperaturlu su çıxır.Su o qədər istidir ki, barmaqlarımı 1 saniyə suda saxlaya bilmədim. El arasında "Qaynar bulaq", “İsti su ”adı ilə məşhurdu. Kənd camaatının dediyinə görə, tərkibi mineral maddələrlə zəngindi, ona görə də oynaq və dəri xəstəliklərinin müalicəsində əsl loğmandır. Qohumlarımın çox həmin kənddə yaşadığına görə onlar da bu bulağa bir möcüzə, bir Allah vergisi kimi baxırlar. Deyirlər ki, heyif ki, belə bir sərvət havayıca axıb gedir, qədr- qiyməti bilinmir. Burda bir müalicəvi mərkəz tikilsəydi, bəlkə də yüzlərlə, minlərlə insan bu yerlərə axın edərdi, xəstəliklərdən qurtulardı. Yerli əhali deyir ki, su ilə bərabər bulağın ətrafındakı palçığında müalicəvi əhəmiyyəti var. Qaşınan, qızartılı və ya səpgili dəri 3 gün həmin palçıqla masaj olunduqdan sonra tamamilə sağalır.

Baxmayaraq ki, bulağın ətrafı zibilxanadır, amma İlin bütün fəsillərində bura çoxlu insan müalicəvi sudan şəfa tapmaq üçün gəlir.Biz bulağa yaxınlaşanda təxminən 10-15 nəfərin “İsti su ”yun göl olan hissəsində çimişirdilər. Bəli, o soyuq, o küləkli havada...
Məlumatlara görə, Azərbaycanda 1000-dən artıq soyuq və termal mineral bulaq aşkar edilib. Bu bulaqlar əsasında respublikada bir sıra sanatoriyalar (İstisu, Qalaaltı, Şıxburnu, Suraxanı və s.) və mineral su zavodları (İstisu, Sirab, Badamlı, Vayxır və s.) tikilib. Ağdam camaatı çox böyük həsrətlə gözləyir ki, onların termal bulaqlarının tərkibi öyrəniləcək, təyinatı üzrə ya sanatoriya tipli mərkəz, ya da mineral su zavodu tikiləcək.
Ümid edək ki, ağdamlıların bu arzusu arzu olaraq qalmayacaq.
Məndən xəbərdar etmək!