14 Sentyabr 2023 11:27
703
ƏDƏBİYYAT

 Qəbristanlıq... -  Adil Misirli yazır

Ötən əsrin 60-cı illərində kəndimiz çox kiçik idi. Burada yaşayan ailənin sayı heç yüzə çatmırdı. Kəndimiz bir çox sahədə hələ müstəqil və möhkəm addımlar ata bilmirdi. Bizi ətraf mühitlə birləşdirən yeganə yol da olduqca bərbad vəziyyətdə idi. Qonşu kənddən ayrılıb müstəqil həyat yoluna qədəm qoyduq. Və kəndimizdə ancaq ona xas olan bir xeyli özünəməxsus qaydalar mövcudluğa başladı və mükəmməlləşdi. Kəndimiz sözün həqiqi mənasında milli dəyərlərə əsl qiymətini verdi və onları gələcək nəsillərə ötürdü. İndi artıq kəndimiz çox böyüyüb və burada xeyli tanınmış adamlar dünyaya göz açıb. Adamlar burada mənalı ömür sürür, xoş və firavan həyat tərzi keçirirlər.

 Kəndimiz elektrik enerjisi ilə tam təmin olunub, evlərə təbii qaz çəkilib. Yeni, müasir və işıqlı məktəb binamız göz oxşayır.. Yolumuz da axır ki, müasir tələblərə cavab verən qaydada çəkildi. Bu asfalt yolla maşın sürmək adama estetik zövq verir.

 Bəli, ötən əsrin ortalarında kəndimizin sakinlərindən biri dünyadan köç edəndə, onu torpağa tapşırmaq müşkül olurdu. Dəfn mərasimini həyata keçirmək  kəndin adamları üçün böyük problem yaradırdı. Texnikanın az olduğu bir vaxtda kənd sakinləri olmazın əzab-əziyyət ilə üzləşir, mərhumu Rəncbərlər kəndinin yanındakı Kəbirli gorgahı olan Sofi qəbristanlığında aparıb dəfn edirdilər.

  ...1863-cü ildə Kəbirli mahalında dünyaya gələn Ağamalı Alı oğlu Ağamalıyev Salmanbəyli kəndində məskunlaşmışdı. O, həmkəndlilərindən biri dünyasını dəyişəndə adamların çəkdiyi ağır əziyyətə dözə bilmirdi. Odur ki, yaxın qohumu, dindar Molla Mirzəni bir dəfə özü ilə götürüb arxın üstünə apardı. Kəndin yaxınlığında əvvəlcədən nişanladığı yeri göstərib (sən bir işin qəribəliyinə bax, bu yer qədim Qalatəpənin qəbristanlığının qurtardığı yerdən başlayır), vəfat edərkən onu burada dəfn etməyi vəsiyyət eləmişdi. Və demişdi ki, qoy bizim kəndin də qəbristanlığı olsun, artıq uzağa getməyin, dağa-daşa düşməyin.

  1968-ci ildə Ağamalı kişi həyatla vidalaşdı. Vəsiyyətinə görə, onu seçdiyi, göstərdiyi yerdə dəfn etdilər. Sonralar kənddən dünyasını dəyişənlər olanda Ağamalı kişinin məzarının yanında dəfn etdilər.. İndi Ağamalı dayının vəsiyyəti ilə salınan bu qəbristanlıq  böyüyüb, öz abadlığı, səliqə-səhmanı ilə seçilir. El ağsaqqalı, xeyriyyəçi olan Ağamalı kişinin adını daşıyır kəndimizin qəbristanlığı. Allah bu qəbristanlıqda dəfn olunanların hamısına rəhmət eləsin!

  ...Qəbristanlıq! Bu yerdə izah olunması çoxda asan olmayan qəribə və möcüzəli cazibə qüvvəsi var. Gözəgörünməz, çox qüvvətli bir güc ilə qəbristanlıq bizləri həmişə özünə çəkir. Dünyasını dəyişənlərə qoynunda əbədi beşik verir. Qalanların and yerinə çevrilir qəbristanlıq. Yurdumuz, yuvamız, dəyişməz məkanımız olur qəbristanlıq...