adalet.az header logo
  • Bakı -°C
05 Iyul 2023 09:23
1371
ƏDƏBİYYAT
A- A+

QARABAĞIN, ŞUŞANIN TANINMIŞ SOYLARI - Səadət QARABAĞLI yazır

/Məşədi Ocaqverdi uşağı ( Haqverdiyevlər) /

 

Azərbaycanın tacı, şahanəŞuşada tanınmış, məşhur nəsillər çoxdur. Və bu, soyların hamısının qənirsiz gözəlim Şuşanın, bütünlükdə Qarabağımızın,eləcə də Azərbaycanımızıntarixində, mədəniyyətində, incəsənətində, ictimai siyasi həyatında, hərb aləmindəönəmli yerləri təkzibolunmazdır. Belə nəsillərdən biri də Məşədi Ocaqverdi uşağı Haqverdi (Haqverdiyevlər) nəslidir.

Nəslimizin ulu babası Məşədi Ocaqverdidir. Ocaqverdi babam XVIII əsrin sonları, XIX yüzilliyin əvvəllərində yaşayıb yaratmışdır. Gözəl xəttatlığı vardı. Kitab üzü köçürməklə məşğul idi. Məşhədi ziyarət etdiyi üçün Məşədi titulu qazanmışdır. Məşədi Ocaqverdi Şərəf Məşədi Bağır qızı ilə ailə həyatı qurmuş, bu izdivacdan iki oğlanları – Haqverdi və Həsən doğulmuşlar.

Haqverdi babambizim şəcərənin davamçısıdır. O, Şuşada dünyaya gəlmişdir. Yüksək mədrəsə təhsili almış, savadı və dünyagörüşü dolayımirzə adını qazanmışdır. Qarabağın sonuncu hakimi – Mehdiqulu xanın mirzəsi olmuşdur. Mehdiqulu xanmirzə Haqverdi Qarabağiyə Ağcabədidə kəndbağışlamışdır. Bu kənd indi Haqverdi Mirzə adı ilə tanınır. Mirzə Haqverdinin nəvəsi,babam Məşədi Zeynal Haqverdiyevinxatirələrinəgörə M. H. Qarabaği uzun illər Mehdiqulu xanın yanında mirzə olaraq çalışmış, lakin bir əhvalat nəticəsində saraydan inciyərək, oranı tərk etmişdir. Əhvalat belə olmuşdur: Günlərin bir günüsaraydakı uşaqlar,Mirzə Haqverdi babam sarayda olmayanda,onun iş otağına girir,qələmi ilə oynayaraq onusındırırlar. Mirzə saraya gələndə qələminin sındığını görür,bundan çoxkədərlənirvə saraydan birdəfəlik üz döndərir. Mehdiqulu xan dəfələrlə Mirzə Haqverdinin yanına minnətə adam göndərərək, geri qayıtmasınıxahiş etsə də,babam bir daha saraya dönmür. Deyirki, qələmimə hörmət olmayan yerdə mənim işim yoxdur! Bundan sonra bir daha saraya ayaq basmır.

Mirzə Haqverdi Qarabağidəmahir xəttat idi. Atasının işini davam etdirərək, kitab üzü köçürməklə ailəsini, həyatınıtəmin edirdi. Akademik Feyzulla Qasımzadə “ Abbasqulu ağa Bakıxanov Qüdsinin şeirləri”məqaləsində belə yazırdı:” Abbasqulu ağa Bakıxanovun birinci dövrdə yazdığı mühüm əsərlərdənbiri “Riyazül - Qüds” əsəridir. Bu əsərin Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kamil bir əlyazma nüsxəsi vardır. Bu nüsxənin üzü şairin sağlığında, 1841 – ci ildə Məşədi Ocaqverdi oğlu Haqverdi Qarabaği tərəfindən köçürülmüşdür.”

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da Mirzə Haqverdinin köçürdüyü kitablar saxlanılır. Mirzə Haqverdi həm də Qarabağın tarixini yazmış, gözəl şeirlər qələmə almışdır. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyətiəlimizə gəlib çatmamışdır. Çünki 1937-ci il repressiyasının xofundan babam Məşədi Zeynalınəmisi oğlu Yunus HaqverdiyevMirzə Haqverdi Qarabağinin əlyazmalarını Xəzər dənizinə “ərmağan”etmişdir. Və beləliklə də Qarabağ tarixinin mühümbir hissəsi məhv edilmişdir.

Mirzə Haqverdi Qarabaği Fatmanisə xanımla ailə qurmuşdur. Səkkiz övladı dünyaya gəlmişdir. Abbas, Ələkbər, Ələsgər, Qasım, Hüseyn, Səməd adlı oğlanları, Mina və Səkinə isimli qızları vardı.Dövlət idarələrində çalışmış, Şuşa ziyalılarından sayılan Abbas bəyin qızı Xurşud xanım XX əsrin böyük yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirovun həyat yoldaşı olmuşdur.

Mirzə Haqverdi Qarabağinin ikinci oğlu Hacı Ələkbər,mənim babam Məşədi Zeynal Haqverdiyevin atasıidi. O, Şuşada doğulmuş, dini təhsil almışdır. Tacir idi.Şuşada, Ağdamda, Ağcabədidə dükanlarıolmuşdur. Məkkəni ziyarət etmiş, Hacı titulu qazanmışdır. Hacı Ələkbər Məşədi Məsuməxanımla

evlənmiş, onlarınYusif,Hüseyn, Zeynal adlı oğlanları, Züleyxaadlı qızlarıolmuşdur. YusifŞuşada doğulmuş,yeniyetmə çağında vəfat etmişdir.HüseynŞuşada dünyaya gəlmişdir. İlk təhsilini mədrəsədə almışdır. Ana dilindən başqa fars və ərəb dillərinəkamil dərəcədə yiyələnmişdir. Həm də mahir saatsaz idi. Özününemalatxanası vardı. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi saatını yalnız Məşədi Hüseynə etibar edərdi. Söhbətləri də çox tutardı. Onlarqohum idilər. Belə ki,Həsən bəy Zərdabinin bacısıSədəd xanım Məşədi Hüseynin qardaşı,Məşədi Zeynalın həyat yoldaşı Tuvuz xanımın ( mənim nənəmin-S.Q.) dayısı Qara bəyin arvadı olmuşdur.

BabamMəşədi Zeynal HaqverdiyevŞuşada doğulmuşdur. Dini təhsil almışdır. Tacir idi. Şuşada, Ağcabədidə dükanları vardı. Ticarət məqsədi ilə tez-tez İrana gedib gələrdi. Anası Məşədi Məsumə xanımƏrdəbildən olduğu üçüno,cənubi Azərbaycan torpaqlarını özünəçox doğma sayırdı.

Məşədi Zeynal babamQacarlar nəslindən olan nənəm TovuzMəhəmmədhəsən qızı iləailə qurmuşdur.Bu izdivacdan Rahilə, Sara, Fatma, Qənirə, Ulduzə adlı qızları və Əliheydər adlı oğlanları dünyaya gəlmişlər. Övladlarının hamısıali təhsil almış, Azərbaycanın ictimaihəyatında yaxından iştirak edərək, səhiyyə, mətbuat, hüquq, pedaqoji fəaliyyətlə məşğul olmuşlar vəbu sahələrdəölkəmizə öz töhfələrini vermişlər.

Məşədi Zeynalın qızı, anam Ulduzə Haqverdiyeva 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirərək, jurnalist ixtisasına yiyələnmişdir. Elə həmin ildə öz xahişi ilə Ağdamda çıxan “Lenin yolu” qəzetinə təyinat almış, iki il qəzetdə ədəbi işçi vəzifəsində işləmişdir. Sonra isə Bakıya gələrək “Azərbaycan gəncləri” qəzetindəjurnalist olaraq çalışmışdır. Şəhərin mədəni, siyasi həyatında yaxından iştirak etmiş,qəzetdə aktual məqalələri dərc olunmuşdur. 1956 - cı ildə böyük müğənnimiz Rəşid Behbudovun dəvəti ilə Hindistanın məşhur aktyoru Rac Kapuru qarşılayanlar arasında anamda var idi. Rac Kapuru və onunla gələn nümayəndə heyətini Azərbaycan gəncləri adından salamlamaq Ulduzə xanımahəvalə edilmişdir. U. Haqverdiyevauzun illər respublikamətbuatı sıralarında fəaliyyət göstərmiş, Azərbaycan Jurnalistlər İttifaqında məsləhətçi vəzifəsində işləmiş, təqaüdə çıxana kimi isə (1991) Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan “Müxbir” jurnalındafəaliyyət göstərərək, maraqlıyazılarlaçıxış etmişdir.

Haqverdiyevlər nəslinin tanınmış nümayəndələrindən biri də mənzərə ustası, rəssam Səməd Yunus oğlu Haqverdiyevdir. O. Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1945-ci ildən etibarən respublikada keçirilən rəssamlıq sərgilərində çıxış etmişdir. Rəssam həmçinin təsviri sənətini Moskvada və digərxarici ölkələrdətəşkil olunan sərgilərdə nümayiş etdirmişdir.

Səməd Haqverdiyevəsərlərini naturadan çəkdiyi üçün tez-tez Şuşa, Şamaxı, Qəbələ, İsmayıllı, Lənkəran,Zaqatala, Kəlbəcər, Abşeron və başqa şəhər və rayonlara yaradıcılıq ezamiyyətlərinə gedərdi. Onunbir çox əsərləri Almaniya, Ərəb ölkələri, Rumıniya və s. yerlərdə nümayiş olunmuşdur. O, doğma vətəni Şuşaya bir neçə əsər həsr etmişdir. “Şuşada küçə”, “Üçmıx”, “Qızıl qaya”, “Daşaltı”,”Turşsu” bu silsilədən olan əsərlərdir.

Haqverdiyevlər sülaləsinin nümayəndələrindən biri də tanınmış musiqişünas, pedaqoq, ictimai xadim,Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,əməkdar incəsənət xadimiCahangir Səlimxanovdur.

Cahangir Talıb oğlu Səlimxanov 1982-ci ildə Üzeyir Hacıbəyov adınaAzərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq fakültəsinifərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun musiqişünaslıq fənniüzrə aspiranturasına qəbul olmuş, 1985-ci ildə elmi hazırlıq təlimini bitirmişdir. “Muğamda zaman konsepsiyası” mövzusu üzərində çalışaraqaraşdırma aparmış və bu mövzuda elmi məqalə dərc etdirmişdir.

Hələ konservatoriyada oxuyarkən, 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi vəzifəsində işləmişdir. Daha sonra, 1986-1990- cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında laborant, 1990-1998-ci illərdə MusiqiCəmiyyətində ( sonrakı adı Azərbaycan Musiqi Xadimləri İttifaqı)baş məsləhətçi və xarici əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Eyni dövrdə, 1989-1992-ci illərdə Bakı İncəsənət Mərkəzində musiqi sənəti üzrə vitse- prezident vəzifəsini icra etmişdir. 1998-ci ildən 2010-cu ilə qədər Açıq Cəmiyyət İnstitutununAzərbaycan beynəlxalq təşkilatında İncəsənət və Mədəniyyət üzrə Mərkəzin müdiri, sonra İncəsənət və Mədəniyyət Proqramının müdiri, 2010-cu ildən 2011-ci ilin noyabrınadək həmin qurunda Avrointeqrasiya proqramının koordinatoru, 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri, 2013-2023-cü illərdə Milli Konservatoriyada beynəlxalq əlaqələr departamentinin müdirivəzifələrində çalışmışdır. 2016-2017-ci illərdə eyni zamanda Bakı Musiqi Akademiyasında rektorun müşaviri vəzifəsini də icra etmişdir. 2018-2021-ci illərdə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Azərbaycan Milli eksperti təyin olunmuşdur. 2023-cü ildən Mədəniyyət nazirinin müşaviri vəzifəsini daşıyır.

Mədəniyyət və İncəsənət Universitetində, ADA Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində XX əsrmusiqi tarixi, musiqi sosiologiyası, Azərbaycan mədəniyyəti, musiqi menecmenti, yaradıcı prosesin əsasları, mədəni siyasət, yaradıcı iqtisadiyyat fənnləri üzrə baş müəllim qismində Azərbaycan, rus və ingilis dillərində silsilə mühazirə oxumuşdur. 2014-cü ildə Yarat Müasir İncəsənət Məkanının dəvəti ilə “Yaradıcıqüvvəni hərəkətə gətir (ək)” bir aylıq təlim kursu keçmişdir.

1990-cı ildə Beynəlxalq Müasir MusiqiCəmiyyətdə (ISCM), 1993-cü ildə isə Asiya Bəstəkarlar Liqasında (ACL) Azərbaycanın üzv olması təşəbbüsünü irəli sürərək,həmin təşkilatda ölkəmizi1992-2005-ci illərdə təmsil etmişdir.. 2005-ci ildən Avropa MədəniyyətParlamentinin,2011-ci ildən İstanbul Bilgi Universiteti nəzdində Mədəni Siyasət və İdarəçilik Mərkəzinin Məşvərət heyətinin üzvü, Londondakı “Cultural Futures” konsaltinq təşkilatının baş elmi işçisidir. 2013-2018-ci illərdə Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramı daxilində “Euro East Culture” və “Culture and Creativity” proqramlarının layihələrinə mütəmadi şəkildə exspert qismində cəlb olunmuşdur. 2013-cü ildən Azərbaycan hökumətinin xətti ilə Bakıda keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərin mədəni proqramının qurulmasınaideya müəllifi və bədii əlaqələndirici qismində töhfə vermişdir.

Cahangir Səlimxanov 1982-ci ildən muğam sənətinin tədqiqi, 1990-cı ildən isə dünyada təbliği ilə yaxından məşğul olur. Dünyanın bir çox ölkələrində muğam konsertləri təşkil etmişdir. 2002-2015-ci illərdə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsin şah əsərlər siyahısına muğam, kəlağayı,Lahıç misgərlik sənətinin təqdimat ərizələri üzərində işçi qrup tərkibində çalışmışdır. YUNESKO-nun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İçərişəhərdə Muğam Axşamları” konsertlər silsiləsinin təşəbbüskarı və yönəlticisi olmuşdur (2006-2009).

Mühazirəçi qismində Vyana, Oslo, Almatı, Göteberq, Dehli, İstanbul, Brüssel, Köln, Berlin, Afina, Sinqapur, Tbilisi, Seul, Kopenhaqen, Lissabon,Kiyev, Lvov, Odessa, Abu Dabi, Tehran, Paris, Strasburq və s. şəhərlərdə bir sıra beynəlxalq seminar, simpozium,konfrans, konqress və dəyirmi masada çıxışlar etmişdir. Azərbaycan, Rusiya, Norveç, Niderland, Belçika, İsveçrə, Koreya, Almaniya, ABŞ-da kitab, jurnal, festival kataloqlarında məqalə və müsahibələri dərc olunmuşdur.

Cahangir Səlimxanovun münsiflik təcrübəsi də vardır və bu fəaliyyətə bir sıra beynəlxalq müsabiqələr daxildir. 2000-2002-ci illərdə Açıq Cəmiyyət Budapeşttərəfindənkeçirilən Cultural Link proqramının daimi münsiflər heyətinin üzvü, 2005-ci ildə İREX xətti ilə muzey işçiləri üçün Amerikaya səfər seçimi heyəti, 2007-ci ildə Londonda keçirilən Creative Clusters konfransı üçün mühazirə və təqdimatlar üzrə seçim komitəsi, 2011-ci ildə “Rusiyanın müasir mədəniyyəti” Ümumrusiya mədəni layihələr müsabiqəsinin münsiflər heyətinin üzvü, 2011-2017-ci illərdə Avropa Muzeylər Forumunun Avropa üzrə ilin muzeyi mükafatının münsiflər heyətinin üzvü olmuşdur.O,2021-ci ildən Cultural Policy Designers Network beynəlxalq şəbəkəsinin üzvüdür.

Cahangir Səlimxanov Azərbaycan, rus, ingilis dillərində sərbəst yazır və danışır. Bundan əlavə türk, italyan,alman, fransız, ərəb, polyak, holland kimi dillərdə müxtəlif səviyyədə qabiliyyətə malikdir. C. Səlimxanov fəaliyyətinin bütün sahələrində yorulmadan vəuğurlaçalışır, xalqımızın, nəslimizin adını daim yüksək səviyyədəqoruyur.

Nəslimizinbir başqa qolundan dasöhbət açmaq istərdim . Abbas Mirzə Qacarın nəslindən olan nənəm Tovuz xanımın dayısı, şuşalı general Fərhad bəyhaqqında daqısaca məlumat verməyi özümə borc bilirəm.

Fərhad bəy XIX əsrin əvvəllərindəçar Rusiyasının ordusunda xidmətə başlamış, general rütbəsinə qədər yüksəlmişdir. O zamanlarÇar ordusunda qarabağlılardan ibarət süvari dəstəfəaliyyət göstərirdi ki,bu dəstənin dəzabiti Meşeryakov idi . Onun köməkçisi isəgənc Fərhad bəy olmuşdur.1829-cu ildə dahi rus şairi AleksadrPuşkin Qafqaza səyahəti zamanı Ərzurumda olarkən bir neçə qarabağlı hərbçilərlə, o cümlədən Fərhad bəylə tanış olmuş və dostlaşmışdır. Fərhad bəyin qəhrəmanlığı, şücaəti və gözəlliyi şairin nəzərindən qaçmamış, diqqətinicəlb etmiş,onaşeir yazmış, həttaqələmləFərhad bəyinportretini çəkmişdir.Fərhad bəyə həsr etdiyi şeirdəA.S. Puşkininsani düşüncələr ifadə etmişdir:

Döyüş şöhrətinə uyma, qapılma,Не пленяйся бранной славой,

Növcavan, məftunluq həvəsi ilə sən!О красавец молодой!

Gəl, qanlı vuruşa çox da atılmaНе бросайся в бой кровавый

Cəngavər Qarabağ dəstəsi ilə sən!С карабахскою толпой!

Bilirəm: getməzsən ölümə qənşər,Знаю: смерть тебяне встретит,

Əzrailin belə keçsən əlinə,--Азраил, среди мечей

Çaxnaşma salanda qılıncla xəncər,Красоту твою заметит--

O da rəhm eləyər gözəlliyinə.И пощада будет ей.

Fəqət nigaranam: sən vuruşlardaНо боюсь: среди сражений

Əbədi itirib verərsən badaТы утратишь навсегда

Kövrək davranışın məlahətini,Скромность робкую движений,

Şuxluğun, həyanın təravətini!Прелесть неги и стыда!

( A.S. Puşkin. Şeirllər, I cild, Leninqrad, 1940, səh. 277.)

Şeirin tərcüməsi Vilayət Rüstəmzadənindir.

Bu nəslin bir nümayəndəsi də mənəm, bəndəniz Səadət Qarabağlı . Musiqi texnikumunun fortepiano fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir il Cəlilabad rayonundamusiqi məktəbində fortepiano müəllimi işlədim.Anamın sənətini davam etdirmək qərarına gələrək,Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum. Universiteti 1984-cü ildə bitirdim. 1979-cu ilin sentyabrından Üzeyir bəy Hacıbəyovun ev-muzeyində fonotrka müdiri kimi əmək fəaliyyətinə başlamışdım. Sonra muzey bələdçisi, kiçik elmi işçi, böyük elmi işçi, ekskursiya və kütləvi işlər şöbəsinin müdiri, elmi katib və muzeyin direktoru vəzifələrində çalışdım. 2005-ci ilin fevral ayında başqa muzeyə keçirilməyimə etiraz olaraq vəzifəmdən istefa verdim. Hazırda Akademik Milli Dram Teatrının musiqi hissə müdiriyəm. Lakin yazıb yaratmaqəbədi qayəm olduğu üçün yaradıcılıq fəaliyyətimi, araşdırmalarımıdavam etdirirəm.

Mətbuatda çıxan ilk yazım 1978-ci ildə Cəlilabadda işlədiyim zaman, rayonda çıxan “Taxılçı” qəzetində işıq üzü görüb. Üzeyirbəyşünas kimi isə ilk qələm təcrübəm 1981-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Bundan sonra respublikanın mərkəzi mətbuatında Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılıq irsi, həmçinin başqa mövzularda çoxlu sayda məqalələrim, müsahibələrim , radio və televiziyalarda çıxışlarım olub, GünAZ TV –də Azərbaycan musiqi mədəniyyəti tarixiproqramının müəllifi və aparıcısı olmuşam.

Ölkəmizin müxtəlif şəhər və rayonlarında, eləcə də İstanbul Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Türk Musiqisi Dövlət Konservatoriyasında dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli haqqında mühazirələr oxumuş,konfranslar keçirmişəm. Böyük sənətkarın yaradıcılıq irsinin nəşrində və təbliğində dəxidmətlər göstərirəm. 1996-cı ildə nəşr olunan “Üzeyir Hacıbəyov ensiklopediyası”nın müəlliflərindən biriyəm. Üzeyir bəy irsinin yorulmaz tədqiqatçısı kimi “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitab yazmışam. Təlabatolduğu üçün kitab üç dəfə - 1997-ci ildə “Bilik” cəmiyyətinin “Bayatı” , 2004-cü ildə “Pedaqogika”, 2018-ci ildə “Apostrof-A” ( Azərbaycan və rus dillərində. Rus dilinə tərcümə edən Arzuxanım Əlizadədir.) nəşriyyatlarında çap olunmuşdur. Üzeyir bəyə həsr edilmiş şeirlərin bir qismi “Şöhrət tacı” ( tərtibçilər: Ramazan Xəlilov,Səadət Qarabağlı, redakrotu: Vladimir Qafarov) adı altında 1998 - cı ildə “Kitab” cəmiyyətində, şeir və poemaların böyük bir hissəsi də “Üzeyirbaycan” adlı kitabda 2006-cı ildə “Vektor” nəşrlər evində işıq üzü görmüşdür. Elə həmin ildəÜzeyir bəy Hacıbəylinin “Aşıqsayağı” triosunu, “Arazbarı”simfonikəsərinin ( hər iki əsərin tərtibçisi, Azərbaycan və ingilis dillərində ön sözün müəllifi Səadət Qarabağlı, redaktoru İsmayıl Hacıbəyovdur) notlarını “Vektor” nəşrlər evində, 2007-ci ildə “Üzeyir bəy Hacıbəyov və “Molla Nəsrəddin” ( müəlliflər: Tahir Aydınoğlu, Səadət Qarabağlı) kitabı“Adiloğlu” nəşriyyatında, Üzeyir bəyiin tələbəsi Məmməd Cavadova həsr edilmiş “Barı Naxçıvanın 100 yaşlı bəstəkarı”kitabı isə2012 - ildə “Apostroff” nəşriyyatında çap olunmuşdur.Azərbaycan radiosunun tanınmış jurnalisti Gülbəniz Hüseynli ilə birlikdə hazırladığımız“Bəstəkarı xatırlarkən” adlı disk -albomda Üzeyir bəy Hacıbəylinin tələbələrinin xatirələrinibir yerə toplayaraq, audio formatda xalqımızın ixtiyarına vermişik.

1985-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin “Kəndə mədəni hamilik əlaçısı” döş nişanı ilə təltif edilmiş, dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinin təşəkkür məktubları və mükafatlarını almışam.

2000-ci ildə “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” kitabına görə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Nurlu qələm ustası” fəxri mükafatına 2001-ci ildə isə Azərbaycan- Finlandiya və digər ölkələr arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsində göstərdiyimxidmətlərə görə Azərbaycan – Finlandiya Assosiasiyasının “Gümüş arzu” mükafatına layiq görülmüşəm.

Məşədi Ocaqqulu oğluMirzə Haqverdi Qarabağinin nəsl şəcərəsi davam edir. Bu, şəcərə hər zaman füsunkar, əsrarəngizŞuşamızı,Qarabağımızı, həmçinin Azərbaycanımızılayiqincə yaşatmaq, şöhrətini ucalara qaldırmaq üçün öz xidmətlərini əsirgəməyəcək, hər zaman bu missiyanın müqəddəsliyini qoruyacaqdır.

 

Səadət QARABAĞLI,

Üzeyirbəyşünas.