11 Noyabr 2021 14:47
1560
GÜNDƏM

Qarabağda “Rusiya Şöhrət Xiyabanı”,  rus əsgərinə sığınmış erməni qızcığazın heykəli: Bu nəyin mesajıdır? - FOTOLAR

Ötən gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı yarıtmaz fəaliyyətinin bir ili tamam olub. Bir ildə  öhdələrinə düşən 10 noyabr Bəyanatından irəli gələn şərtləri yerinə yetirmək əvəzinə  ermənilərin tez-tez səsləndirdiyi “ ruslar hələ uzun illər  Qarabağda qalacaq” fikirlərini möhkəmləndirməkdədirlər.


Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Xocalıda özlərinə provaslav kilsəsi tikib bir illik fəaliyyətlərinin açılışını etdikdən sonra  növbəti açılış mərasimindən də görüntülər yayıblar.  Bu mərasimdə də  Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin  də iştirak edib.

 Belə ki, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsi  Xocalı rayonuna aid olan aeroportun yaxınlığındadır və hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb”. 


Mərasimin ən qandonduran hissəsi isə rus əsgərinə  sığınmış erməni uşağın heykəli olub. Maraqlıdır uşaq kimdən qorxub ki, özünü Rusiya sülhməramlıların qucağına atıb. Rusiyanın  yüksək rütbəliləri bu abidənin layihəsini təsdiqləyib, tikintisinə başlayanda məqsədləri nə olub? Ey erməni sənin xilasın yalnız mənəm-subliminal mesajı?

 


 Yeri gəlmişkən,  Qarabağda bir ildir tikinti gedir. Axı niyə Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya  sülhməramlıları Qarabağın sahiblərinə - Azərbaycan dövlətinə bu haqda  hesabat, məlumat verilmir?


Əntiqə Rəşid