10 Iyun 2023 13:12
1680
GÜNDƏM, MÜSAHİBƏ

Paşa Yaqub: "Quranda deyilir ki, sellər, daşqınlar Allahın qəzəbidir, xəbərdarlığıdır"

Əziz oxucularımız, yəqin ki, siz də fərqindəsiniz ki, dünyada son 10 ildə təbii fəlakətlər pik həddə çatıb. Torpaq sürüşmələri, zəlzələlər, çovqunlar, tufanlar, su basmalar, meşə yanğınları, təyyarələrin uçuşunu belə saxlayan vulkan püskürmələri və digər hadisələr , xüsusən sellər, daşqınlar qarşısıalınmaz dağıntılara, 100 minlərlə insanın itkisinə səbəb olur.

Bəzən düşünürük ki, görəsən bu fəlakətlər sıradan bir təbiət hadisəsidir , yoxsa, Gözəgörünməz bir varlığın insanlara xəbərdarlığıdır? Bəlkə insan oğlunun hansısa bir günahının bədəlidir?
Bu suallara cavab tapmaq üçün Adalet.az elmi –lədun bilicisi, həkim Paşa Yaqubla müsahibəni təqdim edir.


- Paşa həkim, gözümüzü açandan eşidirik ki, su həyatdır, Allah ilk öncə suyu yaratdı. Planetimizin 71 faizi sudur. Alimlər deyir ki, bir insanın cismindəki suyun orta faizi təxminən 60% olduğu halda, bu nisbət təxminən 45-71% arasında dəyişə bilər. İndi həmin o müqəddəs su insanların kabusuna çevrilib. Sizcə bunun səbəbi nədir?

- Yaşadığımız dünyaya nəzər salsaq görərik ki, bu gün bir çox ölkələr daşqınlardan əziyyət çəkməkdədirlər. Türkiyənin, Pakistanın,  iranın, Ukraynanın bir çox şəhərləri su altında qaldı. Daşqınlar Azərbaycandan da yan keçmədi, bugünlərdə bir çox rayonlarımızda sel fəlakəti yaşandı. Bütün astronomik hadisələrin daşqın və sel sularına təsiri var. “Biz hər şeyi sayıb yazmışıq” ( Xəbər” surəsi, 29) Bunlar Quranda nəzərə alınıb. Yerdə baş verən daşqınların göylə (astronomik hadisələrlə) əlaqəsinə nəzər salmaq istərdik.

Hələ astronomiya elmi yaranmamışdan çox əvvəllər kahinlər və bilicilər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların üzərində təhlillər aparmışlar. Nəhayət belə maraqlı bir nəticə əldə etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı ( və yaxud 6585 sutkanı) əhatə edir. Sonralar astronomiya elmi bu dövrü "saros dövrü" adlandırdı. Maraqlıdır ki, bir qayda olaraq hər "saros dövründə" 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlər təsadüfdürmü?


- 71- həm də planetin su tutumu faizi....


-Quran məntiqinə görə həyatda təsadüf yoxdur. Elə isə sual yaranır: niyə məhz 28 və 43? Maraqlıdır ki, nə bunu kəşf edən kahinlər, nə də bunu təsdiq edən astronomiya elmi indiyədək bu suala cavab verə bilməyib. Elə isə gəlin bu suala Elmi-ladun işığında cavab tapmağa çalışaq. Buradakı 71 astronomik hadisə, yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudur). Dəryadan söhbət düşəndə gözlərimiz önünə ilk növbədə gəmi və Nuh (ona salam olsun) gəlir.

Təsadüfü deyil ki, Quranın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (su!). 71-ci surənin (Nuh) 28 ayədən ibarət olması isə, Saros dövründəki 28 Ay tutulmasının açarıdır. "Nuh" surəsinin sıra nömrəsindən ayələrinin sayını çıxsaq, alınan ədəd Saros dövründə baş verən Günəş tutulmalarının sayını göstərir və Kainatın necə dəqiqliklə idarə olunduğunu sübut edir:

71 - 28 = 43


- Onda belə çıxır ki, şifrələr  sellərin, daşqınların əli ilə  Allah tərəfindən bizə  göndərilən  xəbərdarlıqdır?

-"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına Peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) qorxudan bir Peyğəmbərəm". Quran, "Nuh" surəsi. Bütün bu hikmətləri dərk edən insan belə nəticəyə gəlir ki, indiyədək baş verən Günəş və Ay tutulmaları əslində Quranda deyildiyi kimi bəşəriyyətə bir xəbərdarlıqdır. Burada diqqət çəkən digər heyrətamiz məqam ondan ibarətdir ki, insan orqanizmində də su ilə quru maddə 71-in 29-a nisbətindədir. Yəni, insan bədəninin 71 faizi sudan ibarətdir.


- Sözünüzdən tam bu mənanı çıxarmaq olar: Bütün təbii fəlakətlər o cümlədən sel və daşqınlar böyük Allahın Yer üzünə və insanlara həm də qəzəbidir...


-Son 23 ildə Yerdə baş verən bütün təbii fəlakətləri və böyük qəzaları, daşqınları araşdırmaqla məşğulam. Tədqiqatlarım onu sübut edir ki, baş verən bu cür fəlakətlər bir qayda olaraq riyazi yolla astronomik hadisələrə və Qurana bağlanır. Bununla Yaradan bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan QURANA yönəldir. Çünki əsrimiz kainatın sonuncu əsridir və nəhayət sonda insanlar kamillik dövrünü yaşayıb, sonra dünyanı dəyişməlidirlər. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün dünyanı bürüyən daşqınlardan Yer əhalisinin 71 faizi ziyan çəkəcəkdir. Sağ qalan 29 faiz isə, kamillik dövrünə daxil olub, gözəl bir dövr yaşayacaqdır. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”.


- Son 30 ildə dünyada baş verən bütün haqsızlıqlar Qurana qarşıdır.


-Pozğunluğun, oğurluğun, zinalığın, tamahın, haramın artması Quranı nazil edən böyük Allaha qarşı olmaq deməkdir. Hələ müəyyən səlahiyəti olan dövlət başçılarının, siyasətçilərin qəsdən yaratdığı müharibələr, vuruşmalar, didişmələr, terrorlar, qətllər, qarətlər, hətta bayram mərasimlərində də özlərini idarə etməni itirib, şənliyi, sevinci matəmə çevirmək adət halını alıb. Bu da Allahı qəzəbləndirən amillərdir. Öz çirkin iddiaları üzərinə dinc əhalini qırğına verən fironların necə cəzalandığını da bilməmiş deyilsiniz. Qalır bu xəbərdarlıqları anlayıb tövbə etmək. “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (“Tövbə” (9) surəsinin ilk üç ayəsi ) Bəli, Tövbə qapısı açıqdır.


- Geniş məlumatlarla oxucularımızı tanış etdiyiniz üçün sizə təşəkkür edirik.

Söhbətləşdi Əntiqə Rəşid