adalet.az header logo
  • Bakı -°C
05 Dekabr 2025 12:47
62
ƏDƏBİYYAT
A- A+

Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır

Əksər xalqlarda uşağın milliyyəti, soyadı və ailə kimliyi ata xətti ilə təyin olunsa da, yəhudi ənənəsində bu prinsip fərqli şəkildə işləyir. Burada əsas meyar uşağın anasının yəhudi olmasıdır. Bu, sadəcə dini bir qayda deyil, həm də dərin tarixi, hüquqi və sosial əsaslara malik olan bir identiklik məsələsidir. Bu məqalədə yəhudilərdə milliyyətin ana xətti ilə müəyyən olunmasının səbəblərini və tarixi-kültür köklərini araşdırmışıq. 

Qədim İsraildə yəhudilik milliyəti əvvəlcə ata xətti ilə müəyyən olunurdu. Lakin yəhudi xalqının tarixi boyunca yaşadığı böyük sarsıntılar — Babil əsarəti, Roma işğalı kimi qanlı hadisələr onları yeni şəraitlərdə öz kimliklərini qorumağa məcbur etdi. Assimilyasiya təhlükəsi altında, ananın yəhudi olması uşağın da kimliyini təyin edən yeganə sabit amilə çevrildi. Beləliklə, zamanla milliyyətin ana xətti ilə ötürülməsi normaya çevrildi və Halaxada (yəhudi dini hüququ) rəsmi şəkildə təsbit olundu.

Yəhudi dini qanunları Halaxa – Tövrat, Talmud və digər müqəddəs mənbələrə əsaslanır. Halaxaya görə, yalnız anası yəhudi olan şəxs yəhudi sayılır. Talmudda açıq şəkildə bildirilir ki, uşağın yəhudi statusu yalnız anasına bağlıdır, atasının kimliyi önəmli sayılmır.

Bu prinsipin arxasında həm də sadə bir bioloji və sosial məntiq dayanır. Ana kimliyi həmişə aydındır və dəqiq müəyyən edilir. Lakin atanın kimliyi (xüsusilə müharibə, zorla nikah və ya işğal dövrlərində), bəzən qeyri-müəyyən ola bilərdi. Bu baxımdan, yəhudi kimliyini ana üzərindən müəyyənləşdirmək, xalqın genetik və dini davamlılığını təmin edən etibarlı üsula çevrildi.

Sosial baxımdan da yəhudi ailəsində uşağın dini tərbiyəsi və ənənələrə bağlı böyüməsində əsas rol məhz, anaya verilir. Bu da ana xəttinin yəhudi kimliyində aparıcı mövqeyini gücləndirir.

Yəhudi hüququnda qarışıq nikahlar yəhudilik statusunun müəyyənləşdirilməsində bir sıra hüquqi və dini çətinliklər yaradır. Əgər anası yəhudi, atası qeyri-yəhudidirsə, uşaq avtomatik olaraq yəhudi sayılır və İsrailin “Qayıdış Qanunu”na əsasən vətəndaşlıq hüququ əldə edə bilər. Lakin bəzi dini cərəyanlar, xüsusilə ortodoks icmalar bu statusu tam tanımadan öncə əlavə araşdırmalar və sübutlar tələb edə bilirlər.

Əgər ata yəhudi, ana qeyri-yəhudidirsə, bu halda uşaq yəhudi sayılmır. Onun yəhudi statusu əldə etməsi üçün ya ananın, ya da uşağın özünün “giur” etməsi, yəni yəhudi dininə keçməsi tələb olunur.

İsraildə din və milliyət hüquqi anlamda biri-biri ilə sıx bağlıdır. Vətəndaşlıq, nikah, boşanma, dəfn və digər prosedurlar şəxsin dini statusuna bağlıdır. Bu səbəbdən, yəhudi olub-olmama faktı yalnız dini deyil, həm də hüquqi nəticələrə səbəb olur. Məhz bu kontekstdə, yəhudilik statusunun müəyyənləşməsi ciddi hüquqi əhəmiyyət daşıyır.

Beləliklə deyə bilərik ki, yəhudilərdə milliyyətin ana xətti ilə müəyyən olunması sadəcə dini bir qayda deyil, həm də dərin tarixi təcrübənin, sosial reallıqların və hüquqi ehtiyacların nəticəsidir. Bu prinsip, yəhudi xalqının minilliklər boyu öz kimliyini qoruyaraq bugünkü dünyada mövcudluğunu davam etdirməsinə xidmət etmişdir.