26 Sentyabr 2023 11:32
363
GÜNDƏM

Nicatsız göz yaşları - Adil Misirli yazır

Valideyn üçün ən böyük ağrı, dözülməz dərd öz övladını, balasını, ciyərparasını torpağa tapşırmaq dərdidir. Heç bir valideyn bu dərdi axıra qədər qavraya, başa düşə və ya daşıya bilmir. Və nədənsə valideyn həyatın, təbiətin, Tanrının bu cür yazısını bağışlaya bilmir, özünü ömrünün axırına qədər, son nəfəsinədək dünyasını vaxtsız, vədəsiz tərk etmiş övladı qarşısında əbədi müqəssir, günahkar sayır. Və bu da bir həqiqətdir ki, bir çox xəstəlik müalicə olunur, sonda sağalır. Dərd isə heç vaxt, heç zaman sağalmır,ona çarə, əlac yoxdur.Dünyanın heç bir təbibi,loğmanı dərdin dərmanını tapmaq iqtidarında deyil. Dərd səni tapdısa, ünvanını sənin ömründən, günündən saldısa, bu dərdi gərək çəkəsən.Əlbəttə, əgər çəkə bilirsənsə... Dərd çəkilir, istəməsən də, bacarmasan da onu çəkməlisən. Nə qədər dözülməz, çəkilməsi mümkün olmasa da onu daşımalı, onunla yanaşı yaşamalısan. Əgər buna yaşamaq demək olarsa.

         Dərd səndə özünə əbədi məskən salıbsa o, atıq sənindir. Bədəninin, vücudunun, düşünən beyninin bir parçası, ayrılmaz hissəsidir. Onu qəlbindən çıxara, beynindən silə bilməzsən. Bu qeyri- mümkündür. Saçın ağarsa da, ürəyin ağrıdan saralıb solsa da, belin bükülüb qırılsa da, ömrün yarı yolda qalsa da bəxtinə, taleyinə tuş gələn bu dərdi çəkməlisən. O, canından, gözündən, sözündən, dözümündən, özündən pay almalıdırsənin.O, özünə səndə məskən salır ki, səni də bir gün özü ilə aparsın, özününki etsin. Sən dərdi çəkdikcə o, da böyüyür, ərsəyə çatır və bir gün son mənzilin qapısını üzünə ikiəlli açır... Bu dərd o qədər dəliqanlı və xudbindir ki, başqa dərdləri (çəkilməsi mümkün olan) qısqanır, sənə yaxın düşməyə qoymur.Sənin bütün fikir və diqqətini, düşünən sağlam beynini özünə çəkir. Və istəyir ki, hər nazına dözüb, qayğısını çəkəsən. Çünki dərd də canlıdır. Odur ki, canlı insanın canından qurban istəyir.Canlıları məhv edən, can alan, adamı həyatdan aparan qəddar və rəhmsiz bir ixtiyar sahibidir dərd. Dərd saçını sənin içində ağardıb, ömrünü də səninlə biryerdə başa vurmaq məqsədi güdür. Yanında başqa dərdlərin olması onun heç vecinə də deyil:

Məni qəbrə

dartıb

salacaq bu ağrı.

Qoymayacaq

dərdini çəkəm

Başqa dərdlərimin ...

...Bir ömür bəxş edir bizə Ulu Tanrı, Yaradan. Və nədənsə, niyəsə bu ömrü ağrının, dərdin ağuşunda, qucağında keçiririk. Bax bunu fikirləşəndə şüurun kütləşir, əsəbin gərginləşir. Baş aça bilmirsən bu dünyanın təzadlı gedişatından.Bu qədər gözəl, məsum, dəyərli insanların dünyanı vaxtsız tərk etmələri, sıramızdan qəfil getmələri adamı yandırıb tökür. Cızdağın yanır, tüstün təpəndən çıxır. Hər yerdən, tərəfdən yanırsan. İçəridən də, çöldən də.  Başqalarının dərdinə sən də yanırsan, onların özlərinin yandığı kimi. Çünki əsl insan başqasının dərdinə şərik çıxmalı, onu öz dərdi kimi qəbul etməyi bacarmalıdır. Məncə, bu insanın ən ümdə, bəşəri borclarından biri olmalıdır. Yoxsa:

Kədərimə sevinənlər

Sevincimə

Şərik olmadılar....

....İlahi, o nə qədər gənc, gözəl, insanpərvər, gözəgəlimli idi! Dilim yanır onun barəsində keçmiş zamanda danışanda. Yanıb tökülürəm içəridən. Dilim dolaşır, ürəyim sözümə baxmır. Elə bil qəlbimə ancaq qara qanlar axır.

Danışığı, vücudu, yaraşığı ilə göz oxşayırdı. Təhsilli, bilikli idi. Tanrı onu yaradanda insani məziyyətlərdən heç birini əsirgəməmişdi.

Onda çoxlarının görüb, sezə bilmədiyi bir cazibə qüvvəsi varidi.Çəkirdi insanları özünə tərəf. Başqalarının dərdinə yanır, halına acıyırdı. Sanki Nicat adı ona əvvəlcədən çox uzaqgörənliklə verilmişdi. Çoxlarının nicat yeri idi. Əbəs yerə demirlər ki, adamlar xasiyyətləri ilə adlarına oxşayırlar.

         Adı Nicat idi. Başqalarına kömək əli uzadan,nicat verən, imdadına yetən. Bəs sən özün niyə nicat tapmadın,qardaş?! Cavan, gülər, bəxtəvər, gənc ömrünü əcəlin, ölümün əlindən ala bilmədin. Bir qəfil gülləyə tuş gəldin. Ölümün pəncəsi, məngənəsi bərk-bərk sıxdı gənc həyatını. Ölüm ac, tamarzı kimi, bir göz qırpımında ağuşuna aldı səni. Acgöz, ac ölüm qapdı ömrünü. Qara xətlə yazılıbmış alın yazın. Görə bilmədin doyunca həyatın baharın, yazın.

          Bu ölümün gözləri qaralmışdı. O, kor idi. Görmədi nurlu çöhrəni, gənc yaşını,yaraşığını. Çünki ölümün dünyagörüşü, həyata baxışı, yaşam anlayışı bizim düşündüklərimizdən tam fərqli olur. Biz kədər, qəm dediyimizə o, sevinc, xoş gün deyir. Onun nə vecinə, çox zaman bizi dərd, ələm içəridən birnəfəsə yeyir.

         Bu namərd gülləsi hardan, necə gəldi, qardaş! Bilən, görən olmadı. Təkcə səni ölümə aparan, sel kimi axan qanını görən oldu. Vaxtsız ölüm saçını hörən oldu. Nə idi bu dünyada qəbahətin, günahın? Cavan, ağıllı,yaraşıqlı olmağınmı... Niyə ərşə yetdi nalən, ahın. Bunu anlamaq olmur adama yaxın.

         Nicat və ölüm! Bir Allah bilir bu sözləri yazanda əlimdə qələm necə əsir. Axı bu ölüm niyə belə etibarsız və tələsən olur. Niyə biz qəfil ölümün əlində oluruq  əsir... Hərdən sənin ölümünü düşünəndə ağrılı fikirlərdən tüstüm təpəmdən çıxır.Şanına, şöhrətinə,şərəfinə min bir nəğmələr qoşulan dünyanın əməllərindən baş çıxara bilmirəm. Odur ki, sevinib gülmürəm. İnsan gərək təmənnasız və labüd ölümün çarəsini, əlacını tapana qədər sevinib gülməyə. Bir ömrün xoşbəxt çağında, yaşamağın baharında ömür çırağımız qəfil sönüb, həyata əlvida deyəcəyiksə, biz bu dünyaya niyə gəlirik. Və doğma ana bətnindən dünyaya göz açan körpənin ilk qığıltısı niyə hönkür-hönkür ağlamaq olur? Aldığımız hava, nəfəs körpənin ciyərlərinə ilk dəfə dolanda o, mütləq şəkildə ağlayır. Di gəl belə olanda dünyanın keşməkeşli gedişatından baş aç.

         ...Yazığın gəlmədi boyunu sevən, səni hər gecə yuxuda görən, qara saçlarını sığallayıb qəlbində min bir arzu, istək hörən anana. Cəfanı çəkib, dərdinə yanana. Niyə məhz ölümə sarı getdin, günümüzü qara etdin. Yoxluğunu necə rəva bildin səni dünyalar qədər sevən bacına. Qoymadın əli yetə xoş bəxtin tacına. İndi bacın oğluna sənin adını qoyub. Təsəlli olsun deyə .  Getdin, tək buraxdın səni çox sevən atanı. O, boylanır, səni görsün deyə axtarır hər yanı. Səninlə öyünən, qəlbi bir döyünən atan. Səndən sonra sancır atanın tez-tez ürəyi. Ağardıb saçları, bükülüb kürəyi. Dünya itirib mənasını, həyat düşüb gözündən. Kədər, qəm, ağrı tökülür hər sözündən. Görüb, tapa bilmir mənalı, məsum baxışını. Eləhey pıçıldayır, xatırlayır gənc yaşını. Nə etsin, silə bilmir süzülən göz yaşını. Mən də söykək ola bilmirəm dünənədək dağ gövdəli olan atana. Girə bilmirəm ancaq onun olan, onu içəridən oyan, saçını yolan dərd dünyasına. Mən də onun Sən adlı böyük Dərdinə şərikəm. Səni xatırlayanda içimdə ancaq kədər, qüssə, qəm əkirəm.

         Sevinc hamıya çatır, hamının olur. Ağrılı kədər isə nədənsə yalnız sənin bəxtinə tuş gəlir, sənin taleyinə dolur.

         Atana, dərdini çəkəninə son qəmin olsun deyib, təsəlli verə bilmirəm. Dilim gəlmir. Axı necə son qəmin olsun deyim?! Məgər bundan böyük qəm olarmı? Və başqa qəmin mümkünlüyü mövcuddurmu? Mən bir də düşünürəm ki, başqasına təsəlli vermək, heç də onun dərdinə yanmaq deyil. Bu, belə demək məncə, səni tərk edəni unut deməkdir. Səni unutmaqmı olar, qardaş! Sən həmişə qəlbimizin ən dərin guşəsində, aynasındasan. Orda yerin görünür. Ürəyimiz həmişə səni anıb döyünür.

         Adam dərdi ikiyə bölə, kiçildə, parçalayabilmir. Sevincini başqaları ilə bölən insan kədərinə başqasını yaxın buraxmır. Dərdini tək çəkir adam. Kədər, dərd paylaşılmır axı. Amma dərd birdən o qədər böyük olur ki, ürəyə sığmır. Ürəyin partlayır, rahatlıq içində yerindən didərgin düşür. Nə yaxşı ki, təmizürəklər üçün məsafə uzaqlığı mövcud deyil.Könüldən könülə yollar görünür...

         Dərd bir olsa yaşamağa nə vardı ki! Bəzən elə bil dərdlər əvvəlcədən sözü bir yerə qoyub üstünə gəlirlər. Beyninə girir, ürəyinin başında elə rahat oturur, gözləyirlər ki, gəl görəsən. Bəzi dərdlər xudbinliklə özünə sitayiş edir, başqa dərdlərə yer, macal vermirlər:

Məni qəbrə

dartıb salacaq

Bu Dərd!

Qoymayacaq

dərdini çəkəm

başqa dərdlərimin...

 

         Hərdən fikirləşirəm ki, quru bir ad üçün gəlirik dünyaya. Bizdən sonra bizsiz qaldığına görə darıxan, ağlayan, ürəkləri dağlayan ad üçün. Bu quru, cansız, qansız adı tənha qoyub, geriyə boylanmadan, baxmadan gedirik. Və düşünmürük ki, təkcə bu addan ötrü dünyaya gəlməyə dəyərmi. Axı tədricən həyatda hər şey zamanın axarına yuvarlanıb unudulur. Təkcə qoyub getdiyimiz, yaşatmağa qadir olduğumuz addan başqa. Amma qəribə olsa da, biz bu adı çox sevirik. Ondan ötrü minbir əzab-əziyyətə dözür, hər şeyi edirik. Bu addan ötrü ömür sürürük. Bəzən ağlaya-ağlaya, yaxınlarımızın ürəyini dağlaya-dağlaya. Hərdən buna yaşam, yaşamaq deyə bilmirik. Çünki çox zaman biz yaşamır, sözün əsl mənasında çabalayır, əməlli-başlı sürünürük. Dərdi, ələmi şelləyib ürəyimizin, beynimizin başına, belimiz qırıla-qırıla, dilimiz tutula-tutula guya yaşayırıq. Dərd bizi diz çökdürür. Nə bilim, diz çöküb yaşamaqdansa,bəlkə də ölüm yaxşıdır ayaqda, ayaq üstə.

         Dərdin xisləti boş əllə gəlib, əlidolu getmək istəyidir. Təmənnasız ölüm kimi gələn, nədənsə həmişə qurbanını bizim sıramızda, içimizdə arayıb tapır. Dərd bizdən ötrü heç bir şey əsirgəmir. Ən kəskin ağrını, acını, içi daima dolu olan ələmi də.

         Nikbin olmaq, ruhdan düşməmək istəyindəyəm. Ancaq əlim hara çatır, ünüm hara yetir ki. Nicatım, qardaşım Nicat! Tez-tez atana baxıram. Özümü mən də onunla bərabər oda yaxıram. Ona kömək, yardım əlini uzatmağın mümkünsüzlüyü məni dəli edir. Yanır, içəridən piltim-piltim qovrulur, parçalanıram. Və həmyerlimiz, mərhum şair-filosof Əhməd Elbrusun misraları yadıma düşür, pıçıldayıram:

 

Ay ellər ovucla qanını içək,

Yağı düşmənim də məyus olmasın

Axsın göz yaşı sel kimi sevincdən,

Kimsənin qəm üçün gözü dolmasın.

         Kaş bu dünyada hər şey şairin dediyi kimi olaydı. Qəlbimizə sevinc göz yaşları hakim kəsiləydi. Kaş!!! Ancaq nə etməli, həqiqətdə çox zaman bunun əks tərəfini görürük. Sevinc bizdən uzaq qaçır. Nicatımız isə acı göz yaşları olur, Nicatsız göz yaşları...