Nəqliyyat vasitələrində işıqların nasazlığı qəza ehtimalını artırır - Xəbərdarlıq

Payız fəslinin gəlməsi ilə havaların tez-tez dəyişməsi, duman, yağış və qısa gündüz saatları sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Belə şəraitdə nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin saz vəziyyətdə olmaması qəza ehtimalını dəfələrlə artırır.
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin daim saz vəziyyətdə saxlanmasıdır. Avtomobil hərəkətdə olduğu zaman yalnız mühərrik və əyləc sistemi deyil, işıq cihazlarının da işlək vəziyyətdə olması həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən mühüm amillərdəndir.
Dumanlı və ya yağışlı havada, eləcə də sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yol sahələrində işıq cihazlarının nasazlığı qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Qanunvericiliyə əsasən, sürücü hərəkətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətini, o cümlədən işıq cihazlarının işləkliyini yoxlamalıdır. Ön və arxa işıqların nasazlığı həm görmə, həm də görünmə imkanlarını məhdudlaşdırır ki, bu da digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz təhlükələrin yaranmasına səbəb olur.
Xüsusilə məhdud görünmə şəraitində – duman, yağış, qar və ya gecə vaxtı işıqlandırılmayan yol sahələrində işıqlandırma sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır.
Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. İşıqlandırma sisteminə göstərilən laqeyd münasibət təkcə bir sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını risk altına qoyur", - deyə xəbərdarlıqda qeyd olunub.