Naxçıvan MR hökumətinin illik hesabatı oldu - MSK-nın üzvü vəzifəsindən azad edildi
Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Adalet.az xəbər verir ki, Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 5 məsələnin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı” ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, hökumətin hesabatı Ali Məclisin komitə iclaslarında müzakirə edilib və Ali Məclisin müzakirəsinə tövsiyə olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Ali Məclisin komitə sədrləri təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıb, hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələr zamanı Ali Məclisin deputatları 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını bildirib, sual, təklif və qeydlərini səsləndiriblər. Çıxışlarda ölkə başçısının həyata keçirdiyi siyasətə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səmərəli fəaliyyətinin muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirdiyi, əldə olunan nəticələrin davamlılığını və qarşıdakı dövr üçün müəyyən edilmiş hədəflərə çatmaq imkanlarını gücləndirdiyi qeyd edilib.
İclasda Baş nazir deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Ali Məclisin qərarı səsə qoyularaq qəbul edilib.
Ali Məclis sədrinin birinci müavini gündəlikdə duran ikinci məsələ - “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb. Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.
Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra Qanun səsə qoyularaq qəbul edilib.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev layihə barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəlikdə duran dördüncü məsələ - “Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin qərar layihəsinin müzakirəsi zamanı Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının bəzi dövlət orqanları rəhbərləri və onların müavinlərinin yeni aylıq vəzifə maaşlarının müəyyən edildiyini qeyd edib. Bildirilib ki, analoji olaraq muxtar respublikanın dövlət orqanları rəhbərləri və onların müavinlərinin də yeni aylıq vəzifə maaşlarının müəyyən edilməsi ilə əlaqədar müvafiq qərar layihəsi hazırlanıb.
Məsələ ilə bağlı Qərar səsə qoyularaq qəbul edilib.
Gündəliyin sonuncu məsələsinin müzakirəsi ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından Ali Məclisə daxil olmuş məlumata əsasən komissiya üzvü Heydərli Elşən Sadıq oğlu vəzifəsindən vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə müraciət edib. Elşən Heydərlinin komissiya üzvlüyündən azad edilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 16 noyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.
Sonda Qərar səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
10 Aprel 2026 18:32
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir”
10 Aprel 2026 16:48
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
10 Aprel 2026 12:16
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda - FOTOLAR
10 Aprel 2026 12:09
"Azərbaycandan qadın paltarında qaçan şəxslər..." - Siyavuş Novruzov
10 Aprel 2026 11:53
“İran cənubdan bombalananda Şimalından Azərbaycandan humanitar yardım alırdı”
10 Aprel 2026 11:03
Parlamentin növbəti iclası BAŞLADI
10 Aprel 2026 10:17
“Növbəti dəfə MDB-ni tərk edən ölkə Ermənistan ola bilər...”
10 Aprel 2026 10:01


Bakı -°C

