adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Oktyabr 2014 15:22
7848
MƏDƏNİYYƏT

Mədəniyyət və Turizm Nazirliyi yeni müsabiqə elan etdi

Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədi ilə «Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi» adlı müsabiqə elan edir.

Müsabiqə beş nominasiya üzrə keçirilir:

Ən yaxşı resenziya;

Ən yaxşı nəzəri araşdırma;

Ən yaxşı portret yazı;

Ən yaxşı tənqidi məqalə;

Ən yaxşı müsahibə.

Müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən müntəzəm məqalələr yazan KİV nümayəndələri iştirak edə bilər.

Müəlliflər məqalələri noyabrın 1-dək «Mədəniyyət» qəzetinin (Bakı şəhəri, Moskva prospekti 1. Dövlət Film Fondu, V mərtəbə) və «525-ci qəzet»in (Bakı şəhəri, Ş. Mustafayev küçəsi 27/121) redaksiyalarına təqdim etməli, yaxud e- mail ünvanlarına ([email protected], [email protected], [email protected]) göndərməlidirlər.


Hər iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Ən yaxşı beş məqalə seçilərək birinci, ikinci və üçüncü yer və iki həvəsləndirici mükafata layiq görüləcək.

Birinci yer üçün 1000 (min), ikinci yer üçün 800 (səkkiz yüz), üçüncü yer üçün 500 (beş yüz), iki həvəsləndirici mükafat üçün isə hər birinə 300 (üç yüz) manat pul və diplom nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər məqalənin A4 formatda çap olunmuş və ya elektron variantı ilə yanaşı, qısa tərcümeyi-halını, əlaqə telefon nömrəsini də təqdim etməlidirlər.

Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi 2014-cü ilin noyabrında M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.  Nəticələr məqalələrin təqdim olunduğu qəzetlərdə ("Mədəniyyət”, "525-ci qəzet”) və nazirliyin internet saytında (mct.gov.az) dərc olunacaq.