adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Aprel 2024 14:38
1951
MƏMLƏKƏT

Marquşevanda Ağdabanın qisasını alan şəhid, Lerik dağlarının yetişdirdiyi cəngavər- 32 il

"Bu gün mənim əziz dostum Milli Qəhrəman Valeh Müslümovun şəhid olan gündür...Çox çətin idi üzücü xəbəri Valehin atasına bildirmək...Telefonun o başında Əlizaid dayı: Eşidirəm -dedi....Boğazım qurudu. Ataya necə deyim ki, oğlun şəhid olub?”.


Bunları Adalet.az-a I Qarabağ müharibəsində döyüşmüş, əslən Qubadlıdan olan qazi Məətləb Abışov danışır. M.Abışov bildirir ki, 1992-ci il aprelin 7-i "Arabo" terrorçu dəstəsi Kəlbəcərin Ağdaban kəndinə soxulub, dinc əhalini, o cümlədən qadınları, uşaqları, yaşı 100-ü keçmiş qocaları qətl etdi, kəndi yandırdı:

” Bu hadisənin qisasını almaq üçün Azərbaycan ordusu 10 apreldə Leninavan (Marquşevan və Marağa kəndlərindən ibarət) qəsəbəsinə hücum etdilər və bu döyüşdə mənim ən yaxın dostum, birgə qaldığımız yataqxanada otaq yoldaşım Valeh Müslümov şəhid oldu”.

Abışov onu da qeyd etdi ki, şəhidin nəşi Sumqayıta yaşadığı yataqxanaya gətirildi. Onun ailəsinə bu xəbəri vermək də mənim öhdəmdə qaldı:

-Əlizaid dayı , Valeh yaralıdı ....
O: İndi gəlirəm, bala... - dedi.
-.Yox! Gəlmə dayı ,biz gəlirik ...-dedim.
-Aydın oldu, bala... anladım... - dedi.
Gecə ilə Lerikə yola düşdük. Səhərin alaqaranlığında dağlar qoynunda yerləşən Lerikə çatdıq. Şəhidi aparan maşın şəhərə çatar-çatmaz siqnal verdi... Tabutun önündə durmuşdum. Karvanımızı  çəlimsiz və kədərli, amma göyçək üzlü  xala qarşıladı. Deyəsən, ana ürəyi hiss etmişdi ki ,Valehlə yataqxanada qalan, dostluq edən mənəm. Qarşımda həm talışca , həm də, türkcə bayatı deməyə başladı. Ağır idi o günlər.....çox ağır...”



Oxucularımız üçün bildirək ki,  Müslümov Valeh Əlizahid oğlu 2 sentyabr 1968 -ci ildə Lerik rayonunda doğulub. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə gedib, 1983-cü ildə səkkizinci sinifi bitirib. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib.
1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışıb. 1986-cı ildə hərbi xidmətə çağırılır. 1988-ci ildə hərbi qulluqdan tərxis olunur və Sumqayıta qayıdır.

Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib, mərdliklə vuruşub.


Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedib. 1992-ci il... Aprel ayının 10-u Marquşevan kəndində gedən döyüş...

Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh yaralandı.

Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etdi. Əfsus ki, öz həyatını xilas edə bilmədi. Şəhidimiz Lerik rayonunda dəfn edilib.

O, subay idi.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Lerik rayonundakı 2 saylı tam orta məktəb Şəhid Milli Qəhrəman Valeh Müslümovun adını daşıyır.
2012-ci ildə, Valeh Müslümovun şəhid olmasının 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin dəstəyi ilə onun adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılıb.

Qeyd edək ki, həmin gün digər bir qəhrəmanımız da şəhid olub. Şahlar İsa oğlu Hüseynov 26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun (1930–1959-cu illərdə Axta rayonu) Hankavan kəndində ( İlkin adı Misxana olub.1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib) anadan olub.

1985-ci ildə burada təhsilini rus dilində başa vurub. 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavoduna çilingər işləməyə başlayıb.

Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşmudur, düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv etmişdi.

10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu. Subay idi.

 P.S. Bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Qarabağ bizimdir! Ruhunuz şad olsun!

 Əntiqə Rəşid