14 Sentyabr 2023 11:33
692
ƏDƏBİYYAT

LORKADAN DÖRD SONET

“Sirli sevgi sonetləri” (“Sonetos del amor oscuro”) adlandırdığı son kitabını Lorka 1936-cı ilin iyununda bitirsə də, bir ay sonra güllələnməsi səbəbindən sonetlər diqqətdən kənarda qalıb, yalnız 1984-cü ildə arxivindən tapılaraq Madriddə çap olunub. 

 

Sevgi acısı haqqında

 

O donuq gözlərində dərin sükuta dalmış

işıqlı möcüzənin itməsindən qorxuram;

Üzüm o gül qoxuyan üzünə toxunmamış

bu urvatsız gecənin bitməsindən qorxuram.

 

Ürəyim ağrıyır ki, yarpaqsız bir kötüktək

bu çayın qırağında çar-naçar qalmışam mən;

İztirab qurdlarını yemləyib bəsləməkçün

nə palçığım var mənim, nə çiçəyim, nə meyvəm.

 

İçimdə basdırılmış ən qiymətli xəzinəm,

göz yaşında islanan çarmıxımsan sən mənim,

lap yoxsa da gözündə bir it qədər qiymətim, –

 

eybi yox, məndə olan qoy məndə qalsın, amma

sən bəzə öz çayının o qırçın sularını

məni tərk edib gedən xəzan yarpaqlarımla.

 

 

Sirli səs

 

Ah, sevginin bu sirli, bu mübhəm pıçıltısı!

Bir quzu mələyişi, yaraya basılan duz,

qasırğada boğulan bir səsin sızıltısı,

gözətçisiz bir qüllə, çayı qurumuş dəniz.

 

Ah, gecənin bu aydın, bu dibsiz dərinliyi,

zirvələri dumanda itib-batmış bu həsrət.

Sahibsiz bir köpəyin ürəyində kiriyən

səsi-ünü boğulmuş bu qaranlıq sükunət!

 

Çəkil yoldan, od kimi yandıran buzun səsi,

qoy bədənim göylərin səbəbsiz ağladığı

cənnət qapılarının üzümə bağlandığı

 

o müdhiş bədbəxtliyin ağuşuna düşməsin!

Al bu ağrını məndən, xarabalığa döndər,

sevgimin gül açdığı həyata məni göndər!

 

 

Qızılgül çələngi haqqında

 

Mənə qızılgüldən bir çələng bağla!

Soyuq yanvar gecəm durub qəsdimə.

Oxuya-oxuya hör, sonra ağla!

Tez elə! Ölürəm, son nəfəsimdir!

 

Sev məni! Mən səni atıb getmərəm!

Bir bax: sevgimizdən közərir gecə;

qanlı çiçəklərlə doludur dərəm,

yaram ulduz-ulduz qızarır necə.

 

Tez ol, yelə vermə vaxtı, zamanı:

tapdala dərəmin çiçəklərini,

baltək iç qanını təzə yaramın!

 

Kölgələr üçündür vaxt, zaman daha –

sənsə dərdlərini bir yerə yığıb

tələs öz qəlbinə divan tutmağa!

 

 

 Şair həqiqəti söyləyir

 

Axıt gözdən hər şeyi tək bircə yalvarışla –

sev məni və üzündən göz yaşını silmədən

ağla içi büsbütün daşla, bıçaqla, quşla, 

özünlə dolu olan qatı qaranlıqda sən.

 

Və qoy mənim bağçamı darmadağın etməyə

boylanmasın kənardan naməhrəm göz, yad ürək.

Nə qədər ağır imiş, necə çətinmiş demə,

bu səbrin, bu ağrının bəhrəsini gözləmək.  

 

Sənsə sevməyində ol, yayınma hədəfindən –

baş açmazsan göylərin nimdaş günəşi altda

həsrətin düyün düşən dolaşıq kələfindən.

 

Qıymadığın nə varsa mənə sevgidə ancaq

bircə dəfə o titrək bədənə toxunantək 

ölüm qəsdinə durub bir-bir qamarlayacaq.

 

 

 Çevirəni Mahir N. Qarayev