adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 May 2023 18:57
1119
MƏMLƏKƏT

Külə dönən ömürlər:16 mərtəbəli "ölüm binası"nın sirləri - 8 il

Bu gün 16 soydaşımızın faciəli ölümünə səbəb olan o dəhşətli yanğından 8 il ötür.


Adalet.az xəbər verir ki, yanğın 2015-ci ilin 19 mayında Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib. Nəticədə 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Amma şahidlər 16 nəfərin olduğunu deyib. Məsələn, prosesdə ifadə verən zərərçəkənlərdən biri Zəmanət Daşdəmirov naməlum 16-cı meyit haqda məlumat verib: “Yanğın vaxtı yerdə bir cəsəd gördüm. Onun başı yarılmışdı, qan axırdı, ölmə ehtimalı çox idi. Amma mən onu tanımadım. Digər ölən 15 nəfərin hamısını tanıyırdım. Onlardan biri deyildi, onun qolunda döymə vardı. Həmin adam binadan özünü atan Yaşar deyildi, çünki mən onu yerdə görəndən 20 dəqiqə sonra Yaşar özünü atdı. Ehtimal var ki, adı məlum olmayan 16-cı ölü təxribatçı olub, binanı o yandırıb”.

 

“Yaşar Nəcəfzadə”?


Rəsmi məlumatlara görə, məşum olay zamanı 14 nəfər yanğın zamanı əmələ gələn qazlardan zəhərlənərək dünyalarını dəyişiblər. 15-ci şəxs - Yaşar Fazil oğlu Nəcəfzadə isə hündürlükdən yıxılıb və ölüb.Zəhərlənən 14 şəxsdən 4-ü azyaşlı uşaq, 1-i ahıl qadın, digəriləri 20-70 yaşlı sakinlər olub. Y.Nəcəfzadə də daxil olmaqla ölənlərdən 6 nəfəri kişi cinsinin nümayəndəsidir. Onlardan 2-si azyaşlıdır. Yerdə qalan 4 nəfərin - Yaşar Nəcəfzadənin, Davud Eyvazovun, Sahib Bağırovun və Yuriy Utyuşovun əllərində döymə olmayıb.

Araşdırmaçı həmkarlarımın qənaətinə görə, “Yaşar Nəcəfzadə” müəmması indiyənə qədər mediaya qapalı qalıb. Beləki, “musavat.com”un iddiasına görə, “Hüquqi dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, uzun illər prokurorluq orqanlarına çalışmış Müəffər Baxış Binəqədidəki yanğının qəsdən törədilməsi ilə bağlı “Yeni Müsavat”a olduqca maraqlı bir fikir söyləmişdi. Demişdi ki, istintaq olay zamanı hündürlükdən yerə çırpılmaqla dünyasını dəyişmiş yeganə şəxs olan Yaşar Nəcəfzadənin kimliyini, əlaqələrini ən ciddi şəkildə araşdırmalıdır. İstintaqın bu məsələni araşdırıb-araşdırmaması hələlik bəlli deyil.
Xalqımızı matəmə bürüyən faciənin səbəbi isə binaların fasadına vurulan tezalışan poliuretan materialdan hazırlanan örtük olmuşdu. Ümumiyyətlə, Bakıda 2015-ci ilin 20 mayına olan məlumat görə penoplas ilə üzlənmiş 283 yaşayış binasının olduğu bildirilir. Binaların çölünə belə üzlüklərin vurulmasının məqsədi SSRİ dönəmində inşa edilən tikililərə yeni görkəm qazandırılmasıdır. Bu hadisədən sonra bina uzun müddət "Ölüm binası"adını özündə saxladı.

Hələ də sualların bir çoxu cavabsız qalıb...


 
Nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərə hökm oxunub. Təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 Yeri gəlmişkən, mediamızın yaydığı məlumatlara görə, hadisədən bir neçə ay öncə Milli Təhükəsizlik Nazirliyinin əməkdaşlarının Miryusif Mahmudovdan 300 min manat rüşvət tələb etməsi, əks halda material barədə mənfi rəy yaradacaqları ilə hədələdiklərini məhkəmənin diqqətinə çatdırıb: “16 may 2015-ci ildə “Qlobal Consrtaction” şirkəti tərəfindən təmir işləri həyata keçirilən Veteranlar Təşkilatının yeni inzibati binasına bitişik binada yanğın törətmək cəhdi, Azadlıq prospektindəki yanğından 5 gün sonra 24 may 2015-ci il Gəncədə Dədə Qorqud, 2 ünvanında yerləşən binada əllərində kerosin kanistri olan 2 nəfərin yaxalanması, yanğın başlayandan dərhal sonra keçmiş MTN əməkdaşlarının ofisi basıb M.Mahmudovu özləri ilə aparması bu həbsin sifarişli olmasını açıq-aşkar göstərir.

Məhkəmə istintaqında ortalığa çıxan bir sıra faktlar – yanğının mənbəyinin başqası tərəfindən deyil, məhz keçmiş MTN əməkdaşı Xəyyam Babayev tərəfindən göstərilməsi, onun ziddiyyəli ifadələri, bina sakinlərindən birinin məhkəməyə həmin gün naməlum, “əlinin üstü döyməli” 16-cı meyiti görməsi barədə məlumat verməsi, zərərçəkənlərin binaya bitişik tikilinin üstündə heç vaxt zibil yığılmamasını təsdiqləməsi, bir neçə şahidin hadisə günü tikilinin üstündə bir neçə yanan lopa görməsini təsdiqləməsi və sair bu kimi hallar yanğının qəsdən törədilməsini göstərdi”.

 

 Külə dönən ömürlər



1. Fərəh Məhərrəmova|Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)
2. Bağırov Sahib Rəhim oğlu (49 yaş)
3. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)
4. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)
5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)

6. Eyvazov Davud Hamir oğlu (16 yaş)
7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)
8. Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)
9. Kərimova Nazilə Malik qızı (39 yaş)
10. Kərimova Ayan Anar qızı (5 yaş)

11. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)
12. Həsənova Alla Antonovna (58 yaş)
13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)
14. Boykova Lyubov Viktorovna (87 yaş)
15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).


Allah hər birinə rəhmət eləsin!


Əntiqə Rəşid