26 Avqust 2025 12:35
261
GÜNDƏM

Kəngərli sülaləsinin son generalı:Talesiz Cəmşid xan Naxçıvanski

Sirr deyil ki, hazır kı gəncliyin böyük bir hissəsi tariximiz haqqında yaz məlumatlıdır, ya da , ümumiyyətlə, heç məlumatı yoxdur. Xalqımızın tarixində dönüşüm yaradan tarixi şəxsiyyətlərdən, böyük sərkərdələrdən, elm və mədəniyyət xadimlərindən daha çox indi səhnəyə jarqon gətirən şit artistləri, ara müğənniləri, cəmiyyətə əxlaqsızlıq toxumu səpən aparıcıları daha çox tanıyırlar.
Mərc üçün küçədə o artistlərdən, müğənnilərdən, aparıcılardan birinin adını bir gəncdən soruşun, sonra da “Cəmşid Naxçıvanski kimdir?” deyə sorğulayın. Hər kəs bu sualı ətrafındakı gənclərə verib bizim aldığımız cavabı alacağını dəqiq bilirik.Sualı başqa cür də verə bilərsiniz! Bakıda yerləşən Müdafiə Nazirliyinin Hərbi Liseyi Cəmşid Naxçıvanskinin adınadır, kimdir Cəmşid Naxçıvanski?

Utancverici və kədərləndirici cavab qarşınızdadır!
İndi isə bu maarifləndirici məqaləmizi yazaraq tariximizi və tariximizdə mühüm rol oynayan şəxsiyyətləri sizin də onları rəhmətlə xatırlamağınızı təmin edirik!
Cəmşid Naxçıvanskidən danışmamışdan əvvəl gəlin “Naxçıvanskilər” haqqında danışaq. Çünki Cəmşid xan məhz bu nəslin davamçısı olub.

Şərafətli Xan nəslinin yetirmələri ilə fəxr edin!

Azərbaycanda hər zaman böyük eyni zamanda ölkə üçün vacib şəxsiyyətlər yetişdirən nəsillər olub.Cavanşirlər, Şadlınskilər, Şıxlinskilər, Şahtaxtinskilər, Bakıxanovlar, Rəfibəyovlar kimi qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub nəsillər, boylar az olmayıb. Naxçıvanskilər də belə şəcərələrdən biridir.
Tarixçilərin yazdığına görə, Nadir şah Əfşar əyanlarının sui-qəsdi nəticəsində öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli şahın naibi Ağahəsəni hakimiyyətdən uzaqlaşdırıb, özünü Naxçıvanın müstəqil xanı elan etdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirdi: xanlıqda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı, köhnə körpülərin təmir olunması, yenilərinin inşası haqqında əmr verdi.

Naxçıvan xanlığının hərbi gücü az olduğundan Heydərqulu xan Kəngərli daha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Bu məqsədlə qarabağlı Pənahəli xanla müttəfiq oldu, onunla və gürcü çarları ilə birlikdə 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı yürüşdə iştirak etdi. Uğursuz qurtaran bu yürüşdən sonra Heydərqulu xan Kəngərli xanlığın iqtisadiyyatını tənzimləməklə məşğul oldu. Ölümündən sonra yerinə Hacı xan Kəngərli keçdi.

Beləliklə, hərb tariximizə tanınmış generallar bəxş edən Kəngərlilər (Naxçıvanskilər) nəsli Naxçıvanın xanı olurlar.
AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutununtarix üzrə fəlsəfə doktoru Musa Quliyev Naxçıvanskilərin tarixdə ad qoymuş nümayəndələrini belə sıralayır:
1.Ehsan xan Kəngərli-Naxçıvanski — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsidir.
2.İsmayıl xan Naxçıvanski — hərbi xadim, tam süvari qoşunu generalı.
3.Bəhman xan Naxçıvanski - Araz-Türk Cümhuriyyətinin dövlət xadimlərindən biri, könüllü xalq dəstələrinin tərkibində tabor komandiri.
4.Əmanulla xan Naxçıvanski — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğlu.
5.Əkbər xan Naxçıvanski — azərbaycanlı məşhur zadəgan, Naxçıvan şəhər dumasının rəisi, mücahid.
6.Həbib xan Naxçıvanski- ömrünün 60 ilini müəllimliyə həsr etmiş böyük ziyalı
7.İsgəndər Maştafa Naxçıvanski , Əkbər xanın oğlu— poruçik,
8.Bəhram xan Naxçıvanski — Araz-Türk Cümhuriyyətinin görkəmli xadimlərindən biri, könüllü xalq dəstələrinin tərkibində tabor komandiri; Araz-Türk Cümhuriyyətinin Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmaq üçün Bakıya ezam etdiyi nümayəndə heyətinin başçısı.

9.Kəlbəli xan Naxçıvanski — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl Xan Naxçıvanskinin qardaşıdır.

10.Hüseyn Xan Naxçıvanski — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi. Tam süvari qoşunu generalıdır. Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant olub.
11. Cəfərqulu Xan Naxçıvanski — görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası.
12.Ehsan xan Naxçıvanski — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Araz-Türk Cümhuriyyətinin yaradıcısı, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı.

13.Cəmşid Naxçıvanski — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (kombriq, 5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı.
Kəlbəli xan Naxçıvanski — bəy,general-mayor.
Davud xan Naxçıvanski — praporşik.
Ehsan xan Naxçıvanski — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşıdır.



Kəngərli sülaləsinin sonuncu generalı: Cəmşid xan Naxçıvanski

Bu gün Kəngərlilər (Naxçıvanskilər) nəslinin görkəmli nümayəndəsi olan Cəmşid xan Naxçıvanskinin öldürüldüyü gündür. Odur ki, bu gün onu böyük hörmətlə yad edəcəyik .
Cəmşid görkəmli ictimai-siyasi xadim, dövrünün böyük şəxsiyyəti olan Cəfərqulu xanın ailəsində 23 avqust 1895-ci ildə dünyaya göz açır.
Yeri gəlmişkən, Cəmşidin anası Fəxrəntac xanım da xan nəslinin nümayəndəsi olub . Onun atası İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanski idi. Naxçıvanın müdafiəsində mühüm xidmətlər göstərən Abbasqulu xan İrəvanski bacarıqlı və cəsur hərbçi olub. O, 1905-ci ildə xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşub, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını alıb. Abbasqulu xan maarifçilik işlərində də öz maddi köməyini əsirgəməyib. Həm də İrəvan şəhər dumasının üzvü olub.
Bu iki böyük nəslin genetikasını qanında daşıyan balaca Çəmşid anası sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənir. Uşaqkən biliyi, diribaşlığı, dövrünün savadsızlığına rəğmən xarici dillərə sahib olması onu 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmasını təmin edir. 1911-ci ildə, 16 yaşında həmin məktəbi müvəffəqiyyətlə bitirir.

Cəfərqulu xan Naxçıvanski


Təbii ki, bu yaşda gəncin dünyaya baxışı, seçimi çox rəngarəng olur, arzuları aşıb daşır. Dünyaya sıxmır. Oxumaq, daha çox bilmək xatirinə yurdundan uzaq düşür. Beləki, artıq o 1915-ci ildə Yelizavetqrad qvardiya məktəbini bitirmiş olur.
Bu o vaxt baş verir ki, artıq dünya Birinci Dünya müharibəsinin cəngində inləyirdi. Hərbi biliklərə dərindən yiyələnmiş Xan oğlu müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olur, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edir. Cəsurluğu ilə ana babası Abbasqulu xandan geri qalmadığını da sübut edir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılır, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunur. Cəmşid Naxşıvanski artıq 23 yaşında bütün komandirləri cəsurluğu ilə heyrətdə qoyurdu. Məhz buna görə, 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunur.

O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılır.
Sonra müharibə bitir və ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdır.Niyə alayı ilə birgə? -deyə soruşsanız , onu da qeyd edək!

Abbasqulu xan İrəvanski

Bu o vaxt baş verir ki, artıq Azərbaycan çalxalanır, Bakı odlu kürəyə dönmüşdü. Ermənilər ruslarla birlikdə, daha dəqiq daşnaklarla bolşeviklər azərbaycanlılara qarşı soyqırımı həyata keçirir, silahsız soydaşlarımızı kütləvi şəkildə məhv edirdilər.
Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust ayları arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan Qafqaz İslam Ordusu Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən təmizləyərkən C. Naxçıvanski də bu döyüşlərdə inamla vuruşur və cəsarəti, qorxmazlığı ilə hər kəsin böyük hörmətini qazanır.
C. Naxçıvanskinin peşəkarlığı, döyüşkənliyi cəsurluğu Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun da gözündən yayınmır. Nazirin 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilir.
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edir.
Amma Azərbaycanı işğal edən bolşevizm onu da onun alayını da aldada bilir.Alay sovet hökümətinin tərəfinə keçir. Nəriman Nərimanov Şuşada ermənilərə qarşı döyüşən komandiri dərhal Bakıya gəlməyi əmr edir. əqsəd Cəmşid Naxçıvanskini Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi təyin etmək, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin etmək idi. Cəmşid Xan bu sahədə durmadan çalışır və yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynayır.
Üstəlik, 1922–1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri olur. Məhz elə o gündən represiyanın hədəfinə düşür.

Naxçıvan, 1906-cı il, ailə fotosu: Ön sıra (soldan): 1 - Xanlar xan (Abbasqulu xanın oğlu) və qucağında körpə oğlu, 2 - Tacı xatın (Abbasqulu xanın kiçik qızı), 3 - Nazlıbəyim banu (Cəfərqulu xanın qızı), 4 - Kəlbəli xan Naxçıvanski (III).Orta sıra: 1- 2- Tərlan xanım (İsmayıl xan Naxçıvanskinin qızı, Abbasqulu xanın həyat yoldaşı) 3 - Abbasqulu Xan İrəvanski, 4 - Fəxrəntac xanım (Abbasqulu xanın qızı, Cəfərqulu xan Naxçıvanskinin həyat yoldaşı), 5 - Cəfərqulu xanın ikinci həyat yoldaşı. Arxa sıra: 1 - Həsən xan İrəvanski, 2 - Kərim xan İrəvanski, 3 - Rəhim xan Naxçıvanski və kiçik qızı Xurşid banu, 4 - Cəfərqulu xan Naxçıvanski.

Yuxarıda unutdum yazmadım: Cəfərqulu xanın Cəmşiddən başqa Kəlbəli, Ehsan, Davud adlı da oğulları vardı.(Yuxarıda 12-ci bənd. red-ƏR) Cəmşid xanı şərləmək üçün rejim plan qurur: Deməli, Xanın qardaşları Davudxan və Kəlbəli xanla Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rəsmi icazə alıb İrana gedirlər və geri dönmürlər. Qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatırlar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər edir, notalar verir. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılır. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtdirir. Stalinin qanlı rejimi Cəmşid xanı qardaşları ilə sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qoyur.

2 dəfə həbs edilib, fakt olmadığı üçün buraxılan C.Naxçıvanski 20 may 1938-ci ildə üçüncü dəfə həbs edilir. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilərək güllələnmə cəzasına məhkum edilir və hökm dərhal icra edilir.

Qəbri də qəriblikdədir!

Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olunur.
Stalin öləndən 3 il sonra- 1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Amma, bəraət kağızı nə itkimizi xəfiflətdi, nə təəssüfümüzü azaltdı.
43 yaşında namərd rejimin namərd gülləsindən əbədiyyət qovuşan böyük şəxsiyyətin Bəxtiyar Cavanşirin qızı Cəvahir xanımla  evli olduğu və Lalə adında bir qızı qaldığı deyilirdi.

Xatırladaq ki, general Cəmşid Naxçıvanskinin qızı Lalə Naxçivankski ötən ilin yay aylarında atasına məxsus Quran ayələrindən ibarət iki ( əlyazmanın biri Təbrizdə saxlanılır -S.Əmirli) əlyazmadan birini erməni Qarnik Sereboviçin rəhbərlik etdiyi Rusiya-Ermənistan Şərqşünaslıq Universitetinə bağışlayıb. Bəs görəsən, Lalə Naxçıvanski uzun müddət saxladığı, XlX əsrin ll-ci yarısına aid bu əlyazmanı niyə indi REŞU-nə bağıslayıb?

Məlum olub ki, uzun müddətdir ki, erməni yalanları ilə beyni zəhərlənmiş Lalə Naxçıvanskini qoca vaxtında da aldadıblar. Erməni ətrafı ona məlumat verib ki, Azərbaycanda atasının adıni daşıyan hərbi liseyin adı dəyişdirilib və sair və ilaxır . Nəticədə beyni yuyulmuş zavallı qadın hansısa formada acıq çıxmaq üçün əlyazmanı erməni professor Viktoriya Arekelova vasitəsi ilə Rusiya -Ermənistan Şərqşünaslıq Universitetinə bağışlayıb.

Bakıda hərbi lisey və paytaxt küçələrindən birinin Cəmşid Naxçıvanskinin adını daşıması, Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərməsi xalqımızın və dövlətimizin igid oğluna göstərdiyi böyük ehtiramdır!

 Tariximizi öyrənin!Düşmənləri,  eyni zamanda, tarixi şəxsiyyətləri, qəhrəmanları tanıyın!

Əntiqə Rəşid