04 Iyun 2025 13:53
264
KRİMİNAL

Kartlardan daha 10 min manat pul oğurlandı

İyunun 3-də Daxili İşlər Nazirliyinə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı şəxslərin bank hesablarından 7000, 980, 660, 550, 400, 285, 150, 130, 100 və 28 manat məbləğində vəsait oğurlanıb.

Adalet.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır:

"Vətəndaşlara bir daha xatırladılır ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodu, kartın istifadə müddəti, habelə SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar tam məxfi saxlanmalıdır.

Bu məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından pulun oğurlanmasına, həmçinin vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər.

Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edir:
• Naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməyin,
• Şəxsi və maliyyə məlumatlarınızı heç bir halda paylaşmayın,
• Şübhəli ünsiyyət halında dərhal əlaqəni kəsin və nömrəni bloklayın,
• Dələduzluq halları ilə qarşılaşdıqda “102” Xidməti Zəng Mərkəzinə və ya yaxınlıqdakı polis orqanına məlumat verin".