adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Aprel 2024 10:26
1569
MƏDƏNİYYƏT

İstedadı ilə Çarli Çaplini ovsunlayan dəmirçi oğlu: Azərbaycanın "vizit vərəqi"nin müəllifi

İl 1950... Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”.


Çarli Çaplinin “salam” göndərdiyi “ bəxtəvər bəstəkar” - Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi , Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Qəmbər Hüseynli həmin vaxtlar istintaqlarda, izahat yazmaqda müstəntiqlərin yersiz və mənasız suallarını cavablandırmaqda idi. Q. Hüseynlinin istedadını gözü götürməyən paxıl və xəyanətkarların təşəbbüsü, ermənilərin təşkilatçılığı ilə bəstəkar həbsxanaya  atılır. İttihamın absurd və rəzil bir ittiham olduğu isəistintaq materiallarındakı bu sual-cavabdan da bəlli olur:
Müstəntiqin iradı:

- “Bu "Cücələrim" nədir? Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir”.

Qəmbər Hüseynlinin cavabı:

- Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər”.

Bəstəkarın bu sözündən əsəbləşən müstəntiqlər onu bu cavaba görə həbsxanaya atdırır. Bəstəkar orada ağır xəstəliyə yoluxur. Və bu xəstəlik səbəbi ilə iki il sonra vəfat edir. Tam da 45 yaşında!

 

 Çaplini və Hüseynlinin ortaq nöqtəsi 


Maraqlı olan odur ki, bu gün hər iki sənətkarın doğum günüdür!
XÜSUSİ QEYD: Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Hələ gənc yaşlarından xalq musiqisinə sonsuz məhəbbəti, klassik muğamlarımızın əsaslarını dərindən öyrənməsi sonralar onun bəstəkarlıq fəaliyyətində mühüm rol oynayıb.
Gəncə orta ixtisas musiqi məktəbini tar sinfi üzrə fərqlənmə diplomu ilə bitirən Q.Hüseynli 1929-1934-cü illərdə Gəncə pedaqoji texnikumunda təhsil alıb, daha sonra Bakı Musiqi Texnikumunda violonçel ixtisası (A.S.Şvartsın sinfi) və bəstəkarlıq üzrə (Q.Z.Burşteynin sinfi) təhsilini davam etdirib.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib. Burada cəmi bir il çalışıb, sonra yenidən Bakıya qayıdıb, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri kimi fəaliyyətə başlayıb.
Aşıq Teymur Hüseynovun ifasında 55 ənənəvi aşıq havasını nota köçürüb, onları Sazçı Qızlar Ansamblı üçün işləyib. Gənc bəstəkar 1951- 1954-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq (B.Zeydmanın sinfi) üzrə yenidən təhsil alıb.
Üç yüzə qədər mahnı və romansın müəllifi olan bəstəkar həmçinin, bir sıra uşaq nəğmələrinin müəllifi kimi də şöhrət qazanıb, xüsusilə 100-ə yaxın dildə oxunan “Cücələrim” mahnısı bəstəkara böyük şöhrət gətirib. Onun “İlk məhəbbət”, “Ay işığında”, “Tel nazik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər mahnıları xalq tərəfindən bu gün də sevə-sevə dinlənilir.
Görkəmli bəstəkar 1961-ci ildə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Qəmbər Hüseynli 1961-ci il avqust ayının 1-də vəfat edib.
2015-ci il noyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 2018-ci ilin yanvarında Gəncədə bəstəkarın heykəli ucaldılıb.

 Yeri gəlmişkən, məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuş Çarli Çaplin də 16 apreldə anadan olub. 1889-cu ilin bu günü. Böyük sənətkar 25 dekabr 1977-ci ildə  88 yaşında Veve (İsveçrə) şəhərində vəfat edir.


Çarli Çaplinin ölkəsində nə sənətkara iftira atan ermənilər, nə də o iftiranın ucundan yapışıb onu həbsə atdıran erməni əsilli məmurlar olmadığı üçün Çarli tam 88 il yaşayıb.Və bütün dünyaya sübut edib ki, yer üzündə 10 məşhur və istedadlı sənətkarlardan biridir. Amma istedadlı olmasına baxmayaraq sovet rejimi Qənbər Hüseynlini çox yaşamasına imkan verməyib. Əgər bəstəkarımız çox yaşasaydı dünya musiqisinə onun da ərməğanları olacaqdı, dünya onu tanıyacaqdı.
Bəlkə də lap Çarli Çaplin qədər tanınacqdı...

Çünki faktlar da bunu deyirdi.... "Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin — müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. 

Çox təəssüf!

 Əntiqə Rəşid