01 May 2025 17:30
133
SİYASƏT

İSSA Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva Ər-Riyadda - FOTOLAR

"Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə bağlı İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) nəzdində yaradılmış Koordinasiya Komissiyası üzvlərinin Səudiyyə Ərəbistanının paytaxtına ilk səfəri baş tutub.

Koordinasiya Komissiyasının heyəti səfərin ilk günündə Səudiyyə Ərəbistanı MOK-un vitse-prezidenti, Təşkilat Komitəsinin (TK) sədri Fahd bin Cəlavi bin Əbdüləziz Al Səud başda olmaqla TK-in üzvləri, eləcə də İSSA rəhbərliyi ilə görüş keçirib. Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva görüşdə çıxış edərək, 57 İslam ölkəsindən olan nümayəndə heyətlərinin gəlişini yüksək səviyyədə təşkil etmək üçün hazırlanmış əsas əməliyyat planları, hazırlıq məsələləri və idman obyektlərindəki yeniliklərlə bağlı fikirlərini səsləndirib, həmkarları ilə birlikdə tövsiyələrini TK rəsmilərinə çatdırıb.

Səfərin ikinci günündə Koordinasiya Komissiyasının üzvləri "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları çərçivəsində "Al Malaz" stadionunda və idman zalında atletika, para-atletika, cüdo, ciu-citsu və karate idman növlərinin keçirilməsi üçün aparılan hazırlıq işləri ilə yaxından tanış olub, qeydlərini bildiriblər. Sonra komitə üzvləri 16 idman növünə ev sahibliyi edəcək çoxprofilli idman obyektinə baş çəkiblər. Bundan əlavə, idmançıları qəbul edəcək Atletlər Kəndində və Olimpiya Kompleksində olan Koordinasiya Komissiyası üzvləri, burada yaradılmış şəraitlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Komitə sədri Könül Nurullayeva mətbuata açıqlamasında bildirib ki, hazırlıq işləri yüksək səviyyədə aparılır: “Ümid edirəm ki, “Ər-Riyad 2025” həmrəylik və birlik rəmzinə çevrilərək, yaddaqalan Oyunlardan biri kimi tarixə düşəcək”. 

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları 7-21 noyabr tarixləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiləcək .