adalet.az header logo
  • Bakı 18°C
24 Noyabr 2021 15:23
2058
LAYİHƏ

İŞĞALDAN XİLAS OLMUŞ HADRUT

Bu gün Azərbaycanda bu qəsəbəni demək olar ki, hamı tanıyır. Xüsusilə 27 sentyabr 2020-ci il tarixli Böyük Vətən Müharibəsi başlayandan sonra işğal altındakı ərazilərimiz birmənalı şəkildə gündəmi zəbt etdiyindən böyüklü-kiçikli hər kəs bölgəni bir növü "səyahət" etdi. Kimi xəritədə, kimi xatirələrdə, kimi də dost-tanışdan eşitdiyi söz-söhbətdə. Konkret şahidi olduğum mənzərə bu idi ki, "Ədalət" qəzetinin redaksiyasında divardan asılmış məmləkətin iki fərqli xəritəsinin önündə hər səhər az qala növbə yaranırdı. Hamı döyüş əməliyyatlarını bu xəritədən izləyirdi. Bax onda çoxlarının tanımadığı və yaxud harada yerləşdiyini bilmədiyi Hadrut qəsəbəsi də gündəmə gəldi...

Mən sovet dönəmində coğrafi ərazi vahidi kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarından biri olan Hadrut rayonunda doğuldumdan bu rayonun mərkəzi olan Hadrut qəsəbəsini də çox gözəl tanıyıram. Necə deyərlər, az qala bütün ərazisini qarış-qarış gəzmişəm. Xüsusilə xan çinarın altındakı çay evi hər zaman yuxuma girirdi. Ona görə də Azərbaycan prezidenti cənab İlham Əliyev Hadrut qəsəbəsinin işğaldan azad olunduğunu bəyan edəndə elə bildim ki, orta məktəb illərim, gəncliyim geri qayıtdı. Çünki...

Gözümün önünə gətirirəm... Son dərəcə qəribə mənzərəsi var Hadrutun. Dağların qoynunda yerləşir, bir az da dağların sinəsində. Buranın təbiəti elədir ki, dağlardan üzü aşağı meşə gəlir. Lap gəlib daxil olur Hadrutun içərisinə. Aşağıdan üzü yuxarı üzüm bağları, tut bağları qollarını açır Hadruta tərəf.

Üstəlik, Hadrutun içərisindən axıb gedir Odlu çaya birləşən çay boyu qoz ağacları bir-birinə sarmaşıb. Arasından külək də keçmir. Bu, təbiətin bir möcüzəsidir.

Elə yeri gəlmişkən, bir haşiyə çıxım. Nədənsə Hadrut qəsəbəsinə düşən hər kəs mütləq qəsəbənin mərkəzi sayılan çinarın dibində mütləq çay içməli idi. 30 qəpiyə bir çaynik çay alırdın və az qala indi satışda olan qəndlərin dörddə biri ölçüdə xırda qəndləri çayçı gətirib qoyardı nəzakətlə qarşına.

Biz də hərdən şıltaqlıq edərdik, qəndi üç-üç qoyardıq ağzımıza. Çayçı hay-həşir salardı və guya əzizləyirmiş kimi deyərdi:

- Ay tork, (yəni türk - Ə.M.) bu çay içmək üçündü, yemək üçün deyil...

Təsəvvür edin ki, biz gülürdük və onun bizi türk adlandırmasına o qədər də önəm vermirdik. Sən demə, elə həmin illərdə artıq erməni dəyirmanı öz işində imiş...

Bəli, Hadrutun coğrafiyası elədir ki, bir damla suyu da tutiyə sayıla bilər. Torpağının barı-bərəkəti yığıb-yığışdırmaqla bitən deyil. Təsəvvür edin ki, burada şərab emalı zavodu, şirə zavodu, dəyirman, böyük və müasir xəstəxana, poçt rabitə mərkəzi, bank, üçmərtəbəli məktəb, eləcə də dövlət qurumlarına aid bütün inzibati binalar çox yüksək zövqlə inşa edilmişdi. Burada sovet sərhəd qoşunlarının zastavası da yerləşdiyindən qəsəbə daha çox müasirlik təsiri bağışlayırdı. Bir tərəfdən rus zabitlərinin ailələri burada yaşayır, övladları təhsil alır, digər tərəfdən rayonun aurası xüsusilə yayda çoxlu qonaq-qara cəlb edir. Və bu da qəsəbənin həmişə diqqətli olmasına, abadlıq-quruculuq işlərinin nəzarətdə saxlanmasına bir ipucu verirdi.

Bu gün işaldan azad edilmiş Hadrut qəsəbəsini mavi ekrandan izləyən hər kəs bu ərazinin hansı göz-könül oxşayan üstünlüklərə malik olduğunu artıq yəqin ki təxmin edibdi. Mən Regionların İnkişafına Dair Dövlət Proqramına uyğun olaraq iqtisadi gücünə və coğrafi üstünlüklərinə bələd olduğum Hadrut qəsəbəsi ilə bağlı düşüncələrini yazıya köçürərkən öncə iki məqamı önə çəkdim. Onlardan birincisi Hadrutun böyük turizm potensialına malik olmasıdı. Yəni bir tərəfi Ziyarət dağı, bir tərəfi İlanlı dağ, qarşı tərəfi Ərgünəş olan burada turizm inkişaf etdirilməsi üçün çox böyük imkanlar var. Sadəcə olaraq, Füzuli rayonunun Odlu çay dərəsi boyunca Hadruta doğru uzanan massivdə katejlərin tikilməsi, pansianatların salınması asan başa gələn bir işdir. Sadəcə, bu işin qulpundan yapışmaq lazımdı.

Ikincisi, zənnimcə əgər (çox istərdim ki, bu arzum yerinə yetsin - Ə.M.) Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Hadrut qəsəbəsinə səfər edərkən bu qəsəbənin ölkəmiz üçün nə qədər önəmli olduğunu birmənalı şəkildə aidiyyəti qurumlara, xüsusilə ölkə iqtisadiyyatı və turizmlə məşğul olanlara göstərmiş olar.

Çünki həmin səfər zamanı xalqımıza təqdim ediləcək geniş informasiya Hadrut qəsəbəsinin bütün tarixini və perspektivlərini ortaya qoymuş olacaq.

Burada quşçuluğun, digər heyvandarlıq təsərrüfatlarının bəslənməsi. Eləcə də Hadrut qəsəbəsinin içərisindən keçən göz yaşından duru sularda balıq yetişdirilməsi bu ərazinin iqtisadi gücünü daha da artırar. Indiki kimi xatırlayıram, Sovet dönəmində Hadrut qəsəbəsinə Bakıdan, Sumqayıtdan, Füzulidən, Xankəndindən, hətta İrəvandan avtobuslar işləyirdi. Kiçik bir qəsəbəyə hər gün gəlib-gedən bu avtobusların sərnişinlərinin əksəriyyəti yay mövsümü turistlər olurdi. Deməli, tarix kitablarında adı hələ osmanlıların Dizak mahalı kimi qeyd etdiyi Hadrut kəndi 1939-cu ildə Hadrut rayon mərkəzi kimi formalaşmışdı. Bu ərazini də 1992-ci ilin oktyabr ayının 2-də ermənilər işğal etmişdilər.

Tarixi bir xoşbəxtlik və yaxud da tarixin təkrarıdı. Hadrut rayonu oktyabr ayında işğal olunmuşdu. Amma 28 ildən artıq davam edən, tam dürüstlüyü ilə ifadə etsən, 28 il 7 gün davam edən həsrətimiz 2020-ci ilin oktyabr ayının 9-da sona çatdı. Oktyabrda işğal olunmuş Hadrut oktyabrda da öz sahibinə qovuşdu. Bu gün artıq qəsəbədə müəyyən işlər görülməkdədir. Xüsusilə yol, işıq, digər infrastrukturlar. Həmçinin bankların filialları, səhiyyə xidməti artıq burada həyatı sanki oyadır, yaddaşa daş atır və Hadrutu yenidən qurub-yaradanlara xidmət edir. Bu da onu göstərir ki, biz qarşımıza qoyduğumuz məqsədə mütləq qovuşacağıq. Və onda məndə bir inam var ki, Hadrut da Azərbaycanın ikinci bir Şuşası kimi dilimizin əzbərinə çevriləcək, onda hər kəs azad və gözəl bir şəhər kimi gəzib seyr etməyə tələsəcəkdi. O gün uzaqda deyil. Bu qəsəbənin taleyinə şəhər günəşi də doğacaqdı. Mən buna inanıram. Bu inamımı Ali Baş Komandanımız cənab İlham Əliyevin Hadruta edəcəyi səfər yəqin ki, tezləşdirəcək.

 

Əbülfət MƏDƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.