"İntiqam Mehdizadə "Ali Media Mükafatı" ilə ödülləndirilsin"-TƏKLİF

Bu günlərdə Mətbuat Şurası bir sıra tanınmış qələm ustadlarına "Ali Media Mükafatı" təqdim etdi. Mükafat alanların sevincinə şərik olub, öz səmimi təbriklərimi ünvanladım, həqiqətən də hər biri mətbuat sahəsində öz sözünü demiş ziyalılardır.
Çox istərdim ki, jurnalist İntiqam Mehdizadə də "Ali Media Mükafatı" ilə ödülləndirilsin. Çünki bu adam məktəbdir, Azərbaycan mətbuatının canlı ensiklopediyasıdır. Radioda çalışdığı müddətdə yüzlərlə jurnalistin püxtələşməsinə öz gözəl töhfələrini verirb. Tələbəlik dövrümdə və sonrakı illərdə (1992 -97) İntiqam müəllimin rəhbəri olduğu redaksiyanın xətti ilə demək olar ki, hər həftə ən azı iki dəfə efir üçün verilişlər hazırlayırdım. Ssenari müəllifi və aparıcısı da özüm idim. İ.Mehdizadənin gənclərə necə dəstək olduğunu, onların uğurlarına necə sevindiyini, onların önə getməsi üçün necə çaba göstərdiyini görəndə nə qədər böyük və saf ürəkli şəxsiyyət olduğunu bir daha dərk etdim.
İntiqam Mehdizadə Azərbaycan radiosunda mükəmməl bir yaradıcılıq məktəbi formalaşdırıb, efirə yeni nəfəs, yeni üslub gətirib. Mübaliğəsiz deyərdim ki, o, radioda özünəməxsus bir akademiya yaradıb. Şəxsən mən radiodakı fəaliyyətim dövründə ondan və Oktay Şamildən öyrəndiklərimi məzunu olduğum BDU - nun jurnalistika fakültəsində öyrənə bilməzdim. Peşəkar jurnalist, söz sərrafı olması ilə yanaşı, İntiqam Mehdizadə ətrafındakı insanlarla rəftarda da bir nümunə idi, mən onda heç zaman bəzi rəhbərlərə xas təkəbbür görmədim. Bütün əməkdaşlar ona mənəvi dəstəkçiləri, məsləhətçiləri kimi münasibət göstərirdilər. İntiqam müəllimin dövrü mətbuatda dərc olunan məqalələri, xatirələri, araşdırma yazıları da Azərbaycan mətbuat tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bu gün də qaynar yaradıcılıq təbi ilə yazıb -yaradır və çox geniş də oxucu auditoriyasına malikdir.
Əmrah Fəqanoğlu