İlk məhəbbətinizi necə xatırlayırsınız? - SORĞU
İnsanın həyatında yaşadığı ilk məhəbbət unudulmaz olur. Daha sonralar biz ilk məhəbbətimizi xoş xatirələr kimi yada salırıq. Adalet.az "İlk məhəbbətinizi necə xatırlayırsınız?” sorğusunda yazar və şairlərə müraciət etdi. Yazarlardan Azad Qaradərəli, Şərif Ağayar, Cəlil Cavanşir, Kənan Hacı, Alpay Azər, Günel Natiq, Ceyhun Musaoğlu, şairlərdən isə Qismət Rüstəmov, Əsəd Qaraqaplan, Sevinc Elsəvər, Etibar Qərib, Rəbiqə Nazimqızı sorğuda iştirak ediblər.
Cavabları təqdim edirik:

Şair Qismət Rüstəmov ilk məhəbbətini səkkizinci sinifdə olanda yaşayıb: "Həm sinif yoldaşı, həm də qonşu idik. "Eyni sinifdə oxuyurduq. Adı Leyla idi. Yox, yox, bu başlanğıc xoşuma gəlmədi. Bir də başlayaq. Leyla ilə biz həm bina qonşusu idik, həm də eyni sinifdə oxuyurduq. Yox, bu da olmadı, necə yəni "Leyla ilə biz” ? Leylanı "biz”in yanında tək qoymaq olmaz... Bir də başlamalı. Səkkizinci sinifdə oxuyanda qonşu qızı Leylaya dəli kimi vurulmuşdum, xoşbəxtlikdən eyni sinifdə oxuyurduq və mən onu hər gün görə bilirdim. Hansı saatda blokdan çıxacağını bilirdim, erkəndən oyanırdım, hazırlaşırdım, düşüb öz blokumuzda onun çıxmasını gözləyirdim. Heç vaxt gecikmirdi, həmişə eyni saatda, eyni addımlarla məktəbin yolunu tuturdu. Leyla binadan çıxan kimi bütün rənglər yerinə qayıdırdı, hər şey öz təbii və gözəl halına dönürdü. Günəş sarı, dəniz mavi, ağaclar yenidən yaşıl olurdu, quşlar oxuyurdu, pişiklər miyoldaşırdı, küçəmizin itləri tənbəl-tənbəl quyruqlarını yelləməyə başlayırdılar. Mən hər gün məktəbə onun kölgəsində gizlənib gedirdim. Onun bəyaz köynəyi, şotland üslubunda yaşıl-qəhvəyi dama-dama ətəyi, bir sevgilinin qoluna girmiş kimi yumuşaq, zərif görünən, həmişə biləyindən salladığı qara çantası mənim üçün dünyanın ən zövqlü, ən estetik əşyaları idi. Bəzən güclü külək əsirdi və o dayanıb gözlərini ovuşdururdu, sonra saçlarını açıb təzədən yığırdı, bax, onda mənim ürəyim sürətlə döyünməyə başlayırdı, əllərim titrəyirdi, dodaqlarım quruyurdu. Dinlədiyim bütün kədərli mahnıları oxuyan müğənnilərlə, baxdığım bütün döyüş fimlərinin qəhrəmanları ilə özümü eyniləşdirirdim. Saatlarla çarpayımda uzanıb, üzü tavana baxa-baxa, fikrimdə gah məşhur bir müğənni olurdum, gah da yenilməz bir qəhrəman. O vaxtlar gözlərimi tavana zilləyib, saatlarla qurduğum xəyallar mənim ilk şeirlərim idi, hərfsiz, sözsüz şeirlərim. Mən əllərimlə yox, gözlərimlə yazmağa başlamışam. Mən kağıza yox, tavana yazmışam ilk yazılarımı.”

Yazıçı Azad Qaradərəli ilk məhəbbətini belə xatırlayır: "Bu qəsəbə haqqında çox yazmışam. Bura bizim rayonun Parisi idi. Burdakı uşaqlar yeniliyə mübtəla idilər. Kitab oxumaq, filmə baxmaq. son dəblə geyinmək və sair. Təbii ki. sevgi-sevgi oyunu da vardı. Bütün uşaqlar kimi mənim də burda sevdiyim bir qız vardı. Bizdən 2-3 sinif aşağı oxuyan o qızın heç bu sevgidən xəbəri də olmadı. Lap sonralar, orta məktəb illəri haqqında yazdığım bir kitabda o qızı bir şeirimdə də xatırlamışdım.”

Şairə Rəbiqə Nazimqızı isə ilk məhəbbətini məktən illərində yaşayıb: "Üçüncü sinifdə oxuyurdum, oğlan məndən qabaqda - birinci, mən ikinci partada oxuyurdum, o, əlaçıydı, mən zərbəçi. neçə lsə beləcə onunla maraqlanmağa davam elədim. "Yuxarı sinifdə oxuyanda necə oldusa, bir gün onunla eyni partada oturası olduq, gözlərim qələm tutan barmaqlarına sataşdı, dırnaqlarının quruluşu xoşuma gəlmədi.”


Yazar Günel Natiq ilk dəfə 7 yaşında sevib. Sinif yoldaşım Mahir adlı oğlanla qaçdı-tutdu oynayırdıq, iş elə gətirdi ki, bu qaçdı-tutdu zamanı ona aşiq oldum: "Hətta ona etiraf məktubu da yazdım. Amma maraqlıdır ki, məktubu ona vermədim, deyəsən heç vermək fikrim də yox idi. Elə bil özüm üçün yazmışdım, qiymətli əşya kimi üstümdə gəzdirirdim. Amma bunun axırı heç yaxşı olmadı. Bacım məktubu tapıb məni qonşu qızın yanında ifşa etdikdən sonra məhəbbətin daşını atdım. Bir də 14-15 yaşım olanda məktəbimizin komsorquna vurulmuşdum. Amma bu sevgimi nəinki rəfiqələrimə, hətta özümə etiraf etməyə çəkinirdim. Yəqin ki, ilk məhəbbətimin acı sonluğu məndə kompleks yaratmışdı.”

Yazar Cəlil Cavanşir isə ilk məhbbətini xatırlamadığını bildirir: "Sözün düzü artıq ilk məhəbbətimi çoxdan unutmuşam. İstəsəm də yadıma sala bilmirəm. Məncə ən gözəli, ilk məhəbbəti unudub, xatirələrin əzabından xilas olmaqdır. İlk məhəbbətdə ilişib qalmaq həyatımıza, düşüncələrimizə yaxşı təsir etmir. Məncə hər gün yeni sevgi dənizlərinə yelkən açmaq lazımdır. Keçmişi unutmaq, yeni sevgilər və yeni sevgililər haqqında düşünmək lazım. Həyat, ilk məhəbbətimizi xatırlayacaq qədər uzun deyil."


Yazar Kənan Hacı ilk dəfə 1-ci sinifdə aşiq olduğunu deyir. Həm də sevdiyim qız sinifin ən gözəli idi: "O qız sinfimizin ən gözəl qızı idi. O vaxt məhəbbət nə olduğunu bilmirdim. İnstinktiv oyanış idi. Sonuncu sinfə qədər o qızı sevdim. Bu haqda "Yaşamadığım gənclik" yazısında yazmışam. Məsələ burasındadır ki, bu on ildə mən cəsarət edib ona ürəyimi aça bilmədim. Amma birinci sinifdə onu öpmüşdüm... O məhəbbətin yeri indinin özündə də köhnə qəlpə yarası kimi hərdən-hərdən gizildəyir...”

Şair Əsəd Qaraqaplan ilk məhəbbətini uşaq vaxtı kənddə yaşayanda xatırlayır: "Sağolsun, ilk məktubumu təzə tikilməkdə olan evlərinin divarının içinə qoymuşdum. Anası sonrdan o divarı suvaqlatdırmışıdı. Beləcə ilk sevgim də tarix olmuş, əbədiyyətə qovuşmuşdur.”





Bakı -°C

