adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2024 17:51
587
GÜNDƏM

Gözləyəydiniz ağdamlılar evinə dönəydi, sonra lüks mənzilləri satışa çıxaraydınız...

Deyilənə görə, Park Hill MTK işğaldan azad olunmuş Ağdam şəhərində inşa edilən “Park Qarabağ” yaşayış kompleksində lüks mənzillərin satışına başlayıb. Bununla bağlı MTK sosial şəbəkələrdə elanlar yerləşdirib.


MTK tərəfindən hazırda 3 otaqlı mənzillərin satışı həyata keçirilir. Yeniçağ.az yazır ki, 135 kvadratmetr sahəyə malik olan mənzillərə sahib olmaq istəyən müştərilər ilkin olaraq evin ümumi dəyərinin 30 faizini ödəməlidir. MTK ilə müştəri arasında əldə olunmuş razılığa uyğun olaraq, yerdə qalan məbləği 36-48 ay ərzində faizsiz ödəmək mümkündür. MTK-da bildirilib ki, mənzillərin 1 kvadratmetri tam təmirli şəkildə 1300 manatdan başlayan qiymətlərlə təklif olunur. Yaşayış kompleksi 2025-ci ilin mayına qədər hazır olacaq. MTK mənzillərin keyfiyyətinə təminat verir.
işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olan məcburi köçkünlər ailə üzvlərinin sayına uyğun olaraq, dövlət tərəfindən evlə təmin edilirlər. Özəl şirkətlər tərəfindən satışa çıxarılan mənzillərə sahib olmaq istəyənlərdən həmin rayona qeydiyyat tələb olunmur.
Düzünü deyək ki, hələ ötən ilin iyulundan bu tip xəbərlər yayılırdı.Məsələn, daşınmaz əmlak satışı həyata keçirən Marja .az ötən ilin yayında səhifəsində belə bir elan yerləşdirmişdi:” Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan "PMD Group" MMC də işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında fəal iştirak edir. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biri PMD tərəfindən icra olunan "Ağdam Rezidens"dir.
Ağdam Rezidens müasir və rahat mənzillər, yaşıl ərazi və dayanıqlı dizaynı ilə bənzərsizdir. İnşası davam edən layihə Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə və əsas yolların üzərində yerləşir. Yaşayış kompleksi 45 ədəd 1 otaq studio tipli, 108 ədəd 2 otaqlı, 48 ədəd 3 otaqlı və 8 ədəd 4 otaqlı olmaqla, ümumilikdə 209 mənzildən ibarətdir. Artıq mənzillərin satışı başlayıb. Tam təmirli mənzillərin 1 kvadrat metrinin qiyməti 1450 manatdan başlayır”.


P.S. Çox gözəl bir nüasdır ki, Ağdamda evlər tikilir, inzibati binalar inşa edilir, böyük tikinti bumu fəaliyyət göstərir.
Amma nə olardı bu mənzil satışını, bazar münasibətlərini hələlik saxlayaydınız, əvvəlcə 31 ildir Bakının və digər rayonların yataqxanalarında, inzibati binalarında, köhnə və tərk edilmiş sanatoriya - düşərgələrində hələ də əziyyət çəkən, lap elə ən müasir evlərdə sakin olan ağdamlılar da hamılıqla öz yurduna dönəydi sonra alveri başladaydınız. Heç olmasa, heç olmasa,   10 nəfər ağdamlı Ağdamda məskunlaşaydı, yurdunda oturub bir "oxəəək" deyəydi də...

 Əntiqə  Rəşid